Sosial mediadan uzaq: 12 yaşlı Şamil o zirvəyə üçüncü dəfə qalxdı

Türkiyədə 12 yaşlı Şamil Başkaya həmyaşıdlarından fərqli olaraq vaxtını sosial mediada deyil, dağlarda keçirir. O, 3 932 metr yüksəklikdə yerləşən Kaçkar dağının zirvəsinə üçüncü dəfə qalxıb.

Sherg.az xəbər verir ki, Trabzon Texniki Universitetinin Vəhşi Təbiət Ekologiyası və İdarəçiliyi Bölməsinin rəhbəri, professor Şağdan Başkayanın oğlu Şamil təbiətə və vəhşi həyata marağını atasından götürüb.

Şamil ilk dəfə 8 yaşında Kaçkar dağına qalxıb. Daha sonra 9 və 12 yaşlarında da zirvəyə yüksələrək ümumilikdə üç dəfə Kaçkarın zirvəsində olub.

O, dağlarda düşərgə qurmağı, müxtəlif avadanlıqlardan istifadə etməyi və vəhşi heyvanları müşahidə etməyi öyrənib. Şamil fototələ və termal kameralar vasitəsilə heyvanları izləyir. O, atmaca, qartal, kəklik, dağ sərçəsi ilə yanaşı ayı, canavar və çəngəlbuynuz dağ keçisi də görüb.

Şamil bildirib ki, dağçılıq onun üçün həm hobbi, həm də özünü inkişaf etdirmək vasitəsinə çevrilib:

“Dağda tək qalmağı, mübarizə aparmağı və əzmkar olmağı öyrəndim. Dostlarım evdə telefon və kompüterlə oynayarkən mən dağa çıxmaq istədim. Sosial media ilə maraqlanmaq əvəzinə dağa qalxdım. Daha yaxşı fəaliyyət və hobbi əldə etmiş oldum”.

12 yaşlı Şamilin növbəti hədəfi Türkiyənin ən yüksək zirvəsi olan Ağrı dağına qalxmaqdır.

Atası: Üç dəfə birlikdə Kaçkarın zirvəsinə qalxmışıq

Professor Şağdan Başkaya oğlunun vəhşi həyata böyük maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, Şamil 8 yaşından etibarən yabanı təbiət düşərgələrinə və tədqiqatlara qatılır.

“Atası ilə birlikdə heyvanları və vəhşi həyatı müşahidə edir. Termal kameradan fototələyə qədər texniki avadanlıqlardan istifadə etməyi öyrənib. Soyuq, fırtınalı və ya isti havalarda bizimlə birlikdə heyvanları müşahidə edə bilir”, - deyə professor qeyd edib.

“Uşaqları təbiətlə iç-içə böyütmək lazımdır”

Şağdan Başkaya uşaqların təbiətdə daha çox vaxt keçirməsinin vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, müasir dövrdə uşaqların sosial mediadan uzaqlaşdırılaraq təbiətlə tanış edilməsinə şərait yaradılmalıdır.

“Uşaqları heç olmasa təbiətlə iç-içə böyütmək lazımdır. Uşaqlar illər əvvəl təbiətlə daha sıx təmasda idilər, bu gün isə sosial medianın təsiri altındadırlar. Təbiətdən uzaqlaşıb bizimlə gəlməsi onun üçün böyük fürsət oldu”, -deyə professor bildirib.