“...Məclisin ab - havası dəyişir, rəsmiyyətciliyə elə zərbə vurur ki, bir də baxırsan köynəyin yaxalığından xirtdəyə tərəf bər -bərk sıxılan qalstuklar öz -özünə boşalır”
Bu gün -1 aprel millət vəkili, tanınmış yazıçı-jurnalist Aqil Abbasın doğum günüdür. Bəli, millətinə deputatlıq yox, məhz vəkillik edən əməkdar jurnalist bu gün 67 yaşını qeyd edir. Bu SEVİLƏN KİŞİnin xalq arasında hansı nüfuz və rəğbətə malik olmasını bilmək üçün feysbukun lentini bircə dəfə aşağı-yuxarı fırlatmaq bəs edir. Əlbəttə, bu xalqın dilində danışan, xalqın dərdindən danışan, xalqın ağrısına ortaq olan adam haqqında yazılan təbriklər adıçəkilən sosial şəbəkənin səhifələrini bəzəyib. Biz də həmin təbriklərin içərisindən seçib ən səmimi və orijinal olanını sizə təqdim edirik. Sirr deyil ki, Aqil Abbas da sadə və maraqlı adamdı. (Şəxsiyyət yazıb rəsmiləşdirmək istəmirik) Haradan bilirik? "Şərq"lə "Ədalət" illərdir, yurd qonşusudur axı... Həm də "Görünən dağa nə bələdçi?!"
Hə, söhbət “Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlının yubilyar haqqında yazdığı təbrikdən gedir.
A.Aşırlı yazır:
“Baxıram , sosial şəbəkələrdə hamı Aqil Abbasla nə vaxtsa cəkdirdiyi şəkili paylaşır. Ürəyinin içindən gələn sözləri də ürəyində Qarabağ dərdi olan Aqil Abbasa ünvanlayır. Bu gün doğum günüdür. Bu qədər təbrik selinin içində fikirləşirəm ki , Aqil müəllimlə bağlı indiyədək nəsə yazmışammı? Xatırlamadım. Yadıma ancaq o düşdü ki , azı 30 ildir, tanıdığım ,illərdir alnımızın açılmayan qırışını bir lətifəsi , yerində söylədiyi bir atmacasıyla açan bu insan haqqında ancaq məclislərdə tost demişəm. O tostları bir yerə yığsaq, bəlkə də, Aqil Abbas haqda düşüncələrimin cəmindən yaxşı bir sənədli əsər alınar. İstər siyasi tədbirlər olsun , istərsə də son illərin sürətlə artan kitab təqdimatları ,toy yas məclisləri - hara ayaq basırsa, öncə cəm olanlara baxıb istiqaməti aqilcəsinə müəyyənləşdirir. Bəzəksiz -düzəksiz ,nataraz ,ütüsüz beş- on cümlə ilə hərəkətsizlikdən tərpəniş yaradır. Məclisin ab - havası dəyişir , rəsmiyyətciliyə elə zərbə vurur ki , bir də baxırsan köynəyin yaxalığından xirtdəyə tərəf bərk -bərk sıxılan qalstuklar öz -özünə boşalır. Hava mülayimləşir ,insanlar bir -birini özünə sevinc , bəzən qəm ortağı edir. Aqil Abbasın xalq diplomatiyasına söykənən bu incə siyasətini necə illərdir görmüşəm və görürəm. Onu illərdir, dəyişməyən ,standartlara meydan oxuyan xarakteri məhz Aqil Abbas edib. Dəyişsə necə olacağını bilmirəm. Bildiyim odur ki , onda biz üz cizgilərindən , şəxsi fakturasından Aqil Abbasa bənzətdiyimiz insan bizim Aqil Abbas olmayacaq. .Bu ad günündə deyirəm ,necə varsan eləcə də qal ,Aqil müəllim. Ad günün mübarək !”