Vaxt gedir! - Qarabağ müharibəsi ilə bağlı filmin istehsalı bu qədər gecikməməlidir

"Filmlərin dünyaya təqdimatı barədə düşünülmür, beynəlxalq arenaya çıxacağı nəzərə alınmır. Bizə məhz dünya kinematoqrafiyasına səs salacaq filmlər lazımdır"

   Bu il Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq. Bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, hazırda senari üzərində iş gedir. İstənilən tammetrajlı bədii film layihəsini hazırlamaq müəyyən vaxt tələb edir. “Əgər bu, real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gedir. Hazırda senari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yəni işin daha mükəmməl olması bir az vaxt tələb edir. Qeyd edək ki, bu il ərzində sözügedən filmin senarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub”, - deyə əlavə edilib.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa Azərbaycan kino sənayesinin bərbad vəziyyətdə olduğunu, ölkəmizin bu sahədə geri qaldığını demişdi. Hətta Ermənistan məğlub tərəf olmasına baxmayaraq Qarabağ müharibəsində “məruz qaldıqları” ağrı-acılar barədə bədii film çəkib dünyaya nümayiş etdirir artıq. Biz isə geri qalırıq. 
Xatırladaq ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan etmişdi. Məlumatda bildirilirdi ki, bu müsabiqənin mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur. Müsabiqə tammetrajlı bədii film kateqoriyasında keçirilir. Layihə üzrə çəkiləcək filmlərin xronometrajı 52 dəqiqədən az olmayaraq nəzərdə tutulmalıdır. Müsabiqə sərbəst mövzuda keçirilir. Müsabiqədə layihənin istənilən mərhələsində - senarinin inkişaf etdirilməsi, filmin çəkilişinə hazırlıq və çəkiliş prosesi, həmçinin post-prodakşn və distribusiya mərhələlərinə dəstək nəzərdə tutulur. Qalib film layihələrinin maliyyələşdirilməsi üçün hər filmə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir. Müsabiqə 2021-ci ilin yanvar ayında başa çatırdı, bundan sonra isə dəyərləndirmə prosesi başlayacaq. Bəlkə də nazirlik “Qarabağla bağlı döyüş filminin senarisi üzərində iş gedir”, dedikdə məhz bunu nəzərdə tutur. 

Yazıçı, kinosenarist Nəriman Əbdülrəhmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, Qarabağ mühribəsi ilə bağlı filmin istehsalı bu qədər uzun çəkməməlidir: 

- Hər sahədə olduğu kimi, yenə gecikirik. Azərbaycan-Ermənistan münaqişəsi 35 ilə yaxındır davam edir. Bu illər ərzində sənədli filmlər çəkilib, birbaşa müharibəni əks etdirən “Fəryad” filmi də çəkildi. Amma bu filmlər yalnız daxili auditoriya üçündür. Sanki bu filmlərdə yalnız daxili tələbat nəzərə alınır. Filmlərin dünyaya təqdimatı barədə düşünülmür, beynəlxalq arenaya çıxacağı nəzərə alınmır. Bizə məhz dünya kinematoqrafiyasına səs salacaq filmlər lazımdır. Harda ki, sətiraltı, ya da açıq şəkildə Ermənistanın təcavüzkarlığı, Azərbaycana qarşı işğlalçılıq, separatçılıq siyasəti, xalqımıza qarşı soyqırım həyata keçirmələri əksini tapmalıdır. Ermənistan haqsız olduğu halda filmlər çəkir, xarici ölkələrə də əlləri də çatır, öz iddialarını bədii şəkildə çatdırmağa çalışırlar.  Amma biz hətta “Fəryad” filminin də Azərbaycandan kənara çıxmasına çalışmamışıq. Kino çəkmək asan deyil. Xüsusilə əgər söhbət Qarabağ müharibəsindəki qələbəmizdən gedirsə. Lakin  proses bu qədər uzun çəkməməlidir.  Vaxt gedir. Biz geri qalırıq. Biz hələ də irəli sürülən iddialara cavab verməklə məşğuluq. Amma iddialara cavab verməyə vaxt sərf etmək zamanı deyil. Biz özümüz iddialar ortaya qoymalıyıq. Azərbaycanın bunun üçün potensialı var. Həm maddi baxımdan, həm də peşəkarlıq baxımından. Azərbaycanda peşəkar, işinin ustası rejissorlar da var, senaristlər də, aktyorlar da. Mədəniyyət Nazirliyinin nəzdində komissiya var. Yəqin ki, senarilərlə tanış olacaqlar. Senarilər müzakirələrdən keçəcək. Kimlərəsə tapşıracaqlar bu işi. Bunların hamısına da vaxt gedir. Hesab edirəm ki, Qarabağ müharibəsiylə bağlı respublika miqyasında müsabiqə elan edilməliydi və sərbəst prodakşnlar da müsabiqədə iştirak etməliydi. Hansı senari bəyənilsə, o prodakşına da çəkiliş hüququ verilməliydi.     

N.Əbdülrəhmanlı Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqə üzrə maliyyə dəstəyinin miqdarına da toxundu: 

- Tammetrajlı bədii film üçün 100 min manat çox kiçik məbləğdir. Ölkələr bir film üçün milyonlarla vəsait xərcləyir. Söhbət yüksək səviyyəli sənət əsərinin meydana çıxmasından gedirsə, 100 min çox azdır.