Gürcüstanda yaşayan soydaşlarımıza 3 minə yaxın kitab hədiyyə olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin azərbaycanlı icmasının ana dilində bədii və digər kitablarla təmin olunması üçün bütün mümkün imkanlardan istifadə edir. Səfirlik yerli icmalar tərəfindən irəli sürülən bu cür təklifləri rəğbətlə qarşılayır və onları nəzərə alır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində yerli icma üzvləri və gənclərlə görüşdə söyləyib.


 
Bildirilib ki, Ana dilində kitab çatışmazlığı məsələsi Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun ötən ilin iyulunda Gürcüstana səfəri zamanı azərbaycanlı icma üzvləri tərəfindən qaldırılıb.

Mədəniyyət Nazirliyi tərəfindən soydaşlarımız üçün Azərbaycan və dünya ədəbiyyatına aid 3 minə yaxın vəsait göndərilib. Bu kitablar gürcüstandakı azərbaycanlı gənclər təşkilatları və icma mərkəzləri üçün nəzərdə tutulub.

Qeyd olunub ki, bu artıq ikinci dəfədir ki, Azərbaycan səfirliyi Gürcüstandakı azərbaycanlı icmanı kitablarla təmin edir. Belə ki, ötən ilin oktyabrında səfirlik Marneuli və Qardabanidə fəaliyyət göstərən icma mərkəzlərinə 1 430 ədəd kitab hədiyyə edib.

F.Quliyev icma təşkilatları arasında kitab mübadiləsinin vacibliyini qeyd edib.

Sonra kitablar icma nümayəndələrinə təqdim olunub.

Soydaşlarımız icma üçün nəzərdə tutulan bu əvəzsiz hədiyyəyə görə, Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ediblər.