Əsəd Cahangir: "O getsə, yoxluğu mütləq hiss olunacaq"
"Qurultayın layiqli namizədi seçəcəyinə əminəm"
"30-40 yaş arasındakı hər hansı bir şəxsə Yazıçılar Birliyinin sədrliyini həvalə etmək absurd olar. Böyük bir ədəbi birliyi idarə etmək üçün bu yaşlarda olan gənc çox təcrübəsiz hesab olunur"
Azərbaycan Yazıçılar Birliyinin qurultayının yaxın zamanlarda keçiriləcəyi xəbərindən sonra bu məsələ yazıçı və şairlər tərəfindən ciddi şəkildə müzakirə edilir. Bir sıra şair və yazıçılar hesab edirlər ki, Anar 30 ildir quruma rəhbərlik edir və onun artıq bu postu tərk etməsi zamanın tələbidir. Bu məsələyə xüsusən də gənc yazarlar daha həssas yanaşırlar. Onlar hesab edir ki, növbəti qurultayda alternativ namizədlər olacaq. Ümumiyyətlə, AYB sədrliyi uğrunda mübarizə aparacaq yazarlar arasında gənclərin də olub-olmayacağı sual doğurur.
Bu müzakirələr fonunda “Qurultaya hazırlıq prosesi necə gedir?", “Konkret tarix bəlli olubmu kimi suallara cavab almaq üçün ədəbi tənqidçi Əsəd Cahangirlə əlaqə saxladıq. O isə bu barədə konkret nəsə bilmədiyini və qurultaya hazırlıq prosesi, qurultayın tarixi ilə bağlı suallara Anar müəllimin cavab verməsinin daha doğru olduğunu dedi:
- Bu suala cavab vermək mənim səlahiyyətlərim xaricindədir.
- Bəs, qurultaydan şəxsi gözləntiləriniz nədir? AYB-də sədr dəyişikliyi olacaqmı?
- Qurultaydan gözləntilərim çoxdur, amma sədr dəyişikliyi gözləmirəm. Arzu edirəm ki, Anar müəllim yenə də sədrimiz olaraq qalsın. Namizədliyini versə, yenə də səsimi ona verəcəm.
- Gənc yazarlar Sizin kimi düşünmür axı?! Əksəriyyət Anar müəllimin AYB sədrliyindən getməsini istəyir...
- Anar müəllimin AYB sədrliyindən getməsi bu qurum üçün yaxşı heç nə vəd etmir. Hətta Birlikdə çox ciddi problemlər yarana bilər. Yazıçılar Birliyinin Anara çox ehtiyacı var. Onun Azərbaycan ədəbiyyatı üçün yarımçıq qalan planları, şair və yazıçıların sosial rifahının yaxşılaşdırılması üçün başa çatdırmaq istədiyi işləri var. Yazarlar üçün ev alıb vermək niyyətindədir. Məsələ artıq həll olunub da deyə bilərik. Şabrandakı Yaradıcılıq və İstirahət Mərkəzi təhvil verilməlidir. Bütün bu işlər başa çatandan sonra Anar müəllim sədrlikdən getmək istəsə, qurultay yeni sədr seçəcək. Amma indiki halda bir sıra problemlərin həlli üçün Anarın AYB sədrliyində qalmasını labüd hesab edirəm. Əlbəttə, bu mənim subyektiv fikrimdir. Təbii ki, son sözü Anar müəllim deyəcək. Ancaq onu bilirəm ki, Anar Rzayev növbəti qurultayda öz namizədliyini irəli sürsə, yenə də çoxluq ona səs verəcək. Getmək istəsə də, digər namizədləri dəyərləndirəcəyik. Hələ bilmirəm namizədlər kim olacaq və kimə səs verəcəm. Hər halda layiqli birinə səs verməyi özümə borc bilirəm.
- Anar namizədliyini verməsə, Siz öz namizədliyinizi irəli sürəcəksiniz?
- Mənim nə belə bir planım, nə də arzum var. AYB sədri olmaq çox ağır və məsuliyyətli bir vəzifədir. Xüsusilə, Anar müəllim kimi görkəmli bir şəxsiyyətin uzun illər rəhbərlik etdiyi quruma namizəd olmaq, onun gedişindən sonra yaranacaq boşluğu doldurmaq elə də asan olmayacaq. Bu vəzifəyə namizəd olacaq şəxslər bunu bilməli və ona uyğun addım atmalıdır. Anar müəllim getsə, yoxluğu mütləq hiss olunacaq. Yeni sədr kim olur-olsun, bu dəyişiklik onun xeyrinə olmayacaq. Aradakı fərq diqqət çəkəcək. Sualınıza gəlincə isə Anar Rzayev könüllü getmək istəsə, şübhəsiz ki, qurultay namizəd olacaq şəxslər arasından ən layiqlisini seçmək məcburiyyətində qalacaq və biz də həmin şəxsin sədrliyini dəstəkləyəcəyik. Mənim özümə gəldikdə isə əsla namizəd olmaq niyyətində deyiləm. Hətta birbaşa AYB sədrliyini təklif etsələr belə, imtina edərəm. Ötən bu illər ərzində sədrlik vəzifəsinin nə qədər çətin olduğunu, Anar müəllimin nə necə əziyyət çəkdiyini, hansı problemlərlə üzləşdiyini çox yaxşı bilirəm. 20 ildən çoxdur proseslərin içərisindəyəm və hər şeyi gözlərimlə görmüşəm.
- AYB üzvlüyündə kifayət qədər istedadlı adamlar təmsil olunur. Sizcə, bu ağır işin öhdəsindən kim gələ bilər, Anardan başqa ...
- Bu suala cavab vermək və ad çəkmək çətindir. Kiminsə adını çəksəm, AYB sədri olmaq istəyən digər namizədlər məndən inciyərlər. 20 ildən artıqdır onlarla bir yerdə işləyirəm, aramızda xətir-hörmət var. Heç kimi özümdən narazı salmaq istəmirəm. Qurultayın layiqli namizədi seçəcəyinə əminəm. Həm də əvvəldə də qeyd etdim ki, hələ ki kimlərin namizəd olacağı məlum deyil. Bəlkə də AYB sədrliyinə namizədliyini bizim təxmin etdiyimiz şəxslərin heç biri verməyəcək. Tamamilə kənar bir şəxs AYB sədri olacaq?!
- Gənc yazarlar arasında AYB sədrliyinə layiq bildiyiniz kimsə varmı?
- Ədəbiyyatdakı gənclik anlayışı ilə həyatdakı gənclik anlayışı çox fərqlidir. Ədəbiyyat üçün 40-50 yaşlı bir yazar yeni nəsil nümayəndəsi sayılır. Həyatımızda isə bu yaşlarda biri bizim üçün ahıl şəxs hesab olunur. Siz gənc yazar deyəndə hansı yaş kateqoriyasını nəzərdə tutursunuz?
- 35-40 yaşlarında olan yazarları...
- 30-40 yaş arasındakı hər hansı bir şəxsə Yazıçılar Birliyinin sədrliyini həvalə etmək absurd olar. Böyük bir ədəbi birliyi idarə etmək üçün bu yaşlarda olan gənc çox təcrübəsiz hesab olunur. 2400 nəfərlik və əksəriyyətinin özünü ziyalı, istedadlı hesab etdiyi adamlara rəhbərlik etmək, onların hamısını razı salmaq, ortaq məxrəcə gətirmək çox mürəkkəb, bəlkə də mümkünsüz məsələdir. Bu yaşlarda birinin nəinki ədəbiyyat, həyat təcrübəsi belə yetəri qədər deyil. AYB sədrliyinə namizəd olacaq şəxsin ən azı 45-50 yaşı olmalıdır. Yaşı 65-i keçən yazıçılar da sədrliyə namizəd olmasa daha yaxşıdır. Əgər Anar müəllim namizədliyini verməsə, qurulyatın 45-65 yaşlı namizədlər arasında seçim etməsini daha doğru hesab edirəm. Bəlkə də sizə qəribə gəlir ki, 60 yaşında biri necə gənc yazar olur!? Amma burada təəccüblü heç nə yoxdur. Bu yaş kateqoriyasına daxil olan şəxslər ədəbiyyatda yeni nəsil hesab olunur.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təşkilatın qurultayına hazırlıq məsələlərindən danışıb. AYB sədri APA-ya bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb. “Hazırlıqlar yekunlaşıb. Gələn həftə Şabranda yerləşən Yaradıcılıq Evinə gedib oradakı vəziyyətlə tanış olacağam. Əgər uyğun şərait varsa, qurultay orada keçiriləcək”, - Anar vurğulayıb.
Xalq yazıçısı qurultayın tarixinə də toxunub. “Qurultayı isə sentyabrın ikinci yarısında keçirməyi nəzərdə tutmuşuq”, – Anar qeyd edib.