Natiq Miri: "Ermənistan heç vaxt prosesin danışıqlar yolu ilə həllində maraqlı olmayıb"
Prezident İlham Əliyev növbəti dəfə Ermənistan hərbi-siyasi rəhbərliyinə və onların himayədarlarına ciddi mesajlar ünvanlayıb. Ölkə rəhbəri Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, “Qisas” əməliyyatı qısamüddətli, amma çox təsirli cəza tədbiri idi: “Bu əməliyyat Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim”.
Müharibədə Zəfər çaldığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi xatırladan dövlət başçısı bildirib: “Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha sərt olacaq, daha da peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq”.
Azərbaycan Prezidenti vurğulayıb ki, bizim istəyimiz erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələridir. Bu, Ermənistanın öhdəliyidir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.
Prezidentin Qarabağdakı ermənilər haqqında söylədikləri də ciddi mesajdır: “Onlar ölkəmizdə digər etnik qruplar kimi yaşayacaqlar, ermənilərə heç bir əlavə imtiyaz, hüquq verilməyəcək. Son vaxtlar bəzi dövlətlər ermənilərə hansısa statusun verilməsi məsələsini gündəmə gətirirlər. Onlar başa düşməlidirlər ki, bunlar sadəcə illüziyadır”.
Siyasi ekspertlər isə hesab edir ki, hazırda regional proseslərdə əsas oyunçu Azərbaycan olduğundan proseslərdə maraqlı olan aktorlar Azərbaycan prezidentinin səsləndirdiyi bəyanatlardan dərs götürməlidirlər.
Politoloq Natiq Miri isə “Şərq”ə açıqlamasında deyib ki, mövcud şərtlər altında düşmən ölkəyə mesajlar sərt bəyanatla yox, “dəmir yumruq”la göndərilməlidir: "Ermənistan müstəqil siyasət aparsaydı, onlarla nəsə danışmaq olardı. Amma indi onlarla danışmaq qeyri-mümkündür. Çünki ermənilər öz məkrli xislətlərindən əl çəkən deyillər. Onların bütün siyasətləri müəyyən manevrlər edərək, danışıqların formatını dəyişməyə hesablanıb. Buna dəfələrlə cəhd də ediblər, amma bir xeyri olmayıb.
Sözün açığı, gedən proseslər göstərir ki, separatçılar torpaqlarımızı öz xoşları ilə tərk etmək niyyətində deyillər. İndiyə qədər bu istiqamətdə kifayət qədər mesaj və sərt açıqlamalar verilib. Bu kontekstdə müəyyən diplomatik görüşlər də keçirilib. Həm dövlət başçıları, həm də xarici işlər nazirləri tərəfindən məsələ dəfələrlə masaya yatırılıb. Aradan 2 ilə yaxın vaxt keçməsinə rəğmən tərəflərin mövqelərində heç bir yaxınlaşma yoxdur. Yenə də Ermənistan hökuməti və separatçı rejim rəhbərliyi müstəqillikdən dəm vurur.
Deməli, Azərbaycan tərəfi artıq mesajlarla deyil, hərb yolu ilə öz səsini eşitdirməlidir. Yəni ki, Azərbaycan Ordusu “Qisas”əməliyyatını davamlı etməlidir. Yalnız davamlı əməliyyatlar fonunda istədiyimiz nəticəni əldə edə bilərik. Ona görə də bu məsələni həll edib axıra çatdırmağın vaxtıdır deyə düşünürəm. Əks halda ermənilər davamlı olaraq təxribatlara əl atacaqlar. İki ayda bir keçirilən lokal əməliyyatlar, hansısa yüksəklikləri götürməklə separatçı rejimi torpaqlarımızdan birdəfəlik çıxarda, şərtlərimizi qəbul etdirə bilməyəcəyik. Ötən bu müddət ərzində yaşadıqlarımız göstərdi ki, Ermənistan rəhbərliyi sərt mesajlardan nəticə çıxarmır. Çünki həm regionda, həm də qlobal səviyyədə arxalandıqları qüvvələr var. Onların havadarları Ermənistana və Qarabağdakı separatçı rejimə “tırka” verməklə prosesi davamlı olaraq uzadırlar. Prosesin uzanması isə mövcud vəziyyətdə Azərbaycana sərf etmir. Halbuki, bizim üçün zaman qızıldan daha dəyərlidir”.
Politoloqun sözlərinə görə, iki ilə rəğmən Qarabağın Azərbaycana inteqrasiya etməməsi bundan sonrakı illərdə də Rusiya sülhməramlılarının ərazilərimizdə varlığına zəmin hazırlayır. Azərbaycan bunun qarşısını almaq üçün prosesi tezləşdirməli və “Qisas” əməliyyatlarını davamlı keçirməlidir:
“Bir güllə atıb, bir ay gözləməklə ermənilərin gözünü qorxutmaq mümkün deyil. Ermənistanın hansısa mesajlardan nəticə çıxarmasını gözləmək isə ən azı sadəlövhlük olar. Ermənistan heç vaxt prosesin danışıqlar yolu ilə həllində maraqlı olmayıb və olmayacaq da. Axı qarşımızdakı düşmən normal, sivil qaydalarla idarə olunan bir dövlət deyil!? Onların nə dövlətçilik anlayışından, nə də beynəlxalq hüquq normalarından anlayışı var. Ermənistan dövləti və erməni milləti regional, o cümlədən beynəlxalq güclərin əlində hər zaman geosiyasi alət rolunu oynayıb və proses bu gün də davam edir.
Onların öz himayədarlarına olan inamı və “Böyük Ermənistan”a olan ümidləri imkan vermir ki, Azərbaycanın şərtlərini qəbul etsinlər. Hansı ki bizim təklif etdiyimiz şərtlər həm də erməni cəmiyyətinin xeyrinə olacaq bir mühit vəd edir”.