“Özü də neomarksist olan məşhur filosof Slovaj Zizek deyir ki, kommunist rejimlərdə sənət adamları rejim rəhbərlərinin hərəmləri rolunu oynayırlar. Bu vəziyyət aşağı-yuxarı bütün kommunist ideologiyasına söykənən ölkələrin reallığıdır. İndi bizdə də o kommunizm dənizi quruyub, dibinin bütün eybəcərlikləri üzə çıxıb”.
Bunu “Sherg.az”açıqlamasında tanınmış şair Aqşin Yenisey xalq yazıçısı Çingiz Abdullayevin AYB-nin qurultayı zamanı jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib:
Şair qeyd edib ki, onlara sözün qurbanı deyil, cəlladı olmaq irsi ötürülüb:
Xalq yazıçılarının biri mətbuatı "zəhər" adlandırır, o biri nifrətlə "niyə ölmürsüz" deyib aşağılayır. Bu, əslində stalindənqalma təfəkkürün bütün mətbuata ünvanladığı sualdır.
Onlar doğrudan da Azərbaycanı öz qarşılarında lal, müti görmək istəyirlər. Çünki sözün qurbanı deyil, cəlladı olmaq irsi ötürülüb onlara.
Guya, Dronqo üzr istəsə nə dəyişəcək? Bu gün Azərbaycan təfəkkür, dünyagörüşü davası gedir. Pul adı gələndə təşvişə düşmək nökər instinktidir.
Bu adamları yuxarı başa keçirən hökumətin gerbi oraq-çəkic idi. İndi guya aristokratdırlar, amma bütün davranışları Nitsşenin ressentiment dediyi qisasçılıq hissi üzərində qurulub. Bu hiss dövr dəyişdikcə müxtəlif formalarda təzahür edir.
Onlar kimi düşunməyən iki gənci öz birliklərindən qovmaqla hədələyirlər. 1937-ci il olsaydı, o sual verən jurnalisti şərləyib tutduracaq, o etirazçı iki gənci də güllələtdirəcəkdilər. Şükür ki, zaman onların xeyrinə işləmir. O jurnalist getsin qurban kəssin ki, 37-ci ildə doğulmayıb”.