"Çay içmək və çay mərasimi bütün Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da ayrıca bir mədəniyyət hadisəsinə çevrilib".
Bunu "Sherg.az"a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, çay mədəniyyəti sosiallaşmaq, insanların bir-birinə mənəvi dayaq durması, problemlərin həll olunması, müzakirələrin rəmzidir. Çayla bağlı Azərbaycan ədəbiyyatlarında əsərlərə də rast gəlirik. Sözügedən mədəniyyət əlbəttə ki, daha çox çay içilən yerlərdən başlayıb.
Bildiyimiz kimi, bu içki cənub zonasında daha məşhurdur. Təkcə armudu stəkan, nəlbəki yox, yüzdən çox mürəbbə növünün hazırlanması, süfrədə düzülən və Novruz bayramı ərəfəsində bişirilən milli şirniyyat növləri çayla bərabər yeyilir. Çayın limon, süd, çərəzlərlə içilməsi, ən əsası isə elçilik, toy mərasimlərdə çay içmək xüsusi bir əlamətdar hadisə kimi qeyd edilir.
Əlbəttə, adıçəkilən mədəniyyətin UNESCO-nun Dünya İrsinə daxil edilməsi çoxdan gözlənilirdi. Düşünürük ki, yalnız çay yox, ölkəmizin milli mətbəxinin məşhur yeməkləri də bu irsdə olmalıdır. Çay mədəniyyətinin isə beynəlxalq təşkilatda yer alması Azərbaycanın yeni uğurudur".
Qeyd edək ki, çay mədəniyyəti Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Dünya İrs siyahısına daxil edilib. Bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul olunub.