Gənc heykəltaraşlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yetirmələri Namiq Hüseynov və Kənan Əliyev “danışan” əllər ilə mesajlar ötürür. Onların layihəsinin yaranma səbəbi 44 günlük Vətən müharibəsində birliyimizin və gücümüzün simvoluna çevrilən “Dəmir yumruq” oldu. Bütün Azərbaycan xalqı bir yumruq ətrafında birləşdi. Kənan Əliyev və Namiq Hüseynov da müasir tariximizin bu şanlı səhifəsini sənətin dilində fərqli formada təqdim etməyə çalışdılar.
“Danışan” əllər” arasında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən Anar, Elçin, Çingiz Abdullayev, Nəriman Həsənzadə, Ramiz Rövşən, musiqi xadimləri Tofiq Bakıxanov, Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli, Azər Zeynalov, Alim Qasımov, Mübariz Tağıyev, Niyaməddin Musayev, Arif Babayev, Səkinə İsmayılova, Ramiz Quliyev, kino xadimləri Oqtay Mirqasımov, Vaqif Mustafayev və başqalarının da əl izləri var.
“Sherg.az”a danışan gənc heykəltaraş Namiq Hüseynov artıq dünyada məşhur olan insanların əllərindən kolleksiya hazırlamaq istədiklərini bildirib:
“Bu yaxınlarda məşhur şahmatçılar çempionat üçün ölkəmizə gələcəklər. Onları nəzərdə tutmuşuq.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “danışan” əllər layihəsini, təşəbbüsümüzü çox bəyənib, yüksək qiymətləndirib. Amerikanın Texas ştatında fəaliyyət göstərən belə bir muzeydə yüzə yaxın məşhur insanların əlləri var. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi hər zaman bizə dəstək olub, ümid edirik ki, bu muzeyin paytaxtda yaradılmasına da köməklik göstəriləcək. Bakıya daha çox turist gəlir, burada muzey yaradılsa, çox yaxşı olar.
Prezidentin əllərini, eləcə də, "dəmir yumruq" işarəsini də əbədiləşdirmək istəyərdik.
Düzü, "Baku Book Center"də şairlərin, yazıçıların əllərini əbədiləşdirmək üçün tədbir keçirmək də olar. Hazırda akademik Xoşbəxt Yusifzadənin köməkçisi vasitəsilə əlaqə yaratmağa çalışırıq. Hələ görüşə bilməmişik.
Təxminən 2 ilə yaxındır ki, danışıqlar aparırıq. "Baxarıq" deyirlər, biz də gözləyirik”.