"Azərbaycanın Xalq artist Nurəddin Mehtixanlı çağdaş Azərbaycan səhnəsinin baş qəhrəmanıdır. Hansı rolu canlandırmasından asılı olmayaraq!... O, kiçik rollarda da öz sənətkarlığı ilə böyükdür. Adı Azərbaycan səhnəsinin korifeyləri ilə -Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Adil İskəndərov, Həsənağa Turabovla yanaşı çəkilməlidir".
Sherg.az xəbər verir ki, bu sözləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib. Millət vəkili qeyd edib ki, Nurəddin Mehtixanlı onun üçün yaxın dost, məsləkdaş olmaqdan əlavə, həm də şeirlərinin ən gözəl ifaçısı, Cavad xana yeni həyat verən kino ustasıdır:
"Nurəddin Mehtixanlı həm də yüksək intellekt və milli qeyrət sahibidir, Ermənistanın torpaq iddialarına qarşı yüksələn xalq hərəkatının, müstəqillik uğrunda mübarizənin ön sıralarında yer alıb, həmişə sözünü açıq, mərdi- mərdanə deyib. Neçə yaşı olduğunu bilmirəm, ancaq səhnədə həmişə gəncdir. Ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram…".