Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ

Ötən həftənin V günü Xətai Sənət Mərkəzində ən yeni nəsil Azərbaycan təsviri sənətinin qadın təmsilçilərindən biri – Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-pedaqoq Afaq Həbibinin “Harmoniya” adlı fərdi yaradıcılıq sərgisinə toplaşmışdıq. Bu sərgi rəssamın son on il içində ərsəyə gətirdiyi müxtəlif mövzulu rəngkarlıq və qrafik əsərlərinin (bir növ) panoramıydı.

“Harmoniya”… Məncə, bu söz həm Afaq Həbibinin sənət düşüncəsinin mahiyyətini, həm də onun yaradıcılıq yolunun ritmini ifadə edir. Burada rənglər öz yerində, həm də duyğuların, düşüncələrin və zamanın özünün harmoniyası vardır... Xanım Həbibinin mövzu darlığı, “ixtisas çərçivəsi” yoxdur – üz tutduğu mövzular, olaylar, fəsil və iqlimlər, tarix və coğrafiyalar fərqlidir, fərqlidir; bununla belə, fərqlilikləri uhulət-suhulətlə harmoniyaya gətirən Afaqın mənsub olduğu Abşeron rəngkarlıq məktəbinin (irsinin) bəxş etdiyi xas (özünəxas!) ruhi gücdür, hünərvərlikdir.

Afaq Həbibi uzun illərdir, Milli Konservatoriya nəzdindəki İncəsənət Gimnaziyasında gənc istedadların yetişməsinə xidmət edir. Yetişdirmələri ölkə içində və dışında keçirilən müxtəlif yaradıcılıq tədbirlərində uğurla iştirak edir, qrup sərgiləri və yaradıcılıq layihələri ilə çıxış edir. Onun pedaqoji çalışmaları sırf tədris sürəci olmaqdan çıxıb – bir sənət məktəbinə çevrilib. Və Afaq o gün həmin məktəbin müəllimi olmaqdan savayı, yaradıcılıq dünyasının bədii sahibi kimi ictimaiyyət qarşısındaydı.

Artıq 10 ildir “Afa Art School” Rəssamlıq studiyasını da yaratmış Həbibi, Bakının demək olar, butun önəmli rəsm qalareyalarında, o cümlədən Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda uğurlu sərgilərə imza atıb, fırça izi qoyub.

Açığı, Afaq Həbibinin bəzi yaşıdlarının, həmkarlarının rəsm əsərlərində üst-üstə gələn yaxud qonşu rəngləri bir-biriylə “yola getməyən”, “dalaşan” görmüş ola bilərik. Afaqın tablolarına baxanda isə ilk duyulan hiss – necə deyərlər, rəngli sükutun içindəki ahəngdir.

Rənglər bir-birinə toxunmur, bir-birini dinləyir elə bil… Elə bil xətt forma ilə dartışmır, əksinə onu tamamlayır. Bu əsərlərdə heç bir rəng özünü “qışqıraraq” göstərmir – hər rəng öz yerində, öz nəfəsində, öz laylasında, yatımındadir. Hətta “şahə qalxmış rəng” varsa belə… o da sanki gizli bir ritmə malikdir: elə bil kainatın dərin qatlarından gələn simmetriya rənglərin axarına hopub… 

Bu tabloların hər biri sanki bir sual kimi başlayır, bir cavab kimi tamamlanır – bütövləşir.

Hər biri başlanğıcdır, amma eyni zamanda davamdır.

Bizim mədəniyyətimizdə rənglər qədim mifologiyadan gələn “dil”dir. Hər tonun arxasında türk yaddaşının ruhi gücü dayanır. Afaq Həbibinin yaradıcılığında da bu yaddaşdan gələn bir səs var:

bəzən külək kimi sərbəst,

bəzən su kimi axıcı,

bəzən od kimi parlaq…

bəzən də suların atəşlə rəqsi kimi “qorxunc”… 

Xəzərli, Yanardağlı, Atəşgahlı, habelə “neft qoxan gül”ə və “sərsəri küləklər”ə malik Abşeronun sənətçi qızının fırçası bəs hansı ahəng, ritm və də alqoritm tanıyasıydı?..

Elə “Harmoniya” adı da bu ahəngin ifadəsi – iç səslərin, ruhun, estetik düşüncənin uyarlığı deyilmi?..

Var, bəli, var – hər bir rəssamın öz dünyası var.

Afaq Həbibinin dünyası həm pedaqoji məsuliyyətin aydınlığı, həm də sənətçi duyğusunun xas – özünəxas dərinliyi ilə yoğrulub. Onun əsərləri təkcə estetik zövq vermir – baxanı öz içində bir gəziyə çıxarır. Hər tablo bir qapıdır və o qapını açan insan öz iç dünyasına doğru əmin addımlar atır, sanıram...

“Harmoniya” adlı, solo xarakterli, Xətai Sənət Mərkəzi ünvanlı sərgi – həm axtarış, həm tapıntı idi;

həm səssiz bir dialoq, həm səslənən düşüncəydi.

O gün biz Afaqın sənət yolunun yeni bir mərhələsinə tanıqlıq etdik – tanış olduq. Onun yaradıcılıq enerjisi, rəng duyumu, bədii nəfəsi göstərir ki, on illiyin xoşməramlı yığıntısı olan sərgi bir yekun deyil, axırıncı heç deyil – axarıncıdır və yeni başlanğıclar vəd edir. 

Bəli, xanım Həbibi ölkə içində və dışında Azərbaycan milli dəyərlərini təcəssüm etdirən əsərləri ilə çıxış edib, sərgi və festivallara uğurla qatılıb; ötən həftə sonu isə o, öz səsi, öz üslubu, öz harmoniyası ilə daha geniş auditoriyaya üz tutmuş oldu.

Afaq Həbibiyə yeni uğurlar, yeni yaradıcılıq enerjisi və həmişə olduğu kimi, ilham və harmoniya arzulayıram.

Əkbər QOŞALI