Almaniyanın Frankfurt şəhərində ənənəvi keçirilən “Frankfurt Discovery Art Fair 2023” sərgisi baş tutub.
“Sherg.az” xəbər verir ki, noyabr ayının ilk həftəsində keçirilən sərgidə Azərbaycanı təmsil edən rəssamlar, Fərid İsmayılov, Kənan Əliyev və Namiq Hüseynov olub. Sərgi Almaniyada yaşayan həmyerlimiz Fərid İsmayılovun rəhbərlik etdiyi "Qallery İsmayılov" qalareyasının təşkilatçılığı ilə reallaşıb.
Kənan Əliyev və Fərid İsmayılov
Heykəltəraş Namiq Hüseynov “Sherg.az”la təəssüratlarını bölüşüb:
“Bu il may ayından başalayan, dünya üzrə seçimlərdə 1000 nəfərdən çox rəssamın qatıldığı müsabiqədən münsiflərlər heyətinin seçdiyi 116 rəssam içərisində yer almaq çox gözəl bir hadisə idi. Sərgidə dünyanın bir çox tanınmış rəssam və heykəltəraşları var idi.
Mən sərgidə "Qarabağ atı", "Şərq nağılı", və "Güzgülü qız" bronza heykəllərini nümayiş etdirdim. Kənan Əliyev "Xəlvəti gecə", Hamilə qadın", "Skiripkaçı qız" və "Mələk" bronza əsərləri ilə, Fərid İsmayılov isə "Zamanda Səyahət" triptix, kətan yağlı boya, " Vətəndən meyvələr" kətan yağlı boya, "Afrika təəssüratları", silsilə portretlər, Milli miniatüralar" silsilə portretlər, kətan yağlı boya, "Cəngəllikdə portret" Nonanın portreti" yağlı boya ilə çəkilmiş əsərləri ilə iştirak etdi”.
Qeyd edək ki, Fərid İsmayılov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Bonn İncəsənət Akademiyasında Prof.Dr. Ulrika Eller Ruterin emalatxanasında təhsil alıb. Bir çox yerli və beynəlxalq sərgilərin iştirakçısıdır. 2013-cü ildən Almaniyada yaşayır.
Kənan Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalq rəssamı, akademik, Ömər Eldarovun və Tokay Məmmədovun emalatxanasında təhsil alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir. 58 Venesiya Bieannalisinin və bir çox beynəlxalq və yerli sərgilərin iştirakçısıdır.
Namiq Hüseynov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalq rəssamı akademik Ömər Eldarov və Tokay Məmmədovun emalatxanasında təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü və bir çox beynəlxalq və respublika sərgilərinin iştirakçısı olub.