Kitab təqdimatları sünnət toyuna oxşayır - Yazıçı

Bu onu dəvət edir, sabah da o bunu

Pərviz Cəbrayıl: “Azərbaycanın müasir və iyrənc toy estetikası artıq ədəbiyyata da yoluxub”

  Şair, yazıçı, publisist Həmid Herisçi yalançı romançılıqdan danışıb. “Yalançı romançılıqdan əl çəkməliyik”, deyən H.Herisçi bəzi yazarların əsərlərini zorla oxucuya “sırıması”nı da tənqid edib.

 H.Herisçinin bəzi məqamlarda haqlı olduğunu deyən yazıçı-publisist, son zamanlar “Məryəm surəsi” romanı ilə diqqət mərkəzində olan Pərviz Cəbrayıl “Sherg.az"a açıqlamasında fikrini belə izah edib:



- Həmid "yalançı romançılıq" deyəndə nəyi nəzərdə tutur, bilmirəm. Ümumiyyətlə, yalançı romançılıq nə deməkdi, tam başa düşmürəm. Romanın romandan başqa adı yoxdur. Yəni romandırsa, demək, yaxşıdır ki, roman deyirsən. Pisdirsə, o, daha roman deyil. Ancaq yalançı romançılıq nədir, bilmirəm. Bəlkə xalturanı nəzərdə tutur? Qaldı ki roman yazıb, çap etdirib, oxucudan oxumaq tələb edirlər, burada da kontekstdən xəbərim yoxdur, amma Həmid burada haqlıdır hardasa. Hələ təqdimatlara dəvət edilməklər var. Elə bil toydur, sünnət toyudur. Bu onu dəvət edir, sabah da o bunu. Getmirəm o cür dəvətli təqdimatların heç birinə. O müəllifi ki oxumağa dəyər, kitabını alıb oxuyuram. Azərbaycanın müasir və iyrənc toy estetikası artıq ədəbiyyata da yoluxub. Bunu ləğv etmək lazımdır.