""Görkəmli" sözü niyə böyük hərflə yazılıb, buna mütləq cavab verilməlidir"
Xalq artisti, xanəndə Arif Babayevin Fəxri Xiyabandakı qəbirüstü abidəsindəki təqdimat müzakirələr yaradıb. Qəbirüstü abidənin fotosu sosial şəbəkələrdə yayılıb. Qəbirüstün abidədə bu sözlər yazııb: Şərqdə ilk muğam professoru Görkəmli xanəndə Xalq artisti BABAYEV ARİF İMRAN OĞLU
Müzakirələrə səbəb olansa mərhum xanəndənin “Şərqdə ilk muğam professoru” kimi təqdim edilməsidir.
Qəbirüstü abidə barədə fikrini “Sherg.az”a bildirən əslən Qarabağdan olan yazıçı-publisist Kərim Kərimli də hesab edir ki, təqdimat o qədər də düzgün edilməyib. Qrammatik qaydalarda da səhvlərə yol verilib:
- Bu 12 sözdən ibarət ifadəni oxuyanda müəyyən suallar yaranır. Həmcins üzvlərdən sonra niyə vergül işarəsi qoyulmadığını soruşmuram, deyərlər ki, vergülə ilişirsən, amma "Görkəmli" sözü niyə böyük hərflə yazılıb, buna mütləq cavab verilməlidir. Bəlkə bu da "Xalq artisti" kimi rəsmi fəxri addır, biz bilmirik? Bir də "Şərqdə ilk muğam professoru" sözləri. Görəsən Qərbdə, Cənubda və Şimalda, ümumiyyətlə, dünyanın başqa ölkələrində Arif Babayevdən qabaq muğam üzrə professor olub? Yaxud, ümumiyyətlə, varmı? Məsələn, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli haqqında danışanda, yazanda qeyd edilir ki, o, Şərqdə ilk operanın müəllifidir. Yaxud, onun "Leyli və Məcnun" operası müsəlman Şərqində meydana çıxan ilk opera sənəti nümunəsidir. Çünki, Üzeyir bəyin "Leyli və Məcnun"una qədər dünyada ən azı "Knyaz İqor" var idi. Hələ dünya opera sənətinin XX əsrin əvvəllərinə qədər dünya şöhrəti qazanmış incilərindən danışmıram. Bəs Arif Babayevin muğam professoru olmasına qədər Şərqdən kənarda (Qərbdə, Cənubda və Şimalda) hansısa muğam professoru olubmu ki, Arif Babayev də Şərqdə birinci olub? Bu sözlərin baş daşına yazılmasının əhəmiyyəti nədir?
Məlahət Rzayeva
P.S
Bir insanı, sənətkarı böyük göstərmək üçün adının əvvəlinə sifət (əsas nitq hissəsi olaraq), həm də çoxaltma dərəcəsinə aid edilə biləcək sözləri əlavə etmək mütləqdirmi? “Görkəmli” sözü çoxaltma dərəcəsi də deyil ey, sifətin ən yüksək, ali dərəcəsidir artıq. Yəni, xalqımızın digər sənətkarları görkəmsizdir?!. Təəssüf ki, insanın dəyərini bildirmək üçün təmtəraqlı ifadələr işlətmək xüsusiyyətimizdən əl çəkmirik.