Görkəmli bəstəkar Aydın. K. Azimin 80 yaşı tamam olur.
"Aydın Azimov mənim sinifimin briliantıdır."
Qara Qarayev
Aydın K. Azim (Aydın Əzimov) 1946-cı il may ayının 1-də Bakının Xilə kəndində (Əmircan qəsəbəsi) dünyaya gəlmişdir. Hələ musiqi məktəbində oxuyarkən o nadir istedadı ilə müəllimlərinin diqqətini cəlb etmişdir. Məktəb illərində Aydın K. Azim "Sinilərlə oyun", "Şahnaz poeması", "Ana laylası", "Ləzgihəngi" və s. fortepiano pyeslərini bəstələmişdir. Onun milli musiqi təfəkkürünə bağlı fərdi bəstəkarlıq üslubu artıq kiçik yaşlarından özünü aydın biruzə vermişdir. 1960-1964-cü illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin “nəzəriyyə” şöbəsində təhsil alan gənc bəstəkar bu illər ərzində "Sonatina in G", "Variasiyalar in A", "Sonata №1 in C", "Simli kvartet in D", Andrey Belıyın sözünə 2 romansı və s. əsərlər bəstələmişdir.
Aydın K. Azim 1964-1972-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında akademik Qara Qarayevin sinfində “bəstəkarlıq” ixtisası üzrə ali təhsil almışdır. Dahi bəstəkarımız Q.Qarayev tələbəsi barədə çox dəyərli fikrini belə ifadə etmişdi: “Aydın mənim sinfimin brilliantıdır”. Konservatoriyada oxuduğu illər ərzində fortepiano üçün "İlmələr" prelüd silsiləsi (1964), fortepiano üçün Sonata in es “Aydın kərəmi” (1965), "Simli kvartet in d №2" (1966), Violin ilə fortepiano üçün "Sonata-poema in a" (1968), simfonik orkestr üçün "Təntənəli uvertüra" (1969), böyük simli orkestr üçün "Bitiq in d №1" (1972) və b., fərdi dəsti-xətti parlaq sezilən əsərlər qələmə almışdır.
1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuş və bu illər ərzində dəfələrlə İttifaqın İdarə heyətinin üzvü seçilmişdir. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində çalışmış və bu illər ərzində Radionun Musiqi Verilişləri Baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, Radionun Səsyazma Evində səs rejissoru, baş rejissor, Azərbaycan Televiziya və Radio Komitəsi Bədii kollektivlərinin və Səsyazma Evinin müdiri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir. 1986-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.
Aydın K. Azimin çoxşaxəli, yeni ideyalarla zəngin yaradıcılığının böyük bir hissəsini teatr musiqisi təşkil edir. Bəstəkar bir çox rejissorlarla işləmiş, maraqlı teatr musiqisi incilərini yazmağa müvəffəq olmuşdur. Bu rejissorlar sırasında SSRİ Xalq artisti Mehdi Məmmədov, Hüseynağa Atakişiyev, Mövsüm Mürsəlov, Cahangir Novruzov, Həsən Əbluc, Eyvaz Quliyev, Rəhman Əlizadə və başqalarının adını qeyd etmək olar.
1975-ci ildə Şəki Dövlət Dram teatrının quruluşçu rejissoru olan Hüseynağa Atakişiyevlə əməkdaşlıq Azərbaycan teatr tarixində yeni, parlaq bir dövrün başlanğıcı olmuşdur. Bu sənət tandeminin nəticəsi olaraq, "Arvadımın əri" müziklı, "Bir insan ömrü"(A.Arbuzov), "Bağdada putyovka var" (Əkrəm Əylisli), "Quşu uçan budaqlar" (Əkrəm Əylisli), "Vəzifə" (Əkrəm Əylisli), "Ezop" (G.Fiqeyredo), "Meteor" ( F.Dyurematt), "Həyatın dibində" (M.Qorki), "Məlik Məmməd" nağıl-tamaşası, "Romeo və Culyetta" (U.Şekspir) müziklı və s. tamaşaları qeyd etmək olar. Aydın K. Azimin Hüseynağa Atakişiyevlə iş birliyi sayəsində bir çox uğurlara imza atılmışdır. Bu sənətkarların əməkdaşlığı nəticəsində Şəki Dövlət Dram Teatrı İttifaq miqyasında böyük üğürlar qazanaraq dəfələrlə Beynəlxalq Teatr Festivallarının qalibi olmuşdur. Aydın K. Azim "Ən gözəl musiqi" naminasiyası" üzrə 1976-cı ildə Beynəlxalq Teatr Festivalında R.Stoyanovun "Ustalar" tamaşasına görə, 1978-ci ildə Beynəlxalq Teatr Festivalında Şandor Pötefinin "Pələng və kaftar" tamaşasına görə, 1979-cu ildə Beynalxalq Teatr Festivalında B.Brextin "Arturo Uİ`nin karyerası" müziklına görə, 1980-cı ildə Beynalxalq Teatr Festivalında "Ağ xəstəlik" tamaşasına görə mükafatlar almışdır. Eyni zamanda, həmin illərdə bəstəkar Bolqarıstan, Macarıstan, Almaniya və Çexoslavakiya Mədəniyyət Nazirliklərinin mükafatlarına layiq görülmüşdür.
Aydın K. Azim digər teatr müəssisələri ilə də çalışmış, müxtəlif müəlliflərin əsərlərinə musiqi yazmışdır. Bunlara Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuş H.Cavidin "İblis" (1982), F.Dürenmattın “Böyük Romul” (1986), M.F.Axundzadənin “Vəzir-i Xan-i Lənkəran” (1987), V.Səmədoğlunun “Yayda qartopu oyunu” (1988), Aqata Kristinin “Tələ” (2010), C.Dikkensin “Oliverin macəraları” müziklı (2011), B.Brextin “Kuraj xala və övladları” müziklı (2012), Dilsuz Mustafanın “Əlincə qalası” (2014) və s. tamaşaları qeyd etmək olar. Bəstəkar Azərbaycan Dövlət Kukla Teatrı üçün “Məlik Məmməd” (1982), "Danışan küp” (1983), "Madar dastanı” (1984), “Kəlilə və Dimnə” (1985), “Aşıq Qərib” (1987), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün “Cücələrim” (1984), “ Qonşu qonşu olsa” müziklı (1985); Azərbaycan Dövlət Rus Dram Teatrı üçün H.Cavidin "İblis"(1990); Lənkəran Dövlət Dram Teatrı üçün "Sənsiz" (1985); Azərbaycan Dövlət Gənclər Teatrı üçün Y.Səmədoğlunun “Qətl günü” (1986), P.Merimenin “Karmen” müziklı (1994), U.Şekspirin“Yay gecəsində yuxu” (1992), R.Əlizadənin “Hamam hamam içində” (1987), A.Kamyunun “Yalnız səs” (1989), M.F.Axundzadənin “Aldanmış kəvakib” (1991), o cümlədən televiziya tamaşalarına F.Dostoyevskinin “Cinayət və cəza” (1984), N.Qoqolun “Evlənmə” (1985), Nazim Hikmətin “Qəribə adam” (1986), R.Əlizadənin “Şirin çay” (1987), Azərbaycan Dövlət Musiqili Komediya Teatrı üçün V.Səmədoğlunun “Əmanət” musiqili komediyası (1992) və başqa əsərləri misal çəkmək olar.
Aydın. K. Azim bəstəkarlıq fəaliyyətində kino musiqisinə də yer ayırmış, “Azərbaycanın rəngləri" sənədli filmi (1977), Külək” animasiya filmi (1992), Qətl günü” (1987), “Ümid” (1991), "Yalan” (2006) və s. kimi bədii filmlərə musiqi yazmışdır.
Aydın K. Azimin Azərbaycan xalqı, dövləti üçün ən ümdə xidmətlərindən biri də 1989-cu ildə Azərbaycan Respublikası Dövlət Himnini bərpa etməsi olmuşdur. O, Üzeyir bəy Hacıbəyli tərəfindən 1919-cu ildə yalnız melodiyası yazılan və 1920-ci ildən bəri səslənməyən Azərbaycan Dövlət Himninin musiqini klavir və partitur şəklində işləyərək 1989-cu il 17 noyabr tarixində Azadlıq Meydanında xalqına təntənəli surətdə ərmağan etmişdir. Bəstəkar himni həmçinin simfonik orkestr ilə xor üçün, eləcə də böyük nəfəsli orkestr üçün işləyib hazırlamış, bərpa etmişdir. 
Aydın K. Azim mahnı janrına yeni nəfəs gətirmiş, bu sahədə yeni bir cığır açmış bəstəkarlardan hesab olunur. Azərbaycanın kifayət qədər məşhur ifaçıları - Flora Kərimova ("Ağ tut"), Mübariz Tağıyev ("Ağ tut"), Vaqif Mustafazadə və "Sevil" vokal kvarteti ilə birgə ("Aylı gecə sərin olar"), Brilliant Dadaşova ("İblis" tamaşasından "Çingənənin mahnısı", "Aylı gecə sərin olar"), İlqar Muradov ("Gəl, gəl a yaz günləri"), Elxan Əhədzadə, Azər Zetnalov ("Bayrağım" odası), Arzu Rzayev ("Gəraylı") və başqaları bəstəkarın mahnılarını özlərinəməxsus tərzdə ifa etmişlər.
Aydın K. Azim bəstəkarlıq fəaliyyətinin 1990-cı illərdən sonrakı dövrünü yeni bir mərhələ kimi dəyərləndirmək olar. Müxtəlif janrlara müraciət edən bəstəkar hər bir əsərində milli bədii təfəkkürünü sərgiləmişdir. Bu baxımdan Oboe və vibrofon üçün iki pyes (1990), “Ağılar” simfonik orkestr üçün quramalar (1991), İki ilahi xor (a capella) üçün Yunis Emrenin sözlərinə (1992), Simfonik orkestr üçün 6 Mehtər marşı (1999), "Ozanların sazı, sözü” türkülər toplusu, "Bitiq №2" (2007), N.Hikmətin sözünə “Bir mendil mavilik”, “Taksim” bariton və piano üçün iki öygü (2008), “Düşünün” H.Cavidin sözünə bariton və orqan üçün poema (1996), “Həzin oyun və Alatoran” fleyta üçün (2014), “Sərhədçilər mehtərisi” (2015), "Qaranın yurdu" (2017) və s. əsərlərini qeyd etmək olar.
Bəstəkar 1996-cı ildə Türkiyə Cümhuriyyəti Mersin Universitesi Devlet Konservatuarına dəvət olunmuş və orada 2005-ci ilə qədər çalışmışdır. Azərbaycan musiqi mədəniyyətini layiqincə təmsil etməklə yanaşı Mersin Universitesi Devlet Konservatuarında “Bəstəkarlıq” kafedrasının qurucusu olmuşdur. Bu illər ərzində A.Əzimovun sinfini müvəffəqiyyətlə bitirən bir neçə məzun bəstəkarlıq həyatına qədəm qoymuş, eləcə də Avropanın tanınmış musiqi akademiyalarında (London, Berlin, Ştutgard və s. şəhərlərdə) magistraturaya daxil olaraq təhsillərini uğurla başa vurmuşlar.
Görkəmli bəstəkar və pedaqoq 2006-cı ildən etibarən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasında professor kimi çalışmaqdadır.
Özünəməxsus və çoxşaxəli pedaqoji metodikası ilə seçilən bəstəkar Aydın K. Azim BMA-da müəllimlik fəaliyyətini davam etdirərək istedadlı tələbələr yetişdirməkdədir. Bu tələbələr arasında – Beynəlxalq müsabiqələr laureatı, Nyu Yorkda "Manhattan School of Music"in bəstəkarlıq üzrə məzunu və Sinsinnati Universitetində doktorluq dərəcəsi alan Türkər Qasımzadə, Günay Mirzəyeva, Röya Hüseynova, Azər Hacıəskərli, Tural Əliyev, Ülkər Məmmədli (Aşurbəyova), Ağa Əliyev, Eldar Məmmədli, Rəbiyə İmanquliyeva, Telman Qəniyev, Natiq Muradxanlı, Üzeyir Məmmədov, Rəna İmanova, Aysel Hacıyeva (Əzizova), Sara Amirian və Vahid Əlipour kimi tələbələrin adlarını qeyd etmək olar.
Aydın K. Azim həmçinin BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır – dini musiqi, aşıq musiqisi və muğam üzrə elmi araşdırmalar aparmaqdadır və buna aid bir çox kitabların müəllifidir.
Onun milli musiqi mədəniyyətimizin inkişafı üçün çox qiymətli töhfələrindən biri də həmçinin çoxşaxəli elmi-tədqiqat işləridir. Belə ki, bəstəkar Azərbaycanda ilk dəfə olaraq instrumental muğamların yeni texnologiya ilə dəqiq deşifrəsini tətbiq etmişdir. Bəstəkar bu texnologiya ilə Şur muğamının Ə.Bakıxanov, B.Mansurov, Ə.Dadaşov kimi tarzənlərimizin, Bəhruz Zeynalov, Həsrət Hüseynov kimi balaban ifaçılarımız, eləcə də kamança ustası Ədalət Vəzirovun ifasında “Şur muğamının ifa tərzləri və onların nota alınması” adlı topluda dəqiq nota alaraq 2009-cu ildə Beynəlxalq Muğam Simpoziumu çərçivəsində dərc etdirmişdir.
Aydın K. Azimin 2011-ci ildə aşıq musiqisinə dair tədqiqat işlərinə deşifrə, nota alınma, təhlildən ibarət “Hüseyin Saraclıdan qaydalar” adlı məcmuəni tərtib etmişdir. 2012-ci ildə dini mərasim musiqisi yönündə “QUR`ANİ-KƏRİMİN tiləvatının deşifrəsi, nota alınması, tarixi və nəzəri təhlili” adlı elmi tədqiqat-işini BMA-ya təqdim etmişdir.
2014-cü ildə deşifrə, nota alınma və təhlili A.Əzimova məxsus “Zakir Mirzəyev. Qurma və oyun havaları” adlı dərs vəsaitində çap olunmuşdur.
2015-ci ildə “Azərbaycan Muğamşünaslığı. Problemlər, perspektivlər” adlı kitabda nota aldığı "Nəva" və "Humayun" muğamları çap olunmuşdur.
Publisistik fəaliyyətinə gəldikdə, “Üzeyir bəyin vəsiyyətləri”, “Səid Rüstəmov”, “Qəmbər Hüseynli və musiqimizdə buraxdığı izlər”, “Bethoven haqqında etüd”, "Azərbaycan-türk musiqi təfəkkürünün yöntəmlərinə dair" və s. elmi məqalələri müxtəlif jurnallarda çap olunmuşdur. 2010-cu ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Aydın K. Azim eyni zamanda yenilikçi, mütərəqqi konsepsiyası ilə seçilən ictimai xadimdir. Ü.Hacıbəyli ənənələrinin əsas prinsiplərini öz çağdaş musiqi təfəkküründə əks etdirən bəstəkar yeni musiqi texnologiyaları axtarışında olmaqla gələcək nəsillər üçün "Müasir musiqi texnologiyası" kafedrası açmaq layihəsini 2016-cı ildə Bakı Musiqi Akademiyası rəhbərliyinə təqdim etmişdir. Bu konsepsiyada tələbələrin Azərbaycan muğam və aşıq musiqinin dərin qatlarından qaynaqlanan ənənələrin müasir təfəkkürdə, yeni bəstəkarlıq texnologiyası vasitəsilə təcrübədən keçirilməsi kimi məqamlar yer almışdır. Ümidvarıq ki, bu ideyanın reallaşdırılması yeni bəstəkar nəslinin yetişməsində mühüm rol oynayacaqdır.
Aydın K. Azimin çoxşaxəli, fərdi üslubu ilə seçilən yaradıcılığı musiqişünasların diqqətindən kənarda qala bilməzdi. Bəstəkarın bir sıra əsərləri tədqiqata cəlb olunmuş, müxtəlif dissertasiya və ya məqalələrdə qiymətli fikirlər söylənmişdir.
Bəstəkarın əsərlərinin öyrənilməsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fərəh Əliyevanın xidmətini ayrıca qeyd etmək zəruridir. Belə ki, musiqişünas-alim müəllifi olduğu “Azərbaycan musiqisində üslub axtarışları” adlı kitabında və “XX əsrin II yarısında Azərbaycan musiqisinin yeni inkişaf yolları” dərs vəsaitində Aydın K. Azimin “4 prelüd"ünü, skripka və fortepiano üçün Sonata-poemasını və simli orkestr üçün “Bitiq” simfoniyasını tədqiq etmişdir.
Onun teatr musiqisinin bəzi məqamları qismən araşdırılaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruqiyyə Süleymanova tərəfindən “Azərbaycan bəstəkarlarının teatr musiqisi (1970-2000-ci illər)” adlı dərs vəsaitinin “Hüseyn Cavid fəlsəfəsinin musiqi təcəssümü” bölməsində (H.Cavidin “İblis” pyesi əsasında eyni adlı tamaşaya yazdığı musiqi) təhlil edilmişdir.
Aydın K. Azim haqqında elmi-publisistik məqalələrə gəldikdə isə, qeyd olunmalıdır ki, musiqişünas-alim Leyla Abdullayeva dissertasiyasının III fəsilində 1970-80-cı illərin bəstəkar yaradıcılığında monodik ənənələrə yanaşma formasını araşdırmışdır. Musiqişünas-alim burada bəstəkarın “Sonata-poema”sını və simli alətlər üçün “Bitiq” əsərini ideya-obraz və milli ənənələrə dayanıqlı forma və məzmun baxımından tədqiq etmişdir.
Görkəmli bəstəkar, ensiklopedik biliyə malik musiqişünas-alim, əvəzsiz pedaqoq, dərin düşüncə sahibi Aydın K. Azimi ürəkdən təbrik edir və yeni yaradıcılıq uğurları arzu edirik.