"Onun poeziyası dil, milli kimlik və vətən sevgisi ideyalarını birləşdirən mənəvi platforma rolunu oynayır"
"120 illik yubiley genişmiqyaslı layihələrlə qeyd olunacaq. Türkdilli respublikalardan yazarlar və alimlər dəvət olunacaq”
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə sərəncam imzalanıb. Sərəncamda qeyd olunur ki, 2026-cı ildə XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri olan Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilov) 120 yaşı tamam olur. Şair Azərbaycan poeziyasına yeni mərhələ gətirmiş, dilimizin saflığı uğrunda mübarizə aparmış və xalqın milli-mənəvi dəyərlərinin poetik ifadəsi kimi zəngin yaradıcılıq irsi qoymuşdur. Onun “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyində vətən sevgisinin simvoluna çevrilmişdir, dramaturgiyası isə Azərbaycan teatr sənətində xüsusi yer tutur.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlar, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə alaraq, Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər. Bu yubiley Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan şairin irsinin təbliği və gənc nəsillərin milli-mənəvi dəyərlərlə yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Səməd Vurğunun yaradıcılığı Azərbaycan dövlətinin milli-mədəni sərvəti kimi yüksək qiymətləndirilib və onun əsərləri dövlət varidatı elan olunub. Bu status şairin Azərbaycan ədəbiyyatında tutduğu əhəmiyyətli mövqeyi, milli dil və mədəniyyətin inkişafına verdiyi töhfələri rəsmi şəkildə təsdiqləyir. Dövlət varidatı olması həm də onun əsərlərinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması üçün hüquqi və mədəni zəmanət yaradır.
Ulu öndər Heydər Əliyev də Səməd Vurğunu xalqın sevgisini qazanmış, milli-mənəvi dəyərləri poetik şəkildə təcəssüm etdirən, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına böyük töhfə vermiş böyük şair və ictimai xadim kimi qiymətləndirib. 1997-ci ilin 7 mart tarixində keçirilən Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə çıxış edən Heydər Əliyev qeyd edib ki, Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən gənc yaşlarından yazıb yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınmış, sayılan bir insan olub: “ Səməd Vurğunun yaradıcılığı dəryadır, indiyədək yazılanlar bunun hamısını əks etdirə bilməyib. Hesab edirəm ki, onun yaradıcılığı və qoyduğu irs bu gün də, gələcəkdə də tədqiq olunacaq və bu barədə yeni-yeni əsərlər yaranacaqdır. Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək hörmətə layiq olubdur. Səməd Vurğun isə öz dövrünün şairlərinin şairi olubdur”.
Xalq şairi Sabir Rüstəmxanlı “Sherg.az”a verdiyi müsahibədə bildirib ki, Səməd Vurğunun 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edir və bu tədbirlər şairin zəngin yaradıcılığının təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilməsi baxımından vacibdir:
“Səməd Vurğun təkcə böyük şair deyil, bütöv bir ədəbi ənənənin davamçısı və daşıyıcısı idi. O, Molla Pənah Vaqifin yaratdığı realist poeziya xəttini XX əsrin ictimai-mədəni mühitinə uyğun şəkildə yenidən dirçəldib, Vaqif ədəbi məktəbini yüksək səviyyə qaldırıb. Vurğunun poeziyasında klassik Azərbaycan şeirinin ruhu qorunmaqla yanaşı, yeni dövrün düşüncəsi, milli özünüdərk və vətəndaşlıq ideyaları güclü şəkildə ifadə olunur. Məhz buna görə də onun yaradıcılığı klassika ilə müasirlik arasında körpü rolunu oynayır. Şair Azərbaycan ədəbi-poetik dilinin sadələşməsi və təmizlənməsi istiqamətində böyük işlər görüb. O, danışıq dilinin ahəngini poeziyaya gətirib, sözün xalq ruhuna yaxın səslənməsinə nail olub. Bu səbəbdən Səməd Vurğunun şeirləri yalnız ədəbiyyatşünasların deyil, adi oxucuların da yaddaşında yaşadı, bir çox misraları xalq arasında atalar sözü kimi işlədilib. Səməd Vurğunun ədəbi yaradıcılığı çox genişdir, çoxşaxəlidir. Onun əsərləri milli ədəbiyyatın mənəvi sərvətinə çevrilib. Bu barədə saatlar danışmaq olar. Şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi və Prezident sərəncamına gəldikdə isə deyə bilərəm ki, bu, ədəbiyyata verilən yüksək qiymətin göstəricisidir. Həmçinin ədəbiyyatımızın, poeziyamızın təbliğatı, milli-mədəni irsin qorunması, klassiklərin yenidən oxunması və gənc nəslə çatdırılması baxımından mühüm addımdır. Belə yubileylər yalnız bir şəxsiyyətin xatirəsini anmaq deyil, həm də milli kimliyi möhkəmləndirmək, ədəbi yaddaşı yaşatmaq deməkdir. Səməd Vurğunun poeziyasında Azərbaycan insanının düşüncəsi, hissləri və vətənə bağlılığı yaşayır. Ona görə də yubiley tədbirləri yalnız keçmişə hörmət deyil, həm də gələcəyə ünvanlanan mədəni və mənəvi mesaj kimi qiymətləndirilməlidir.
-120 illik yubiley çərçivəsində hansı ədəbi-bədii layihələrin həyata keçirilməsini vacib sayırsınız?
-Səməd Vurğunun 120 illik yubileyi yalnız rəsmi tədbirlərlə məhdudlaşmamalı, geniş ictimai və mədəni məzmun kəsb etməlidir. Hesab edirəm ki, ilk növbədə onun yaradıcılığını yeni nəslə çatdıracaq ədəbi-bədii layihələr həyata keçirilməlidir. Səməd Vurğunun yubileyləri tarixən böyük coşqu ilə qeyd olunub. Bizim şahidliyimizlə keçirilən yubileylərdə, xüsusilə sovet dövründə, onun xatirəsi ümumittifaq səviyyəsində anılırdı. O zaman SSRİ-nin müxtəlif respublikalarından yazıçılar, şairlər və sənət adamları Bakıya gəlirdi. Hətta Bakıdan Qazaxa gedən qonaqları aparan qatarın üzərində “Səməd Vurğun qatarı” yazılmışdı. Lakin indi belə ənənələr yoxdur.
İnanıram ki, yubiley yenə də geniş miqyasda keçiriləcək. Onu sevənlər, yaradıcılığını əzbər bilən insanlar, türkdilli respublikalardan olan yazarlar dəvət olunacaqlar. Xüsusilə türkdilli respublikalardan yazarların, alimlərin və tədqiqatçıların dəvət olunması çox önəmlidir. Çünki Səməd Vurğun yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə türk dünyasının ortaq ədəbi-mədəni dəyərlərindən biridir. Onun poeziyası dil, milli kimlik və vətən sevgisi ideyalarını birləşdirən mənəvi platforma rolunu oynayır.
yubiley tədbirləri şairin adına layiq şəkildə təşkil olunacaq, onun yaradıcılığı yenidən geniş oxucu auditoriyasına təqdim ediləcək. Bu yubiley yalnız xatirə xarakteri daşımayacaq, həm də Səməd Vurğunun irsinin yenidən oxunmasına, tədqiqinə və gələcək nəsillərə daha dolğun çatdırılmasına güclü təkan verəcək.
- Gənc yazarlar arasında Səməd Vurğunun yaradıcılığını bəyənməyənlər və onu tənqid edənlər var. Bu yubiley ərəfəsində siz Azərbaycan oxucularına və xüsusilə gənc nəsilə Səməd Vurğunun yaradıcılığı barədə çatdırmaq istədiyiniz mesaj nədir?
- Səməd Vurğunun əsərləri öz dövründə yazılıbdır. O dövrün hökmü, tələbləri Səməd Vurğunun əsərlərində də öz əksini tapıbdır. Səməd Vurğun yaradıcılığı ilə bağlı gənc nəslə çatdırmaq istədiyim əsas mesaj belədir: şairin əsərlərinə yanaşarkən dövrün tarixi və sosial kontekstini nəzərə almaq vacibdir. Hər bir yaradıcı şəxs müəyyən dövrün təsiri altında olur, bəzən zamanın tələbinə uyğun olaraq ürəyindən gəlməyən şeirlər, əsərlər də yaza bilər. Səməd Vurğun da Sovetlər Birliyinin güclü və özünü əbədi sayan dövründə yaşamış, həmin şəraitin təsirini şeirlərində hiss etdirmişdir. Ancaq ömrünün sonlarına yaxın, Stalinin ölümündən sonra başa düşdü ki, hansı səhvlərin, faciələrin içərisindən keçib gəlib. Ancaq bu, onun istedadını və yaradıcılığının dəyərini heç bir şəkildə azalda bilməz.
Gənclər Səməd Vurğunu o cür görürlərsə, öz işləridir. Onlara fikirlərini bildirməkdə qadağa qoya bilmərik. Hər kəsin bir düşüncəsi var. Onsuz da sayları çox azdır. Səməd Vurğun xalqın sevgisini qazanmış böyük şairdir, bu cür fikirlər onun yaradıcılğına kölgə sala bilməz. Belə fikirlər, əksinə, Səməd Vurğunun irsinə marağı artırır. Onun əsərlərini oxumayanlar belə, bir dəfə oxuduqda onun poetik qüdrətini görür, şairin sehrinə düşür və Azərbaycan ədəbiyyatının zənginliyini daha dərindən dərk edir. Ona görə də gənclərə tövsiyəm budur: hər bir əsəri öz dövrünün kontekstində qiymətləndirin, lakin şairin milli mədəniyyətimizə verdiyi töhfəni də unutmadan, onun yaradıcılığı ilə tanış olun. Səməd Vurğunun böyük şair olaraq xalqın sevgisini qazanması bu gün də dəyişməz bir həqiqətdir.
-Səməd Vurğunun ideyalarının bu gün üçün aktual olduğunu düşünürsünüz? Yoxsa öz dövrünün böyük şairidir?
- Səməd Vurğunun ideyalarının bu gün də aktual olduğunu demək mümkündür. Şeir və ədəbiyyatın mahiyyəti elədir ki, bəzi əsərlər zamanla uzaqlaşır, bəziləri isə daha da yaxınlaşır, oxucu ilə möhkəm əlaqə yaradır. Azərbaycan ədəbiyyatında bir- iki şeiri ilə yaşayan şairlərimiz var. Səməd Vurğunun isə zəngin və çoxşaxəli ədəbi irsi var: onun yalnız bir və ya iki şeiri deyil, bütün yaradıcılığı, şeirləri, poemaları, pyesləri uzun illər boyunca oxunur və qiymətləndirilir. “Azərbaycan” şeiri xalqın yaddaşına həkk olunub və hər kəsin dilinin əzbəri olub. Bu, Vurğunun əsərlərinin Azərbaycan ədəbiyyatında əbədi yaşadığını göstərir.
O qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Onun “Mən tələsmirəm”, “Dağlar”, “Qürbət eldə can vermərəm” kimi şeirləri də oxucular üçün aktualdır və milli duyğuların ifadəsi kimi dəyərlidir. “Aslan qayası” və “Komsomol” poemaları isə həm dövrün, həm də universal insanlıq məsələlərinin poetik izahı kimi inkarolunmaz bədii nümunələrdir.
Buna görə də Səməd Vurğun təkcə öz dövrünün böyük şairi deyil. Onun yaradıcılığı həm milli kimliyi gücləndirən, həm də insanın mənəvi dəyərlərinə toxunan bir klassik kimi bu gün də aktuallığını qoruyur. Söz durduğu müddətcə onun şeirləri də yaşayacaq və yeni nəsillərə ilham verməyə davam edəcək.