Medianın sosial şəbəkəni təqib etməsi anlaşılandır

İndi bir çox dövlət qurumlarının, məmurların, deputatların məlumat və açıqlamaları, mühüm xəbərlər sosial şəbəkə hesabları üzərindən yayılır

Mövzunu gündəmə gətirmək başqadır, onu incələyib, araşdırıb cəmiyyətə təqdim etmək bir başqa məsələdir. Ənənəvi medianın üstünlükləri budur




"Neçə gündür bir müğənninin paylaşdığı rəqs videosu nazir müavininin əyləncəsi kimi təqdim olundu. Açıq görünürdü ki, videodakı kişi bu günlərdə həbs olunan nazir müavini deyil. Amma xeyli tirajlandı. Diqqətli izləyicilər rəqs edənin nazir müavini olmadığını vurğulasa da, vecinə alan olmadı. Bəzi saytlar xəbəri şok bir tapıntı kimi təqdim etdilər. Rolikin "qəhrəman"ı isə çıxıb dedi ki, nazir müavini deyil, rəqqasdır".  Bu sözləri "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev özünün feysbuk hesabında yazıb. Sosial şəbəkələrdən əldə olunan foto və video faktların media tərəfindən tirajlanması ilk hadisə deyil.  Son illər bu tendensiya geniş yayılıb. Amma bir məsələ var ki, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır. Əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyır. Amma sosial şəbəkələrdə bu belə deyil. Deməli, sosial şəbəkədən əldə olunan hər materialın dəqiqləşdirmə aparmadan mediada tirajlanması peşəkarlıq baxımından heç də etik deyil. 

Doğrudur, sosial şəbəkələr və ya sosial media peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Lakin kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil. Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, ondan sonra mətbuatda yayımlanmalıdır. Bizdə isə əksinədir. Əksər hallarda sosial mediadan ciddi mənbə kimi istifadə olunur ki, bu da ciddi dezinformasiyalara yol açır. 

Ümumiyyətlə isə  dünyanın aparıcı KİV təmsilçilərini narahat edən ən aktual məsələlərdən biri də sosial şəbəkələrin ciddi mediaya köklü şəkildə təsir göstərməsidir. Hazırda sosial şəbəkələr mediaya nəinki təsir göstərir, hətta operativlik baxımından onu vurub sıradan çıxarmaq səviyyəsinə qədər gəlib çatıb. Sosial şəbəkələrdə heç bir qadağa, redaksiya nəzarəti və ya kənar müdaxilə yoxdur. Tam sərbəstlik media ilə müqayisədə sosial şəbəkəni daha cəlbedici edir və nəticədə oxucu auditoriyasının diqqətini ikincinin xeyrinə dəyişir.

Məlum məsələdir ki, günümüzdə bir çox funksiyanı yerinə yetirən sosial şəbəkələrin göstərdiyi xidmətlərdən biri də informasiyanın geniş kütlələrə çatdırılmasıdır. Artıq media orqanları "Facebook” və "Twitter” kimi sosial şəbəkələrdə yayılan xəbərlərə istinad edərək informasiya yayırlar. Həm də yayılan informasiyanın həqiqiliyini yoxlamadan.  Ən acınacaqlı hal isə odur ki, yüzlərlə sayt və qəzetlərin, hətta bir sıra televiziya və radioların əsas xəbər mənbəyi yalan və qərəzli informasiyaların, cılız ailə-məişət mövzularının tüğyan etdiyi elə həmin sosial şəbəkələrdir. 
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən İlham Quliyev də bu cür faktların ilk olmadığını deyib: "Əvvəllər də sosial media üzərindən bu cür yanlış informasiyaların heç bir dəqiqləşdirmə aparmadan ənənəvi mediaya ayaq açmasının şahidi olmuşuq. Bu, ciddi media təmsilçiləri üçün heç də yaxşı hal deyil.  Əslində ənənəvi medianı sosial mediadan fərqləndirən əsas xüsusiyyət xəbərlərin daha dəqiqləşdirilmiş, peşəkar formada təqdim etməsidir. Belə hallarda isə peşəkar media sanki sosial medianın yedəyində gedir. Digər tərəfdən belə hallara yol verən KİV-lər ilk növbədə öz nüfuzlarına və media seqmentində tutduğu mövqeyə zərbə vurmuş olurlar. Bu hal bir neçə dəfə təkrarlanırsa, həm saytlara olan oxucu etimadı aşağı düşəcək. O ki qaldı bu halların qarşısının alınması yollarına, fikrimcə, mediada inzibati yollarla tənzimlənmə effektiv ola bilməz. Bizə düşən belə hallar olanda bunu qabardıb münasibətimizi bildirmək, cəmiyyəti və media ictimaiyyətini məlumatlandırmaqdır".

 Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə bu problemin kökünü obyektiv və subyektiv səbəblərlə əlaqələndirib:

"Ciddi xəbər mənbələri jurnalistlərin üzünə bağlıdır. Biz bəzən nazirin ezamiyyətdə, yoxsa məzuniyyətdə olduğunu dəqiqləşdirməyə çətinlik çəkirik. Mətbuat katiblərinin əksəriyyəti öz vəzifəsini layiqincə icra edə bilmir. Əksər mətbuat katibləri özlərini nazirin sözçüsü deyil, mühafizəçisi kimi aparırlar. Sinəsini qalxan kimi nazirin önünə verən həmin adamlar əllərindəki informasiyaları xəsisliklə bölüşürlər. Əsas səbəblərdən biri informasiyaya çıxış imkanının məhdud olmasıdır. Belə olan təqdirdə, jurnalist alternativ mənbə axtarışına çıxır. Bu zaman sosial şəbəkələr alternativ mənbə funksiyasını yerinə yetirir. Əslində sosial şəbəkələrdə yayılan bütün xəbərlərin qeyri-ciddi olduğuna dair iddialarla razılaşmıram. Əgər hansısa deputat atasının öldüyünü sosial şəbəkələrdə paylaşırsa, jurnalist niyə mənbə kimi həmin adama istinad etməsin?

Sadəcə, sosial şəbəkələrdən götürülən xəbərlərin süzgəcdən keçirilməsinə ehtiyac var. Əvvəllər də qeyd etmişəm, İP uğrunda mübarizə peşəkarlığı arxa plana keçirib. Əgər hansısa sosial şəbəkə iştirakçısı 159 yaşlı babasının 19 yaşlı qızla evləndiyini iddia edirsə, jurnalist sensasiya xatirinə bunu xəbərə çevirməməlidir. Çünki Azərbaycanda 159 yaşlı adam yoxdur.  Operativlik yarışının əsirinə çevrilib bu cür xəbər yükü olmayan materialları tirajlayan media orqanları ən azından məsələyə aydınlıq gətirdikdən sonra təkzib verməyi özünə borc bilməlidir. Peşəkarlıq nöqteyi-nəzərindən yalan xəbərin təkzibi çox vacibdir. Bu,  bir növ mədəniyyət məsələsidir. Jurnalistlər isə  mədəni olmağa məhkumdur".

"Türküstan" qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal sosial şəbəkələrdən xəbər mənbəyi kimi istifadəni normal hesab edir. Onun sözlərinə görə, sosial şəbəkələr cəmiyyət həyatının əksidir, görüntüsüdür:

"Peşəkar jurnalist informasiya əldə edə biləcəyi hər yerdən xəbər çıxarmağı bacarmalıdır və bu işdə sosial şəbəkələr köməkçi vasitə kimi, çox mühüm rol oynayır.  Medianın sosial şəbəkələri izləməsi operativliyə xidmət edir. Baxın, bir çox dövlət qurumlarının, məmurların, deputatların məlumat və açıqlamaları, mühüm xəbərlər sosial şəbəkə hesabları üzərindən yayılır. Bu baxımdan, medianın sosial şəbəkəni təqib etməsi anlaşılandır. Ancaq  xəbər seli içərisində nəyin doğru, nəyi doğru olmadığını müəyyən etmək və ondan sonra yayınlamaq artıq medianın vəzifəsidir.

Burada əsas amil kimi operativlik, eksklüzivlik götürülür. Yəni, reytinqə xidmət edən faktlar, amma bir həqiqəti nəzərə almaq lazımdır. Azərbaycanda saytların reytinqi, günlük oxucu trafiki təəssüf ki, onların kommersiya maraqlarına o qədər də xidmət etmir. Elə reytinqi, oxucusu olmayan internet resursları var ki, stabil maliyyə ilə təmin olunurlar. Bu baxımdan, sosial şəbəkələrdən götürülmüş informasiyaları dəqiqləşdirmədən yayımlayan internet mediası mənsubları yaxşı olardı daha çox izləyici etimadını önə çəksinlər. Bir halda ki, reytinq onlara hər hansı gəlir gətirmir, barı izləyici etimadını qazansınlar".

Media eksperti Ələsgər Məmmədli də jurnalistlərin sosial şəbəkələrdə paylaşılan ictimai əhəmiyyətli mövzuları ənənəvi mediaya daşıması və ictimailəşdirilməsini doğru hal hesab edir:

"Normalda biz o informasiyanı almaq üçün kimləsə görüşməliyik. Razılaşdırmalıyıq. Amma indi buna ehtiyac yoxdu. Tutalım, mən gecə internetdə otururam. Götürüb hüquqi məsələlərlə bağlı status yazıram. Saytlar da bunu xəbər formasına salıb, dərc edir. Mən onsuz da ictimaiyyətə açıq yazıram. Çünki bunu özəl paylaşmaq istəsəm, yalnız dostlarla paylaşaram. O statusu "hamı” işarəsini tıklayıb paylaşıramsa, deməli, məsələnin ictimailəşməsində maraqlıyam. Bunu ictimai əhəmiyyətli məsələ hesab edirəm. Siz də media olaraq ictimai əhəmiyyətli məsələləri dərhal görürsünüz. Həmin məsələni qabardırsınız. Bu, təbii haldır. Bundan qorxmaq lazım deyil. Media belə statusları yazıya çevirməklə problemlərin həllinə dəstək ola bilər. Ona görə də istənilən ənənəvi media sosial medianı təqib etməlidir. Baxın, hansısa bir tələbə başına gələn məsələ ilə bağlı paylaşım edir. Tələbə onu gördüyü kimi yazır. Dərinə gedib, hadisəni araşdırmır. Bunu araşdırıb cəmiyyətə ötürmək isə jurnalistlərin, ənənəvi medianın işidir. Mövzunu gündəmə gətirmək başqadır, onu incələyib, araşdırıb cəmiyyətə təqdim etmək bir başqa məsələdir. Ənənəvi medianın üstünlükləri budur. Ənənəvi media istənilən mövzunu gündəmə gəldiyi zaman daha dərindən araşdırıb, tərəflərin mövqeyini öyrənib, məsələni obyektiv şəkildə ortaya qoyur. Bu da onun peşəkarlığını və gücünü artırır”.

Bununla belə ekspert hesab edir ki, sosial şəbəkə statuslarından xəbər düzəldilməsi normal haldır. Amma bir şərtlə ki, bu stratusun müəllifi tanınsın və sözünə etibar olunsun:

"Yəni medianın maraq dairəsində olan bir şəxsin - ictimai-siyasi xadimin və ya bir başqasının statusundan xəbər düzəltmək olar. Çünki bu statusu yazmaqda həmin şəxsin məqsədi fikirlərini ictimailəşdirməkdir.