“Mənim atam qəhrəmandır”…

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

“Bu cür tədbirlər uşaqların dünyagörüşünün artması baxımından da önəmlidir”
 
Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində  növbəti tədbiri keçirilib.  Xatırladaq ki, sözügedən layihə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün nəzərdə tutulub. Bu dəfə tədbir Dağüstü parkda təşkil olundu. Tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir. Müdafiə Nazirliyinin məlumatına görə, olimpiya çempionlarının da dəvət olunduğu tədbir Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən başlayıb. Ekskursiya avtobuslarında şəhəri gəzən şəhidlərin övladları “Zəfər marşı”nı ifa edərək tədbirə qatılıblar.

Onlar öz atalarının fotoları həkk edilən geyimlərdə, digər uşaqlar isə üzərində şəhidlərimizin rəsmləri, şəhid anaları isə övladlarının şəkli olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirdə iştirak ediblər. Tədbirin rəsmi hissəsində aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin Sosial Müdafiə Şöbəsinin rəisi Həbib Məmmədov çıxış edərək bu cür tədbirlərin mütəmadi keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Vətən uğrunda canından keçmiş oğullarımızın övladlarının hər birimiz üçün bir əmanət olduğunu deyən şöbə rəisi onların işıqlı gələcəyi naminə əlimizdən gələn hər şeyi etməyin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenant Hafiz Təmirov da şəhid və qazilərimizin qəhrəmanlıqlarının xalqımız tərəfindən heç vaxt unudulmayacağını, bu cür oğulların var olduqca bu Vətənin daim yaşayacağını deyib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da çıxış edərək kimliyindən asılı olmayaraq hər kəsin şəhid ailələrinə diqqətlə yanaşmasının vacibliyindən danışıb. “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu deyib. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin böyük həssaslıq və sevgiylə yanaşdığı şəhid ailələrinin hamımızın əzizi, doğması olduğunu deyən C.Qurbanov vurğulayıb ki, hər bir vətəndaş qəhrəmanlarımızın ailələrinin daim yanındadır. O, bu layihənin hüdudlarının təkcə Bakı şəhərini əhatə etməyəcəyini, Azərbaycanın digər bölgələrində də bu cür tədbirlərin keçiriləcəyini bildirib. Şəhid analarına müraciətlə çıxış edən ilahiyyatçı Hacı Zaur Məmmədov onlara belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət diləyib. Tədbirin xüsusi qonağı Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə şəhid övladları ilə birlikdə olub, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşüb. O, “Sən yadıma düşəndə” mahnısını ifa etdikdə  həssas anlar yaşanıb. Sonra “Əbədi məşəl” abidə-kompleksində qəhrəmanlarımızın övladları “Zəfər” marşını oxuyaraq və səmaya ağ göyərçinlər uçuraraq dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını veriblər. Qəhrəman övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə olunub.

Belə tədbirlərin uşaq və gənclərin fiziki və mənəvi inkişafında müstəsna əhəmiyyəti olduğunu deyən fəlsəfə doktoru, təhsil problemləri üzrə ekspert Rafiq İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu səpkili tədbirləri izləyir:

- “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində avqustun ilk günlərində də bir  tədbir keçirilmişdi. Xatırladığım qədər “Dreamland Golf Club”ın ərazisində keçirilən tədbirdə şəhid qəhrəmanlarımızın övladları və həyat yoldaşları yoqa idmanı üzrə mütəxəssislərlə məşqlər keçmişdilər. Bəllidir ki, məqsəd uşaqlarda  idmana maraq oyatmaq, eləcə də qəhrəman övladlarının səmərəli istirahətini təşkil etmək, uşaqlara tək olmadıqlarını, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək idi. Həmin tədbirdə müxtəlif nağıl personajları da iştirak edirdi. Hesab edirəm ki, bütün bunlar uşaqların yaddaşında unudulmaz izlər buraxır. Onların fiziki sağlamlığına müsbət təsir etməklə yanaşı, nümunəvi vətəndaş kimi yetişməsini də şərtləndirir. Tədbirdə qəhrəman şəhidlərimizin ailə fotolarından ibarət videoçarx nümayiş olunmuşdu. Təsəvvür edin, bu, uşaqların psixologiyasına necə müsbət təsir edir, mənəvi güc verir onlara. Bu cür tədbirlər uşaqların inkişafı, dünyagörüşlərinin artması baxımından çox yaxşı təşəbbüsdür. Uşaqlar qəhrəman valideynləri ilə fəxr edirlər. Bu, onların mənəvi inkişafını, psixoloji yetişkənliyini təmin edir. Orda bir fikir səslənib ki, bu cür tədbirlər təkcə paytaxtda deyil, regionlarda da təşkil olunmalıdır. Mən bu fikri tam dəstəkləyirəm.