Qarşılıqlı anlaşma mütləqdir

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Bir-birini sevmək bəzən birgə yaşayış üçün yetərli olmur

Lalə Mehralı: "Ailə daxilində bir-birini anlamaq, bir-birinə hörmət göstərmək, güzəşt etmək çox mühüm məsələdir"

"İqlimin təsirləri, qidalanma faktoru, geyimlər, dövrün cizgi filmləri və bədii filmləri, içkilər və s. bütün bunlar birbaşa insan beyinlərinə təsir edir"


Ailə çox mürəkkəb bir fenomendir. Onun  müxtəlif tərifləri və funksiyaları var. Tədqiqatçıların da qeyd etdiyi kimi: "Ailə qədər ictimai həyatın dəyişiklik, nailiyyət, inkişaf və çətinliklərinə həssas olan başqa bir sosial  institut yoxdur" .  Ogüst Kont “ailəyə cəmiyyətin ilkin özəyi”, Georq Zimmel “insanların sosial qarşılıqlı təsirinin bir forması”, Fredrik Le Ple ailəyə "kiçicik cəmiyyət" kimi baxmış və cəmiyyəti başa düşmək üçün ailəni başa düşmək lazım olduğunu bildirib. Gətirdiyimiz bu nümunələrdən də  göründüyü kimi, ailə çoxtərəfli və çoxşaxəli  sosial təsisatdır. Bu institutun öyrənilməsi geniş araşdırma tələb edir. Ailəni çox vaxt ocağa bənzədirlər.

Ocaq isti münasibətlər yaradan, onu soyuqdan, aclıqdan və təhlükələrdən qoruyan  müqəddəs məkandır. Hər bir insanın, hətta hər bir xalqın özünü təsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Azərbaycanlılar o nadir xalqlardandır ki,  ər və arvad  bir-birinə "həyat yoldaşı" deyirlər. “Həyat yoldaşı” sözünün məsuliyyəti  isə daha ağırdır. Bir insanla həyatını bağlayaraq, çətin, ağır, firavan, xoşbəxt  günlərdə hər iki şəxs eyni həyəcanı, hissi yaşayırlar. Ümumiyyətlə, hər bir ailənin xoşbəxtlik dərəcəsi ailədaxili münasibətlərdən, qarşılıqlı hörmətdən, bir-birinə göstərdiyi anlayışdan asılıdır. Lakin çox təəssüflər olsun ki, cəmiyyətdə ailədaxili zorakılığa, münaqişəyə dair münasibət hər ailədə eyni deyil. İnsanlar bir çox hallarda bu kimi cinayətlərə səbəb olan halları gizli saxlayırlar. İstər qonşular, istərsə də yaxın ailə üzvləri bu kimi hallar haqqında məlumatı yalnız çox ağır sonluqla nəticələndikdə bildirirlər. 

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mətbuata açıqlaması zamanı bildirib ki, bütün dünyada pandemiya ilə əlaqədar ailədaxili zorakılıq, münaqişə halları yaranır: "Müharibənin də insanlarda yaratdığı psixoloji fəsadları görməzdən gəlməməliyik. Bu səbəblərdən qəddarlıq, şəxsiyyətə qəsdən zərərvurma, cinayət halları daha qabarıq şəkildə meydana çıxır". O, həmçinin qeyd edib ki, istənilən halda əgər bir zorakılıq halı varsa, biz bunu cəmiyyət olaraq qəbul etməməliyik. Buna səbəb olan dəyər, mentalitet adlandırdığımız mənfi stereotipləri aradan qaldırmalıyıq: "Cəmiyyət olaraq bu sahədə şəffaflığı artırmalıyıq. Hər hansısa bir ictimai təşkilat bunu təkbaşına bacara bilməz. Xalq olaraq bu kimi hallara laqeyd, biganə yanaşmadan onların qarşısını almalıyıq". Bu il avqustun sonuna qədər komitəyə 212 ailədaxili zorakılıq faktları haqqında məlumat daxil olduğunu vurğulayan B.Muradova hər ay bununla bağlı 12-15 məlumat daxil olduğu halda, avqust ayında bu rəqəmin 46-ya yüksəldiyini bildirib: "Bu çox narahatedici haldır. Müraciət edənlərin böyük qismi psixoloji təzyiqdən şikayət edən qadınlardır. Bu halların aradan qaldırılması üçün beynəlxalq əlaqələrimizdən istifadə edərək müxtəlif layihələrin reallaşdırılmasına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, ən əsası isə cəmiyyəti məlumatlandırmağa üstünlük veririk".

Ailə qurmamışdan öncə münasibətlərin düzgün dəyərləndirilməsi, ailəni qurmaqda əsas məqsədin müəyyən edilməsinin çox mühüm olduğunu deyən sosioloq Lalə Mehralı "Şərq"ə açıqlamasında bildirib ki, əslində ailədə yaranan mübahisələrin əsas səbəbi qarşılıqlı anlaşmanın olmamasıyla əlaqəlidir. Sosioloq qeyd edib ki, ailədə insanlar bir-birini sevə bilərlər, lakin birgə yaşayış üçün bu hiss bəzən yetərli olmur. Ona görə də bir-birini anlamaq, bir-birinə hörmət göstərmək, güzəşt etmək çox mühüm məsələdir:

"Ailədaxili münasibətlərin tənzimlənməsi, ailədə baş verən mübahisələrin səbəbləri hər zaman aktuallıq kəsb edib. Karantin dövründə isə bu aktuallıq daha da artır. Çünki bir qayda olaraq, tədqiqatçılar bildirirlər ki, böhranlı vəziyyətlərdə hər zaman ailələrdə münaqişələrin sayı artır. Ancaq mən heç də o fikirlə razı deyiləm ki, böhran şəraitində ailədaxili zorakılıqlar artır. Əslində bu, dövrün yaratdığı çatışmazlıqlardır. Tarixə nəzər saldıqda görürük ki, bizim ölkəmiz dünyanın ən dağıdıcı müharibələrindən birinin həm iştirakçısı, həm də şahidi olub. Qeyd edim ki, hətta, SSRİ-nin tərkibində olanda Böyük Vətən müharibəsinin birbaşa iştirakçısı olub. Sual yarana bilər ki, niyə o dövrdə bu cür ailədaxili zorakılıqlar, şiddət, qətl kimi hadisələr baş vermirdi? Bu günləri bu kimi amilləri dövrün yaratdığı diskomfortla, psixoloji gərginliklə, psixoloji çatışmazlıqlarla, böhran şəraitində insanların daha aqressivləşməsi ilə əlaqələndirirlər. Əslinə qalanda isə insanlar yenə də tamamilə normaldır.

Əlbəttə, insan aqressiv ola bilər, qətl və ya şiddət tətbiq edə bilər. Ancaq bunu hər zaman iqtisadi problemlə, sosial çatışmazlıqlar əlaqələndirirlər. Amma analiz edən beyinlər yaxşı başa düşür ki, bunun altında çox böyük sual işarəsi var. İnsanlar niyə ən adi problemlərdə bu qədər qəddarlaşa, zorakılıq göstərə bilirlər? Niyə insanlarda səbr, empotiya yoxdur?

Bilirik ki, bunlar ən adi insanlıq duyğuları, hissləridir. Niyə bu dövrün insanında bu hisslər yoxa çıxıb? Əlbəttə ki, iqlimin təsirləri, qidalanma faktoru, geyimlər, dövrün cizgi filmləri və bədii filmləri, içkilər və s. bütün bunlar birbaşa insan beyinlərinə təsir edir. Hətta hazırda insanların düşüncə və analiz qabiliyyətləri üzərində hegemonluq etmək də mümkündür. Yəni məşhur söz var: "İnsan nə yeyirsə odur".  İnsanlar hazırda genetik dəyişdirilmiş qidalardan, kimyəvi sulardan istifadə edirsə, bu, əlbəttə ki, onun düşüncə tərzinə, psixologiyasına da böyük təsir göstərəcək. Odur ki, şüuraltında gizlənən zorakılıq, şiddət və qətlə meyillilik özünü belə kritik anlarda büruzə verir. Nəticədə özünü gizlədən zorakılıq hissi ən kritik anı gözləyir və özünü büruzə verir. Bir məqamı da qeyd edim ki, ailədə yaşanan hər bir gərginlik, mübahisə, münaqişə uşaqlara da birbaşa təsir edir. Bu təsir hətta uzunmüddətli olub, həyatı boyu da davam edə bilər. Onu da qeyd edim ki, hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də ailə daxilində olan bu problemlərə diqqət yetirmək xüsusi önəm tələb edir".