“Avropada qəzetlər dijitallaşdı və çap mətbuatı ayaqda qaldı”

“Kontent, format, fəaliyyət yeni tələblərə uyğunlaşdı”

“Azərbaycandakı qəzetlər bir çox Avropa ölkələrində olduğu kimi, hadisələrin dərin qatlarına varmalı, geniş təhlillər təqdim etməlidirlər”

“90-cı illərdə olduğu kimi qəzetlərin həftəlik nəşri daha məqsədəuyğundur”

Zaman ötür, dövr dəyişir. Bu, əlbəttə, bir çox sahələrə, o cümlədən də birbaşa vaxtla ayaqlaşan jurnalistikaya təsir göstərir. Təsadüfi deyil ki, KİV orqanlarının tipologiyasında, tərtibatında ciddi fərqlər müşahidə olunur. Və həmin müxtəliflik həm də məzmuna təsirsiz ötüşmür. Janrlar arasında “ərimə”, “birləşmə” əmələ gəlir. Bu isə medianın gələcəyi üçün  yeni sürprizlər vəd edir.

“Sherg.az” olaraq jurnalistikanın sabahı barədə tanınmış media nəzəriyyəçisi Rizvan Qənbərli ilə müzakirə apardıq:

- Jurnalistikanın müasir inkişaf meyilləri gələcək üçün nələr vəd edir?

- Hazırda jurnalistika dijital texnologiyaların təsiri altında fəaliyyət göstərir. İndi smartfonu olan hər kəsin potensial jurnalist hesab olunduğu dövrdə yaşayırıq. Müxtəlif alqoritmlər xəbər alma və xəbər vermə prosesinə təsir edir. İnternet imkanları jurnalistikanı müəyyən mənada yeniləyir. Amma medianın mahiyyəti, əas prinsipləri dəyişmir. Sadəcə jurnalistika  texnoloji yeniliklərin təsiri ilə yeni dövrün şərtlərinə uyğunlaşır. İKT-nın medianın inkişafındakı müsbət rolu çoxdur. Bunu aparıcı media orqanlarının fəaliyyətinə baxaraq görmək mümkündür.

- Belə demək mümkünsə, hazırda qəzetlərə "süni nəfəs verildiyi" məlumdur. Qəzetlərin taleyi ilə bağlı fikirlərsə, müxtəlifdir. Sizcə, çap mətbuatının sabahı necə olmalıdır?

- Əlbəttə, internet jurnalistikanın inkişafına təsir etdi və bu, özünü ölkəmizdə daha kəskin göstərdi. Bəzən deyirdilər ki, çap mətbuatı tədricən sıradan çıxacaq və həmin proses inkişaf etmiş ölkələrdə xüsusi sürətlə baş verəcək. Lakin əksi müşahidə edildi. Avropada qəzetlərin dijital versiyaları yaradıldı. Kontent, format, fəaliyyət yeni tələblərə uyğunlaşdı. Və bu, çap mətbuatının ayaqda qalmasına səbəb oldu. Tirajın, oxucu sayının azalması isə qəzetin texnoloji vasitə kimi sıradan çıxdığını göstərir.

- Bunun qarşısını almaqdan ötrü nə etmək lazımdır?

- İndi informasiya saniyələrlə ölçülür. Auditoriyanın qəzetə ehtiyacı qalmayıb. Fikrimcə, Azərbaycandakı qəzetlər bir çox Avropa ölkələrində olduğu kimi, hadisələrin dərin qatlarına varmalı, geniş təhlillər təqdim etməlidirlər. 90-cı illərdə olduğu kimi qəzetlərin həftəlik nəşri daha məqsədəuyğundur.

- İKT- nin getdikcə kütləviləşdiyi bir vaxtda peşəkar jurnalistikanın gələcəkdə həm də sosial medianı özündə ehtiva etməsi nə qədər mümkündür?

- Bu gün jurnalistika auditoriya ilə dialoqu sosial media vasitəsilə aparır. Sosial medianın kütləviləşməsi də məhz ənənəvi mediadakı problemlər, xüsusilə informasiyanın təktərəfli olması ilə əlaqədardır. İnternet bunu dəyişdi, interaktivlik yaratdı. Beləliklə, ənənəvi jurnalistika auditoriyanı diqqətdən kənarda saxladığını anladı. İkinci bir tərəfdən, sosial media jurnalistlər üçün məlumat mənbəyinə, hazır materialın paylaşıldığı platformaya çevrildi. Bu gün məhz sosial media vasitəsilə informasiya ötürülür, yayılır, dəqiqləşdirilir...Deməli, müasir jurnalistika sosial mediadan kənarda qala bilməz.

- Ən çox müzakirə olunan məsələlərdən biri qeyri -ixtisas sahiblərinin jurnalistika ilə məşğul olmasıdır. Sizin bu məsələyə münasibətiniz necədir?

- Bu, jurnalistikaya hansı hallarda peşə kimi yanaşmaqla bağlıdır. Belə ki, jurnalistika bəzən peşədən çox, reaksiya, münasibətdir. Məsələn, məşhur Plutzer mükafatını alanlardan biri adi vətəndaş idi. Deməli, xüsusilə İKT-nin inkişaf etdiyi bir vaxtda nəinki jurnalistika ixtisasına yiyələnməmək, jurnalist vəsiqəsinə sahib olmamaq da ciddi problem deyil. Əgər jurnalistika ictimai rəy yaratmaqdırsa, bunu digər peşə sahibləri, o cümlədən həkimlər, politoloqlar, iqtisadçılar da edə bilərlər. Yaxşı jurnalist olmaq üçün jurnalistika ixtisasına yiyələnmək, diplom sahibi olmaq şərt deyil. Amma, fikrimcə, jurnalistika təlimi keçmək labüddür. Bu, medianın ümumi prinsipləri, etik kodeskləri barədə məlumatlı olmaq üçündür.

- Ümumiyyətlə, jurnalistika fakültələrinin tədris proqramlarında hansı dəyişikliyə ehtiyac var?

- Düzü, son tədris proqramları barədə məlumatlı deyiləm. Amma jurnalistika əsas üç istiqamətdə- informasiya ilə iş; tələb olunan nəzəri və praktiki biliklərin formalaşması; azadlıq prinsiplərinin, o cümlədən etik kodekslərin aşılanması baxımından tədris edilməlidir. Bəzən universitetlərin nəzəriyyə ilə praktikanı qarşı-qarşıya qoymasından gileylənirlər. Bunu daha çox öyrədilənləri təcrübədə tətbiq edə bilməyənlər deyirlər. Fikrimcə, nəzəriyyə və praktika bir-birini tamamlayır və biri olmadan digərini təsəvvür etmək olmaz. Ali məktəblər isə tələbələri sahənin tələbləri əsasında yox, özləri ideal jurnalisti necə görürlərsə, elə yetişdirməlidirlər. Amma təəssüf ki, bəzən mənasız addımlar da atılır.

- Nə kimi?

- Məsələn, ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanının keçirilməsi buna bariz nümunədir. Hələ də jurnalisti ancaq yaxşı yazan biri kimi təsəvvür edirlər. Dünyada jurnalistika sahəsində yeni proqramlar tərtib olunub. Zənnimcə, biz də onlardan yararlanmalı və tədrisi daha çox yeni texnologiyaların jurnalistikaya təsiri üzərində qurmalıyıq.