Diqqət! Diqqət! Danışır Bakı! Artıq səsimiz Qarabağda eşidilir


Tezliklə işğaldan azad olunmuş bütün rayonlarımızda radio və televiziya yayımı bərpa olunacaq
"Biz həm də orada, bütövlükdə Qarabağda yaşayan erməni əhalini də hədəf almalıyıq. Radio kanallarımız özəlliklə də erməni dilində verilişləri efirə verərsə,  işin xeyrinə olar"

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 


Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub, Cəbrayılda isə işlərə başlanılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İB (Teleradio) tərəfindən Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub. 

Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin bərpası istiqamətində də işlərə başlanılıb. Cari ilin sonunadək stansiyanın istismara veriləcəyi gözlənilir. Sözügedən stansiyanın istismara verilməsi nəticəsində Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisində radio-televiziya yayımı təmin olunacaqdır. Buna paralel olaraq, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilmiş Qubadlı stansiyasının infrastrukturunun yenidən qurulması və Zəngilan rayonu ərazisində yerləşən mövcud Mincivan stansiyasında müvafiq rekonstruksiya işləri görülməklə bu rayonların ərazilərində radio-televiziya yayımlarının bərpası üzrə müvafiq işlər aparılır. Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq, 31 dekabr 2020-ci il tarixindən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Sonda xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq azad olunmuş ərazilərdə digər istiqamətlərdə də işlər davam etdirilir.

İşğaldan azad olunmuş ərazilərimizdə radio və televiziya yayımlarının xüsusi önəmi olduğunu vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu önəmlidir. Media eksperti qeyd edib ki, buna görə də həmin bölgələrimizdə televiziya və radio yayımının əlçatanlığı təmin olunmalıdır: 

"Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə normal həyatın bərpası əlbəttə ki, bizi sevindirməyə bilməz, o cümlədən də televiziya və radio yayımlarının bərpa edilməsi. Sevindirici haldır ki, artıq Kəlbəcərdə radio və televiziya yayımı  bərpa edilir, Cəbrayılda isə bu istiqamətdə işlər görülür. Əlbəttə ki, Azərbaycanda mövcud olan televiziya və radio kanallarının işğaldan azad olunmuş torpaqlarımızda rahat şəkildə yerüstü yayımının həyata keçirilməsi olduqca vacibdir. Çünki birincisi, ora həyat qayıdır, yəni insanlarımız ora qayıdıb yaşamağa başlayacaqlar. Hazırda isə bilirik ki, orada müxtəlif xidmətlərin nümayəndələri - polislərimiz, əsgərlərimiz yaşamaqdadılar. Eyni zamanda, quruculuq işlərinə cəlb edilmiş çoxsaylı vətəndaşlarımız da oradadır. Təbiidir ki, onların televiziya və radio yayımına əlçatanlığı təmin edilməlidir. İkinci bir tərəfdən də qeyd edim ki, vətəndaşlarımız işğaldan azad olunmuş bölgələrimizdə  yaşamağa başlayanda mütləq televiziyaya baxmaq və radio dinləmək istəyəcəklər. Bu baxımdan da bu məsələ önəmlidir".

A.Həsrət qeyd edib ki, ölkə daxilində yayımlanan verilişlər işğaldan azad edilmiş torpaqlarımızda da yayımlanacaq: 

"Ola bilər ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə yerli kanallar qurulacaq. Bu, təbii ki, gələcəyin işidir. Digər tərəfdən də əlbəttə, biz həm də orada, bütövlükdə Qarabağda yaşayan erməni əhalini də hədəf almalıyıq. Düşünürəm ki, radio kanallarımız özəlliklə də erməni dilində verilişləri efirə verərsə, indinin özündə belə verərsə, işin xeyrinə olar. Onu da qeyd edim ki, artıq  Şuşada "CBC FM" radio kanalı  fəaliyyət göstərir. Düzdür, onu dinləmək imkanım olmayıb. Orada əgər erməni dilində verilişlər yayımlanırsa, bu çox yaxşıdır. Əgər yoxdursa, bunun olması çox vacibdir. 

Eyni zamanda, rus dilində də verilişlərin olması vacib nüanslardandır. Çünki hələlik orada rus dilli bir kontingent var. Özəlliklə də Rusiya sülhməramlıları üçün verilişlərin olması faydalıdır. Hesab edirəm ki, bu işlərlə işi bilənlər məşğul olmalıdır. Burada yaşlı insanlar da, gənclər də ola bilər. Ancaq əsas məsələ odur ki, Azərbaycan dövlətinin ideoloji xəttini düzgün müəyyənləşdirən və bu xəttə sadiq olan insanlar bu işlərin başında olsun. Yəni təsadüfi adamların, kiminsə qohumu, tanışı bu işlərə cəlb edilərsə, o zaman effektiv nəticə əldə edə bilməyəcəyik. 

İşin mahiyyətini bilən, doğrudan da dövlət xəttini efir vasitəsilə orada yaşayan əhaliyə çatdıra biləcək insanlar bu işlərin başında olarsa, çox faydalı olar".