“Media haqqında” Qanun layihəsinin müzakirəsinə SÖZARDI:“...Arqumentlər yerindədir”

Xəbər verdiyimiz kimi, 22 dekabr 2021-ci il tarixində Medianın İnkişafı Agentliyində “Media haqqında” Qanun layihəsinin ictimai dinləmələri çərçivəsində növbəti müzakirə keçirilib. Görüşdə  Milli Məclisi Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc,millət vəkili Qüdrət Həsənquliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, həmçinin bir sıra media subyektlərinin nümayəndələri iştirak ediblər. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov müzakirədə səsləndirilən sualları ətraflı cavablandırıb,rəy və təkliflərə münasibət bildiriblər.

 Maraqlıdır, belə müzakirələrin keçirilməsi “Media haqqında qanun”un qəbulunda nə dərəcədə önəmlidir? 

Mövcud qanun layihəsinin tənqid edən media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər  Məmmədli  “Sherg.az”a bildirib ki,bu tip qanun layihələri geniş ictimai müzakirələrdən keçərək qəbul olunmalıdır: 

“Çünki onun  mahiyyəti  cəmiyyətin çox böyük hissəsini əhatə edən informasiyanı və onun subyektlərini tənzimləməyi hədəfləyir. Bu baxımdan belə qanunlar yalnız ictimaiyyətin rəyi uzlaşmalı və sonra tətbiq edilməlidir”.

Ekspert  dövlətin bu məsələyə müdaxiləsinin də məhdud olduğunu vurğulayıb: 
“Yəni burda dövlət istədiyi normanı müəyyən edə bilməz. Çünki ifadə və media azadlığı hər ikisinə dövlətin qarışmama öhdəliyi onun müdaxiləsindən daha öndədir. Bu qanun da məhz qarışmamanı öndə tutmalı, yalnız dövlətin müdaxilə edə biləcəyi televiziya və radio sahəsinin lisenziyalaşma standartlarını müəyyən edə bilməlidir”.

Ə.Məmmədliyə görə,hazırda qanun layihəsinin qəbulu ilə bağlı fərqli düşünənlərin arqumentləri yerindədir:

 “Onlardan biri də mənəm. Düşünürəm ki, bu tip qanun qəbul olunarkən göydəndüşmə və medianı məhdudlaşdırma məntiqi ilə hərəkət etmək doğru olmaz.Əks fikirlər dinlənilməli, onlara  məruzə olunmalı və ona uyğun şəkildə qanun layihəsi üzərində yenidən işlənilməlidir”.