“Media haqqında” qanun təsdiqləndi! – “Milli informasiya mühiti sağlamlaşacaq”

Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqləyib. Sənəd media sahəsində fəaliyyətin təşkilatı, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Yeni qanunun vəd etdiyi perspektivlər barədə "Sherg.az"a danışan “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri, “Rupor.az” saytının baş redaktoru Ceyhun Musaoğlu  bildirib ki, bu qanun təsdiq edilməzdən öncə  ciddi müzakirələrə səbəb olub:

“Onun formalaşmasında jurnalistikanın bütün təbəqələri iştirak etdi. Bizdə  KİV haqqında qanun 18 ildir dəyişmir, əlavə və dəyişikliklər edilmirdi. Görünən o idi ki, jurnalistikanın bu qədər inkişafına baxmayaraq o, donub qalıb.Yeni qanunun qəbuluna böyük zərurət var idi”. 

C.Musaoğlunun fikrincə, hər bir ölkənin mətbuatı dünyəvi olduğu qədər də millidir və bu qanun da milli informasiya mühitinin sağlamlaşdırılmasına xidmət edir: 

“Bizdə milli informasiya mühitini bir qədər yanlış anlayırdılar. Bu müstəvidə yayılan xəbərlərin də sayı az, milli mətbuat deyilən anlayışsa sıradan çıxmaq üzrə idi. Milli media dövlətin sütunlarından biridir. O ölkənin bu gününü, dünənini unutmağa imkan vermir və onun gələcəyini hazırlayır. Bu mənada milli informasiya mühitin sağlamlaşması üçün yeni qanun önəmlidir”.

Baş yazar “Media haqqında” qanun layihəsinin müsbət tərəflərindən söz açıb:

 “Yeni qanun informasiya resurslarının güclənməsi, plüralizmin qorunması, rəqabət mühitinin yaranması, peşəkarlıq meyarlarının müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradır. Bildiyimiz kimi  jurnalistika azad sahədir. Ora istənilən şəxs gəlib fəaliyyət göstərə bilər. Amma bu fəaliyyətin hansı səviyyədə olacağı önəmlidir. Bir ara bu sahə genişləndi və kim necə gəldi fəaliyyətə başladı. Yeni qanunsa həm hüquqi,həm mənəvi, həm də peşəkarlıq  sərhədlərini müəyyənləşdirir. “Jurnalist  necə olmalıdır?” sualına tam şəkildə cavab verilir. Digər tərəfdən jurnalistlərin sosial rifahının yaxşılaşdırılması da ciddi məsələlərdən biri idi. Bu qanun açıq şəkildə onlara güzəştlərdən, imtiyazlardan yararlanmaq imkanı tanıdı”. 

C.Musaoğlu yeni  qanunda əksini tapan reyestr məsələsinə diqqət çəkib:

“Orda media reyestri ilə bağlı bəndlər var. Onları diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, media reyertrindən keçmək jurnalistlər üçün müsbət olacaq. Ən azından onların konkret sayı bilinəcək. Bu da juranlistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müəyyən işlərin görülməsini asanlaşdıracaq. Media reyestrinə daxil olmamaq heç də jurnalistikadan kənarda qalmaq deyil .Əgər sən qanunun tələblərinə əməl edib, peşəkar jurnalistika ilə məşğul olursansa,  jurnalistsən. Bu reyestr sadəcə olaraq jurnalistlərin vəziyyətini müəyyənləşdirəcək”. 
Baş yazar hesab edir ki, “Media haqqında” qanun  mütərəqqi xarakter daşıyır və orda əks olunan şərtlər jurnalistika mühitinin daha da inkişafına xidmət edir.