Məhkəmə orqanları ilə mətbuat arasında kommunikasiya kanalları şəffaf və açıq olmalıdır
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Azərbaycanda söz, mətbuat və ifadə azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısının diqqət və qayğısı ilə ölkəmizdə mətbuatın sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılır. İctimai maraqlara cavab verən və müsbət qarşılanan bu yanaşmalar insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı təmin olunmasını şərtləndirir. Hüquqi dövlət quruculuğunun mühüm məsələləri sırasında KİV-in cəmiyyətdə rolu və onların məhkəmə hakimiyyəti ilə münasibətləri xüsusi yer tutur.
Kütləvi informasiya vasitələri ictimai fikir ilə yanaşı, cəmiyyətdə hüquq mədəniyyətinin də formalaşdırılmasında mühüm rol oynayır. Məhkəmələr cəmiyyətdə hüquq münasibətlərinin tənzimləyicisi rolunu oynayır, vətəndaşların maraqlarının tarazlaşdırılmasına xidmət göstərir, həmçinin dövlətin mənafeyinin təminatçısı kimi çıxış edir.
Məhkəmələrin ictimaiyyətlə işinin ən yaxşı forması məhkəmə proseslərinin qanuna müvafiq, yüksək peşəkarlıqla aparılmasıdır. Məhkəmələrin fəaliyyəti ilə bağlı məlumat əldə edərək onu ictimaiyyətə çatdırmaq mətbuatın vəzifəsi olduğu kimi, məhkəmə hakimiyyətinin də ədalət mühakiməsinə etimadın artırılması məqsədilə kütləvi informasiya vasitələrində əhalinin hüquqi maarifləndirilməsinə ciddi ehtiyacı var.
Mətbuat ilə məhkəmənin dialoqu son dərəcə zəruridir. Kütləvi informasiya vasitələrinin məhkəmə orqanları ilə əməkdaşlığının əsasında cəmiyyətdə insan hüquqlarının müdafiəsi sahəsində baş verən hadisələri nəzarətdə saxlamaq məqsədi dayanır. Ədalət mühakiməsini həyata keçirən və hər kəsin qanunla müəyyənləşdirilmiş hüquq və azadlıqlarının qorunması vəzifəsini yerinə yetirən məhkəmə hakimiyyəti KİV-lərlə daim əməkdaşlıq etməkdə maraqlıdır. Məhkəmə hakimiyyəti jurnalistlərlə əməkdaşlıq zamanı həm də müəyyən mənada “izahedici və öyrədici” funksiyanı yerinə yetirir. Məhkəmənin fəaliyyətinin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması vətəndaş cəmiyyətinin və hüquqi dövlətin inkişafının zəruri şərtidir.
Məhkəmə hakimiyyəti ədalət mühakiməsini həyata keçirən və hər kəsin qanunla müəyyənləşdirilmiş hüquq və azadlıqlarını qoruyan hakimiyyət orqanı kimi KİV ilə sıx əməkdaşlıq edir. Bu münasibətlərin sistemli xarakter alması və cəmiyyətin mənafeyi baxımından belə görüşlər mühüm əhəmiyyət daşıyır.
Məhkəmə sisteminə etimadın əsasən məhkəmə proseslərinin mətbuatda necə işıqlandırılmasından asılı olduğunu nəzərə alsaq, şübhəsiz ki, məhkəmə orqanları ilə mətbuat arasında kommunikasiya kanallarının şəffaf və açıq olması vacibdir.
Məhkəmə orqanları jurnalistlərlə paylaşılmasına icazə verilən məlumatları onlara vaxtında təqdim etməlidirlər. Başlanğıc nöqtəsi kimi, bu iki peşənin sahibləri arasında qarşılıqlı etimad olmalıdır: hakimlər jurnalistlərin məsələləri necə işıqlandırmalı olduğunu diktə etməklə onlara təsir göstərməyə çalışmamalı, jurnalistlər isə hakimlərin qərarları qəbul və tərtib etmək vəzifəsinə müdaxilə etməməlidirlər. Məhkəmə orqanları mətbuat azadlığına hörmət etməli, media isə qanun çərçivəsində işləməlidir.
Bu istiqamətdəki əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə
Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib.
Təlimdə həmçinin məhkəmə-media münasibətlərinin müasir reallıqlara söykənməsi, cəmiyyətdə məhkəmə hakimiyyətinə, mediaya etimad və inamın dərinləşməsinin vacibliyi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Ədliyyə Nazirliyi İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, təlimdə əldə olunacaq biliklər jurnalistlərin gündəlik iş rejiminə müsbət təsir göstərəcək.
Daha sonra Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin başlıca hədəfinin ədliyyə orqanları ilə medianın münasibətlərinin daha da şəffaflaşdırılması işinə xidmət olduğunu bildirib. Bu münasibətlərin ölkəmizin beynəlxalq imici üçün müstəsna əhəmiyyətinin olduğunu vurğulayan N.Məmmədli jurnalistlərin kommunikasiyaya qoşulmasının cəmiyyətin daha çox məlumatlandırılması baxımından önəmli olduğunu diqqətə çatdırıb: "Biz ötən il 600-dan çox jurnalist üçün təlim keçirmişik. Media İnkişaf Agentliyi olaraq bu il də 800-ə yaxın jurnalist üçün təlim keçirəcəyik. Bugünkü təlim də sahəvi jurnalistikanın inkişafına təkan verməkdir. Hər bir qurum jurnalistə xəbər verməsində problem yaratmamalıdır. Əks halda qeyri-dəqiq məlumatların yayılmasına səbəb olar".
Media eksperti Azər Həsrət isə “Şərq”ə açıqlamasında medianın məhkəmə fəaliyyətinin, məhkəmə işlərinin işıqlandırılmasında daim maraqlı olduğunu deyib.
Ədliyyə Nazirliyinin KİV-lərlə fəal əməkdaşlığın qurulmasına böyük əhəmiyyət verdiyini və bu sahədə səmərəli əməkdaşlığın qurulduğunu deyən A.Həsrət keçirilən birgə tədbirlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb: “Onu da deyim ki, Azərbaycanda hüquq və ədliyyə sahəsində ixtisaslı jurnalistlərin sayı yetərli deyil. Bu sahədən yazmaq və prosesləri işıqlandırmaq üçün ixtisaslı kadrların yetişdirilməsinə ciddi ehtiyac var. Amma bu sahə də bir az kölgədə qalıb və ona görə də ciddi problem yaşanır. Ədliyyə orqanlarının ictimaiyyətlə və KİV-lə əlaqələrinin qurulması, ədliyyə-media-vətəndaş münasibətlərinin daha da yaxınlaşdırılması və inkişafı spesifik hüquqi metodlara əsaslanır.
Ədliyyə sisteminin media ilə kommunikasıyasında müəyyən çatışmazlıqlar da yox deyil. Daha doğrusu, bu istiqamətdə əlaqələr də yüksək səviyyədə deyil. Ədliyyə Nazirliyi bir qurum olaraq ictimaiyyətə və mediaya açıq qurumdur və informasiyaların əldə edilməsində jurnalistlər bir çətinlik yaşamır. Amma Bakı şəhərini çıxmaqla digər şəhər və rayonlarımızdakı ədliyyə orqanları ilə bağlı məlumatlar çox azdır.
Demək ki, regionlardakı ədliyyə orqanları ilə medianın kommunikasiyası qənaətbəxş səviyyədə qurulmayıb. Bu məsələdə müvafiq qurumları sərt tənqid etməyin tərəfdarı deyiləm, media olaraq bizim də qüsurlarımız var.
Amma Ədliyyə Nazirliyi və Medianın İnkişafı Agentliyinin bu təşəbbüsü ilkin addım kimi təqdirəlayiqdir. İnformasiyanın əlçatanlığı məsələsində media-ədliyyə münasibətlərini daha intensiv müstəviyə keçirmək olar”.