Şuşada Beynəlxalq Media forumu keçirilib. İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan forum Azərbaycan mətbuatının 147 illiyinə həsr olunub. "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri iştirak edib. Forum çərçivəsində keçiriləcək panellərdə "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunub.
Forumun Şuşada keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu deyən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli "Sherg.az"a bildirib ki, forumda mətbuatın hansısa problemi həll olundu demək yersiz olardı:
"Forumun Şuşada keçirilməsinin mətbuatla əlaqəsi olmasa da, ictimaiyyətə mesajlar vermək , Şuşa ilə bağlı tarixi həqiqətləri dilə gətirmək,dünya mediasında gedən trendlərə münasibət baxımından vacib səfər idi. Faktiki olaraq yaxşı təşkilatçılıq var idi. Fərqli media nümayəndəliklərinin olması forumun maraqlı cəhətlərindən biri idi.
Ən yaddaqalan amillərdən biri də Füzuli hava limanı oldu. Heç düşünməzdim ki, bu qədər qısa zaman da, belə bir hava limanı tikilib, istifadəyə verilə bilər. Forum da iştirak edən könüllüləri xüsusi qeyd etmək istəyirəm.
Onlar mənə xoş təsir bağışladı. Oradakı bəzi çıxışlar, xüsusən də, Yuri Qusmanın fikirləri təqdirəlayiqdir. Əlbəttə ki, çıxışların hamısını təhlil etmək mümkün deyil.
Lakin forumda maraqlı çıxışların olması ilə yanaşı,jurnalistikanın və medianın fəlsəfəsinə zidd fikirlər də var idi.Bunun özü bir fikir plüralizmidir və maraq doğurur. Ümumilikdə Şuşa forumu xoş təəssürat yaratdmaqla, yanaşı medianın vəzifəsini də insanların yadına saldı.
Forumda medianın dəqiqliyi,qərəzsizliyi, operativliyi, feyk xəbərlərin qarşısının alınması ilə bağlı danışıldı. Hesab edirəm ki, bunların hamısı vacib məsələlərdir".