"Media reyestri jurnalistikanın sərhədlərini müəyyən edəcək"

“Vahid bir media reyestrinin yaradılması ölkəmizdə real jurnalistikanın kimlərdən ibarət olduğu gerçəyini göstərəcək”

Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Qaydalarda yer alan önəmli məqamlardan biri də  Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqələrinin verilməsi məsələsidir. "Editor.az" saytınn baş redaktoru, jurnalist Fərid Şahbazlı bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Medianın İnkişafı Agentliyi bunun könüllü  proses olduğunu dəfələrlə vurğulayıb:

 “Reyestrdən keçmək istəyən jurnalistlər, media qurumları bunun üçün müraciət edə bilərlər. İstəməyənlərin isə jurnalist fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Bu məsələnin birinci müsbət tərəfidir. Ümumilikdə hesab edirəm ki, media reyestrinin aparılması Azərbaycan jurnalistikasında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olacaq. 

Dünyanın bir çox ölkəsində rast gəlinən bu praktikadan xüsusilə qardaş ölkə Türkiyə də uzun illərdir, istifadə edir. Biz qəbul etməliyik ki, hazırda ölkəmizdə jurnalistlərin, media nümayəndələrinin adından istifadə edən, bu peşə ilə məşğul olmayan, onu özünə qalxan edib qeyri-qanuni işlərlə məşğul olan şəxslər var. 

Təbii ki, jurnalistikamızda sayı çox olmayan bu şəxslər ümumilikdə cəmiyyətdə Azərbaycan jurnalistlərinin imicini korlayan addımlar atırlar. Bu mənada vahid media reyestrinin yaradılması ölkəmizdə
jurnalistikanın sərhədlərini müəyyən edəcək.

 Bu reyestr haqqı olan jurnalistlərə bir neçə istiqamətdə faydalı olacaq. Ölkəmizdə real jurnalistilərin sayı bəlli olacaq. Beləcə, Medianın İnkişafı Agentliyi də həmin jurnalistlər üçün sosial-iqtisadi dəstək paketləri hazırlayacaq. Jurnalistlərin dövlət dəstəklərindən istifadəsinə şərait yaradacaq. 

Bu addım jurnalistlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsi və onların ictimaiyyət tərəfindən daha ciddi qəbul edilməsinə gətirib çıxaracaq”.