"Şuşa" qəzetinin 90 yaşı oldu

"Gün gələr Şuşada yenə nəşrə başlayarıq"

  Əslən Şuşadan olan həmkarımız Kəmalə Cahidqızı feysbuk səhifəsində “Şuşa” qəzetinin yubileyi ilə bağlı paylaşım edib. Təəssüf ki, kədərli paylaşımdır. “Şuşa”nın yubileyinin təntənəli şəkildə, paytaxtın və ya mədəniyyət paytaxtımızın hansısa təmtəraqlı salonlarından birində qeyd edildiyi xəbərinə də rast gəlmədik dünənki informasiyalar arasında. “Şuşa”lıları üzür bu biganəlik. Kəmalə xanım da elə bu biganəlikdən yazıb: 

“Bəli, "Şuşa"mızın 90 yaşı oldu. "Şuşa" qəzeti təcrübəli, peşəkar jurnalistlərin mətbu orqanı idi. İmzası ölkə mediasında kifayət qədər tanınan jurnalistlər yetirdi. 1988-1992-ci illərdə ölkədə senzuranın tüğyan etdiyi bir zamanda Qarabağ həqiqətlərini ölkəyə, bəzən ölkədən kənara çatdırmaq üçün "Şuşa" qəzetinin əməkdaşları son günə - 1992-ci ilin 8 mayına qədər raket, top atəşləri altında işlədilər, fədakarcasına şəhəri tərk etmədilər. Əslində "ŞUŞA" 90 yaşı daha təntənəli şəkildə qeyd edilməyə layiq idi. Təəssüf, heç edilmədi...  Heç bir tədbir keçirilmədi. Çox yerlərə çox müraciətlər etsəm də... "Şuşa" qəzetinin müharibə dövründəki fəaliyyətini əks etdirən yeganə layihəni – Şuşadakı faciələrin şahidi jurnalistlər danışır – layihəsini ərsəyə gətirən Ayaz Mirzəyevə, eləcə də Zəka Quliyevə, Zaur Hacıyevə dərin təşəkkürlər.... 16 dəqiqəlik film əslində çox mətləblərdən bəhs edir, vaxtı və həvəsi olanlar buyurub izləyə bilər...” 
  Kəmalə Cahidqızı qeyd edib ki, “Baku TV”də yayımlanan filmi “Şuşa” qəzetinin əməkdaşları yaradıcı qrupla birgə, öz təşəbbüsləriylə reallaşdırıblar. Film “Şuşa” qəzetinin 90 illiyinə qəzet əməkdaşlarının hədiyyəsidir. “Biz hər gün ölüb dirilirdik” deyən jurnalistlər şəhərdə baş vermiş hadisələri, blokadada olan şəhərin dirənişini, yerli özünümüdafiə batalyonu döyüşçülərinin igidliyindən danışırlar. “Şuşa ili”ndə “Şuşa” qəzetinin yubileyinin qeyd edilməməsi təəssüf doğurur. Amma yenə də “Şuşa” qəzeti Şuşa şəhərinin özü kimi məğrur qarşılayır, laqeydliyi. Şuşalı jurnalistlərin dediyi kimi “gün gələr Şuşada yenə nəşrə başlayarıq, yubileyimizi də bir qədər geciksə də, Şuşada qeyd edərik”. “Şuşa”mızın 90 yaşı mübarək olsun!