Mehmet Gökhan Özçubukçu: Naxçıvana hücum Türkiyə-Azərbaycan strateji təhlükəsizliyinə çağırışdır

İranın Naxçıvana dronla hücumundan sonra Yaxın Şərqdə region ölkələri təhlükəsizlik risklərini azaltmağa yönəlmiş müxtəlif siyasi mesajlar və qərarlar verməyə başlayıb. 20-dən çox ölkə rəsmi Tehranın Azərbaycana hücumunu pisləyib. Hücumdan sonra İran etdiyi terror aktını təkzib etmişdi. Bu gün isə İran Prezidenti Məsud Pezeşkianın son açıqlaması diqqət çəkir. O, İranın Müvəqqəti Rəhbərlik Şurasının qonşu ölkələrə qarşı hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə raket və dron zərbələri endirməmək barədə qərar qəbul etdiyini bildirib. Pezeşkian videomüraciətində İranın region dövlətləri ilə düşmənçilik niyyətində olmadığını vurğulayıb və qonşu ölkələrə üzrxahlıq edib.

Beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu Sherg.az-a İranın Naxçıvana qarşı törətdiyi terror aktının səbəblərindən danışıb:

"Naxçıvana qarşı həyata keçirilən dron hücumu ilk baxışdan Azerbaycan ilə İran arasındakı gərginliyin yeni təzahürü kimi görünsə də, əslində bu hadisə daha geniş geosiyasi çərçivədə qiymətləndirilməli inkişafdır. Cənubi Qafqaz tarix boyu böyük güclərin rəqabətinin kəsişdiyi bir coğrafiya olub. Regional böhranlar isə çox vaxt bu bölgənin strateji mövqeyi səbəbindən beynəlxalq ölçü qazanıb. Bu gün baş verən hadisələr də həmin tarixi reallığın müasir təzahürüdür. Naxçıvana qarşı hücum yalnız Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bir pozuntu deyil. Bu, eyni zamanda bölgədəki təhlükəsizlik arxitekturasını, Türkiyə ilə Azerbaycan arasındakı strateji ittifaqı və Yaxın Şərqdəki müharibə mühitinin Qafqaz regionuna yayılma ehtimalına birbaşa təsir edən hadisədir. Bu hadisənin diqqət çəkən cəhətlərindən biri də hücumun baş verdiyi siyasi atmosferdir. İlham Əliyev qısa müddət əvvəl İran səfirliyini ziyarət edərək İranda həyatını itirmiş yüksək vəzifəli şəxslərlə bağlı başsağlığı verdi. O, Azerbaycanın qonşuları ilə sülh və sabitlik prinsipləri əsasında münasibətlər qurmaq istədiyini bildirdi. Diplomatik nəzakətin göstərildiyi bu səfərdən dərhal sonra Naxçıvanın hədəfə alınması Bakıda ciddi narazılıq doğurdu. İlham Əliyev verdiyi açıqlamada hücumu son dərəcə sərt ifadələrlə qınadı və bunu açıq şəkildə “terror aktı” kimi qiymətləndirdi. Naxçıvanda baş verən hücumun hədəflərinə baxdıqda vəziyyətin ciddiliyi daha da aydın görünür. Hücum nəticəsində Naxçıvan Beynəlxalq Aeroportunun binasına zərər dəyib, bir dron isə məktəb yaxınlığındakı yaşayış məntəqəsinə düşüb. Mülki infrastrukturun və yaşayış sahələrinin hədəfə alınması beynəlxalq hüquq baxımından son dərəcə ağır pozuntudur. Çünki beynəlxalq humanitar hüquq açıq şəkildə mülki şəxslərin və mülki obyektlərin hədəfə alınmasını qadağan edir. Bu səbəbdən Bakı rəhbərliyi bu hücumu yalnız hərbi təxribat kimi deyil, həm də beynəlxalq hüququn pozulması xarakteri daşıyan terror hücumu kimi qiymətləndirir".

Ekspert baş verən hadisələri tarixi kontekstdən də dəyərləndirib:

"1921-ci ildə imzalanmış "Moskva müqaviləsi" və daha sonra bağlanmış "Qars Müqaviləsi" Naxçıvanın statusunu müəyyən edən ən mühüm beynəlxalq müqavilələrdir. Bu müqavilələr təkcə sərhədlərin müəyyənləşdirilməsi deyil, həm də regional təhlükəsizlik sisteminin əsas sütunlarından biri kimi qəbul edilir. "Moskva Müqaviləsi" (1921) ilə Naxçıvanın Azərbaycana bağlı muxtar bölgə kimi qalması qərara alınıb və bu statusun başqa bir dövlətə verilə bilməyəcəyi açıq şəkildə ifadə olunub. Həmin il imzalanmış "Qars Müqaviləsi" isə bu tənzimləməni təsdiqləyib və Türkiyəyə Naxçıvanın statusunun qorunması məsələsində xüsusi rol verib. Bu vəziyyət Naxçıvanın beynəlxalq hüquq baxımından Azərbaycanın bölgəsi olmaqla yanaşı, Türkiyənin də tarixi və hüquqi baxımdan təhlükəsizlik məsuliyyəti daşıdığı coğrafiya olduğunu göstərir. Bu səbəbdən Naxçıvana qarşı hər hansı bir hücum yalnız Azerbaycanın suverenliyinə qarşı həyata keçirilmiş hərbi addım kimi qiymətləndirilə bilməz. Belə bir hücum eyni zamanda "Moskva Müqaviləsi" və "Qars Müqaviləsi" ilə formalaşdırılmış regional nizamın sorğulanması anlamına da gəlir. İlham Əliyevin açıqlamalarında da bu vurğunun açıq şəkildə göründüyü müşahidə olunur. O, Naxçıvanın hədəfə alınmasını yalnız Azərbaycana qarşı hücum kimi deyil, bölgədəki sabitliyi hədəf alan bir təşəbbüs kimi qiymətləndirib. Bu hücumu həyata keçirənlərin beynəlxalq hüquq qarşısında cavab verməli olduqlarını vurğulayıb. Çünki mülki infrastruktura və yaşayış məntəqələrinə qarşı hücumlar müasir beynəlxalq hüquq sistemində açıq şəkildə müharibə cinayəti sayılan əməllər sırasına daxildir".

Analitik bildirib ki, 2020-ci ildə baş vermiş II Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni siyasi və təhlükəsizlik balansı formalaşıb:

"Azərbaycanın Qarabağdakı qələbəsi yalnız ərazi bütövlüyünün bərpası ilə yanaşı, regiondakı güc balansını da ciddi şəkildə dəyişdirib. Bu prosesin ən mühüm nəticələrindən biri isə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da institusionallaşması olub. 2021-ci ildə imzalanmış "Şuşa Bəyənnaməsi" iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəd kimi qiymətləndirilir. Bu bəyannamədə tərəflərin təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı həmrəylik içində hərəkət edəcəyi açıq şəkildə qeyd olunub. Bu isə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin yalnız mədəni və tarixi bağlara əsaslanan qardaşlıq münasibəti olmaqdan çıxaraq, güclü strateji ittifaqa çevrildiyini göstərir. Bu çərçivədə Naxçıvana qarşı hər hansı bir hücum yalnız Azərbaycanın təhlükəsizliyini maraqlandıran məsələ kimi qiymətləndirilə bilməz. Çünki Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq iki ölkənin təhlükəsizlik məsələlərində birgə hərəkət etməsini tələb edən çərçivə formalaşdırır. Buna görə də Naxçıvanda baş verən hadisələr Ankara ilə Bakı arasındakı ittifaqın nə qədər mühüm olduğunu bir daha göstərir. Başqa sözlə, Naxçıvana qarşı hücum yalnız Azərbaycana deyil, Türkiyə ilə Azərbaycan arasında qurulmuş strateji təhlükəsizlik arxitekturasına qarşı çağırış kimi də şərh olunur".

Politoloq qeyd edib ki, bu gün Yaxın Şərqdə baş verən hadisələrin regional təhlükəsizlik balansını son dərəcə kövrək hala gətirib: 

"İran ilə ABŞ və İsrail arasında getdikcə artan gərginlik yalnız Yaxın Şərq coğrafiyasını deyil, ətraf bölgələri də təsir altına ala biləcək potensiala malikdir. Buna görə də Naxçıvanda baş verən hücumu yalnız Azərbaycan ilə İran arasındakı ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirmək natamam analiz olar. Qafqaz regionu uzun müddətdir həssas təhlükəsizlik sahəsi kimi qiymətləndirilir. Xüsusilə Azərbaycanın Türkiyə və İsrail ilə inkişaf etdirdiyi münasibətləri Tehran rəhbərliyi yaxından izləyir. Bu səbəbdən zaman-zaman Azərbaycan ilə İran arasında siyasi və hərbi gərginliklərin yarandığı müşahidə olunur. Lakin bu gün baş verən hadisələr yalnız bu gərginliklə izah edilə bilməyəcək qədər geniş kontekstə malikdir. Yaxın Şərqdə mövcud olan müharibə mühitinin müxtəlif coğrafiyalara yayılma ehtimalı Qafqaz regionunun da bu prosesin bir hissəsinə çevrilməsi riskini artırır. Naxçıvana qarşı hücumun da məhz bu çərçivədə qiymətləndirilməsi zəruridir. Çünki belə bir addım müharibənin coğrafiyasını genişləndirmək və yeni cəbhələr formalaşdırmaq strategiyasının bir hissəsi kimi də qiymətləndirilə bilər. Nəticə etibarilə, Naxçıvanda baş verən hücum Cənubi Qafqaz regionunun nə qədər həssas təhlükəsizlik mühitinə malik olduğunu bir daha nümayiş etdirir. İlham Əliyevin də ifadə etdiyi kimi, bu hücum yalnız hərbi təxribat deyil, eyni zamanda mülki yaşayış məntəqələrini hədəf alan terror aktıdır. Baş verən hadisə yalnız Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bir pozuntu deyil. Bu hücum eyni zamanda "Moskva Müqaviləsi" və "Qars Müqaviləsi" ilə formalaşmış tarixi nizamın, eləcə də Türkiyə ilə Azərbaycan arasındakı strateji ittifaqın sınağa çəkildiyi hadisədir. Bundan əlavə, Yaxın Şərqdə getdikcə genişlənən müharibə mühiti, bu hücumun regional münaqişələrin müxtəlif coğrafiyalara yayılması ehtimalını da gündəmə gətirib".

Müsahibimiz vurğulayıb ki, bu gərginlik nəzarət altına alınmasa, Cənubi Qafqaz yeni geosiyasi böhran zonasına çevriləcək: 

"Buna görə də Naxçıvanda baş verən hadisələr Azərbaycanla yanaşı, Türkiyə və ümumilikdə regional təhlükəsizlik arxitekturasının gələcəyi üçün son dərəcə kritik əhəmiyyət daşıyır".