İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir
Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib.
Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir.
"Böyüq Qayıdış" xalqımızın qarşısında duran müasir tariximizin aktual çağırışıdır. Biz artıq o torpaqlara qayıdırıq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz işğaldan azad olan torpaqları cənnət-məkana çevirəcəyik!
44 günlük Vətən müharibəmiz Azərbaycanın 30 ilə qədər işğalda qalan torpaqlarının qayıtması ilə nəticələndi. Bununla da, Azərbaycan həm də beynəlxalq hüququ və ali ədaləti bərpa etdi. Artıq Qarabağ torpaqlarında, Şərqi Zəngəzurda müharibə bitəndən sonra minaların təmizlənməsi ilə paralel abadlıq, quruculuq, yenidənqurma işlərinə start verilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində ilk önəmli məqam və əsas prioritetlərdən biri ərazilərin minalardan, digər hərbi sursatdan təmizlənməsidir. Bu məqam gələcəkdə ora köçürüləcək əhalinin təhlükəsizliyinin təminatı olacaq nüans hesab edilir.
"Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində də ciddi addımlar nəzərdə tutulub. Belə ki, sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır. 30 illik işğal dövründə milli-mədəni irsimizi məhv edən, tarixi abidələrə qarşı vandalizm törədən ermənilərdən fərqli olaraq, Azərbaycan dövləti və xalqı azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpasına və qorunmasına ciddi önəm verir. Bu məqam Dövlət Proqramında da xüsusi qeyd edilib. Proqrama əsasən, bərpa işləri ilə paralel abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq.
Bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib. Komitəyə sessiya müddətində bu layihəni hazırlamaq tapşırılıb. Eyni zamanda azad olunmuş torpaqlara “Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq.
Göründüyü kimi, hökumət və qanunverici orqan tərəfindən işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" üçün bütün zəruri tədbirlər həyata keçirilir. İctimaiyyət nümayəndələri də hesab edir ki, sözügedən qanun layihəsinin qəbulu "Böyük Qayıdış"ı daha da tezləşdirəcək. İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" bizim əsas milli hədəflərimizdən biridir və dövlət proqramında nəzərdə tutulan məsələlərin icrası bu prosesi daha da sürətləndirəcək.
“Regional İnkişaf“ İctimai Birliyinin layihə rəhbəri Əfqan Əliyevin sözlərinə görə, otuz il ərzində doğma yurdundan didərgin düşən bir milyondan artıq soydaşımızın yenidən ev-eşiyinə qayıtması, dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biridir: “Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə inkişafına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun geniş nəqliyyat-tranzit potensialı vardır. Bu sahədə qurulacaq müasir infrastruktur isə əlavə imkanlar yaradacaq, ərazilərin inkişafı və reinteqrasiyası üçün əsas rolunu oynayacaqdır. Odur ki, işğaldan azad edilmiş ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində bölgənin tranzit potensialı xüsusilə nəzərə alınacaqdır. Bir tranzit imkanları deyil, bölgənin bütün imkanları nəzərə alınacaq ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanma təmin edilsin. Burada əsas hədəf isə bu ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr - hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Son olaraq qeyd edim ki, dövlət tərəfindən atılan bu tədbirlər fonunda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda müasir dayanıqlı cəmiyyət konsepsiyasının təşviqi” layihəsi çərçivəsində müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında dayanıqlı və davamlı icmanın təşviqinə dair konsepsiya sənədi hazırlanıb. Sənədin Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı”nın icrasına töhfə verəcəyinə ümid edirəm. Keçmiş məcburi köçkünlərin problemlərinin uzunmüddətli və dayanıqlı həlli onların doğma torpaqlarına beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətli qayıdışı ilə bağlı idi.
Vətən müharibəsi nəticəsində qazanılmış tarixi Zəfər nəticəsində soydaşlarımızın "Böyük Qayıdış"ına imkan yarandı. Məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsində davamlı icmaların qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan belə bir konseptual sənədin hazırlanması zəruri idi”.