Uşaqlarla çox vaxt keçirməliyik


Valideyn-övlad münasibətləri nə qədər güclü olarsa, tərbiyənin effekti də bir o qədər güclü olar

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

  Hər bir ölkənin gələcək inkişafı, tərəqqisi, bütövlüyü böyüməkdə olan uşaqlardan və gənc nəsildən asılıdır. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı isə onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Bu baxımdan şəxsiyyətin formalaşdırılmasında təlim-tərbiyənin özünəməxsus rolu var. Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.  Bu istiqamətdə aparılan  dövlət əhəmiyyətli işlər sağlam və intellektual nəslin formalaşmasına səbəb olub.
  Lakin ekspertlər hesab edir ki, hər bir ailədə uşaqların formalaşması onların valideyn kimliyindən çox asılıdır. Valideynlər birbaşa gənclərin mənəvi inkişafına təsir göstərir.
  Ana-ata, ailə böyükləri hansı dəyərlərə, hansı xarakterik xüsusiyyətlərə, hansı tərbiyə üsuluna malikdirsə, uşağı da həmin dəyərlər əsasında tərbiyə edir. Bu amillər də uşaqların mənəvi tərbiyəsindən birbaşa asılı olan bir məsələdir. Ailədə uşağın mənəvi-əxlaqi cəhətdən sosiallaşması üçün ailədə psixoloji mühit olmalıdır, sağlam psixoloji mühit olması üçün də ailə konfliktsiz olmalıdır. 
  Azərbaycan Respublikasının qanunlarında valideynlərin hüquq və vəzifələri müəyyən edilib: “Valideynlər ilk müəllimlərdir. Onlar artıq uşağın körpə vaxtlarından şəxsiyyətin fiziki, intellektual və əxlaqi inkişafı üçün zəmin yaratmağa borcludurlar”.

  Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva isə  “Şərq”ə açıqlamasında deyib ki, uşaqların mənəvi və fiziki inkişafını düzgün istiqamətləndirmək üçün valideynlər onları zərərli amillərdən qorumalı, yaşlarına uyğun olaraq bədən tərbiyəsi, idmanla məşğul olmağa təşviq etməlidir: 

“Hər bir ailə düzgün valideyn-övlad münasibətlərinin qurulması, sosiallaşmaları üçün əlindən  gələni etməlidir. Uşaqlarla çox vaxt keçirməliyik, onları dinləməliyik. Təcrübə göstərir ki, valideynlərin övladları ilə birgə vaxt keçirmələri, söhbət edib, birgə oyunlar oynaması, ümumi maraqlarının olması onların inkişafı üçün əhəmiyyətlidir. Təhsil, fərdi inkişaf övladlarımızın həyatında olduqca vacibdir. Uşaqların yaxşı təhsil alması, davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnmələri üçün əlimizdən gələni etməliyik. Ən asası, uşaqda ailəsinə, ətrafına, insanlara, təbiətə sevgi aşılamalıyıq. Onları aqressiv mühitlərdən uzaq tutmalıyıq, psixologiyalarının zədələnməsinə imkan verməməliyik. Uşaqlarda özünə güvəni artırmalıyıq. Müasir dövrdə bu, çox vacibdir. Uşaqların istəyinə hörmətlə yanaşın, onları motivasiya edin, liderlik keyfiyyətinin formalaşmasına, şəxsiyyət kimi yetişməsinə çalışın. Çalışın övladlarınızın istənilən yaşında inkişafına təkan verəsiniz. Onlara kömək edin, təzyiq etməyin. Məhz bütün bunlar uşaqlara gələcəkdə daha çox uğur qazanmaq şansı verəcək”.

  Günümüzdə valideynlərlə övladları arasında ciddi ünsiyyət problemi olduğunu vurğulayan Birlik sədri  deyib ki, əsas problem daha az təmas, minimum ünsiyyət və ciddi fikir ayrılıqlarıdır: “Bu gün bir çox ailələrdə ciddi ünsiyyət çatışmazlığı özünü göstərir. Bu, xüsusilə valideyn-övlad münasibətlərində daha bariz görünür. Bütün bunlar texnologiyaların həyatımıza sürətlə daxil olması ilə yanaşı, ailədaxili münasibətlərdən qaynaqlanır. Valideynlərin övladları ilə daha az vaxt keçirməsi, onlarla daha az maraqlanması, ailə münaqişələri, aqressiya uşaqların psixologiyasında və davranışlarında ciddi izlər qoyur. Tədqiqatlar göstərir ki, uşaqların nitqi, danışıq tərzi valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da ətrafdakılarla söhbət edərkən eyni danışıq tərzi nümayiş etdirir. Vaxt keçdikcə isə övladlarla valideynlər arasında ciddi fikir ayrılıqları baş qaldırır, müxtəlif gərginliklər yaşanır. Bəs valideyn-övlad münasibətlərini necə möhkəmləndirmək olar?
  Valideyn və övlad arasında sağlam münasibətin təməli sevgi, diqqət, qayğı və ünsiyyətdir. Övladlarınıza sevginizi hiss etdirməkdən çəkinməyin. Uşaqlar daim sevildiklərini və qorunduğunu hiss etməlidirlər. Mütəxəssislər hesab edir ki, valideynlərlə birgə vaxt keçirmək, gəzintiyə çıxmaq, kino və teatra getmək, əylənmək, kitab oxumaq uşaqlar üçün faydalıdır. Ailə olaraq bir süfrə arxasında yemək ənənəsi də çox vacibdir. Hətta yemək vaxtı xoş söhbətlər üçün ən yaxşı vaxtdır, desək yanılmarıq. Həmçinin hər uşağa ayrı-ayrılıqda vaxt ayrılmalıdır. Bu, hər bir uşağın fərdi istedadlarına diqqət yetirməyə kömək edir. Övladlarınızın akademik göstəricilərindən xəbərdar olmaq üçün isə mütəmadi olaraq müəllimləri ilə görüşün. Ev tapşırığını edərkən onların yanında olun. Uşaqların nizam-intizamlı olmasına nəzarət edin. Övladlarınıza qarşı sərt yox, ədalətli olun. Sözlərinizi onlara nəzakətli tonda çatdırın, səsinizi yüksəltməkdən çəkinin. Sadəcə olaraq hansı şərtləri pozduqlarını və nə kimi nəticələrə gətirə biləcəyini səbrlə izah edin. Yaxşı olduqları zaman onları tərifləyin. Qərarlarına hörmətlə yanaşın. Bir sözlə, uşaqlarınızla dost olun.
Ümumilikdə, valideyn-övlad münasibəti uşağın hərtərəfli böyüməsini və inkişafını təmin edir. Bu, onların davranışı, şəxsiyyəti, xüsusiyyətləri və dəyərlərinin əsasını qoyur. Valideyn-övlad münasibəti nə qədər güclü olarsa, tərbiyənin effekti də bir o qədər yaxşı olar. Unutmayaq ki, valideynləri ilə sağlam münasibət quran uşaqların ətrafdakı insanlarla müsbət münasibət qurma ehtimalı daha yüksəkdir. Onlar həmçinin həmyaşıdları ilə etibarlı dostluqlar qura bilirlər. Stress və çətin vəziyyətlərlə qarşılaşdıqda duyğularını daha yaxşı tənzimləyirlər. Belə uşaqlar onları gələcək uğurlara çatdıracaq əsas bilik və bacarıqları da daha tez mənimsəyirlər. Odur ki, gec olmadan övladlarınıza sevginizi verin, onların yaxşı təhsil almasına, özünü inkişaf etdirməsinə dəstək olun. Yalnız o zaman yüksək intellektli, müstəqil qərar vermək bacarıqlı, azad fikirli, özgüvənli övlad – şəxsiyyət yetişdirməklə fəxr edə bilərsiniz”.