Amma məhz bu xüsusiyyətlər uşaqlar üçün böyük təhlükə doğurur
“Bütün təhsil sisteminə verilən internet trafik süzgəcdən keçirildiyindən, problem demək olar ki, aradan qaldırılıb, ancaq məktəbdən kənarda, xüsusilə də evlərdə uşaqların internetdən istifadəsi zamanı təhlükəsizliklə bağlı problemlər qalır”
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Rəqəmli texnologiyalar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Ona görə də internetdə təhlükəsizliyin təmini müasir dövrün ən aktual tələblərindən biridir. Təhlükəsiz və pozitiv internet yalnız mühafizə proqramları demək deyil. Bu, ilk növbədə pozitiv kontentin mövcudluğu, adi istifadəçilərin təhlükəsizliyin əsasları və internetdə davranış qaydalarına dair ictimai konsensus barəsində məlumatlı olması deməkdir. Bu həm də adi istifadəçilərin internet təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulmuş ictimai-dövlət tərəfdaşlığıdır.
Son zamanlar texnologiyanın inkişafı və şaxələnməsi bir tərəfdən insanların işlərini rahatlaşdırsa da, digər tərəfdən təhlükəsizlik baxımından şirkətlərin bu sürətli inkişafın və şaxələnmənin qarşısında dayanacaq güclərinin və maraqlarının olmaması bir sıra problemlər ortaya çıxarır.
Bu səbəbdən Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer İnternet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayında qeyd olunur. Əsas məqsəd təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.
Həmin gün dünyanın bir çox ölkələrində "Insafe" Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən bir sıra tədbirlər təşkil edilir. Burada internetdə təhlükəsizliyin təmin edilməsi haqqında məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir.
Bu məqsədlə Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı” keçirilib. Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir eyni zamanda ”2023-cü il - Heydər Əliyev ili” çərçivəsində Xidmətin tədbirlər planına uyğun olaraq hazırlanıb.
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin sahə üzrə təcrübə mübadiləsinə və informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunan tədbirdə 73 dövlət qurumu iştirak edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general–mayor Allahverən İsmayılov deyib ki, Beynəlxalq Təhlükəsiz İnternet gününün keçirilməsində əsas məqsəd internetdən təhlükəsiz istifadə edilməsini təbliğ etmək və mövcud təhdidlərə qarşı dövlət qurumlarının informasiya təhlükəsizliyini gücləndirməkdir.
XRİTDX-nin idarə rəisi Tural Məmmədov isə “Görülən işlər, yeniliklər və gələcək planlar” adlı təqdimatında dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmini istiqamətində görülən işlərdən, qarşısı alınmış kiberhücumlardan, yeni kibertəhdidlər və onlarla effektiv mübarizə üçün atılmış addımlardan, dövlət qurumlarının informasiya təhlükəsizliyi istiqamətindəki fəaliyyətinə aid qiymətləndirmə meyarlarından və statistik göstəricilərindən danışıb. O, həmçinin tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar - kibertəhdidlərlə daha effektiv mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan "AzStateNet" şəbəkəsi, mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer" alternativi yaradılan yeni "share.gov.az" xidməti və Avropanın "Open CSIRT Foundation" təşkilatı ilə birgə işlənmiş "SİM3" layihəsi barədə məlumat verib.
Qeyd edilib ki, Təhlükəsiz İnternet Günü xüsusilə uşaqlar və gənclər arasında onlayn texnologiya və mobil telefonlardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təmin etmək üçün yaradılıb. Məhz bu səbəbdən hər bir valideyn övladına internetdə təhlükəsizliyin təmin edilməsini izah etməli və bu istiqamətdə maarifləndirmə aparmalıdır. Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan-böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu gün ən az böyüklər qədər uşaqlar da virtual məkandan özlərini ifadə vasitəsi kimi istifadə edirlər.
İnternet uşaqlara informasiyaya çıxış, ifadə azadlığı və ictimai müzakirələrdə iştirak etmək hüququ verir.
Mütəxəssislər hesab edir ki, internetin dəyəri onun açıq və əlçatanlığındadır, amma məhz bu xüsusiyyətlər uşaqlar üçün böyük təhlükə doğurur.
Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu təklif edirlər. İnternetdə uşaqlar real həyatda olduğundan daha müdafiəsizdirlər. Valideynlərin üzərinə düşən ilk vəzifə özlərinin kompüter savadlılığı və internetin resurslarından istifadə bacarıqlarını artırmaqdır. Uşaqları internetdəki təhlükələrdən qorumaq üçün onların istifadə etdikləri kompüterlərə “ailə nəzarət sistemləri”, antivirus proqramları yazılmalı, uşaqların müəyyən kontentlərə çıxışı məhdudlaşdırılmalıdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanuna görə, hər bir provayder uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün “Halal internet” xidməti yaratmalıydı:
“Mövcud qanuna görə, bütün provayderlər abunəçinin istəyi ilə ona uşağı internetdə qorumaq üçün, təhlükəsiz internet, uşaqlar üçün zərərli ola biləcək kontentdən təmizlənmiş internet, necə deyərlər, “Halal internet” xidməti verməyə borcludur. Bütün təhsil sisteminə verilən internet trafik süzgəcdən keçirildiyindən, yəni “Halal internet” olduğundan, məktəblərdə bu istiqamətdə problem demək olar ki, aradan qaldırılıb.
Məktəbdən kənarda, xüsusilə də evlərdə uşaqların internetdən istifadəsi zamanı təhlükəsizliklə bağlı problemlər qalır”.