Qısa müddətdə şəhərdə 5608 ev tikiləcək
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"
44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən "Böyük Qayıdış" planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Azad edilmiş şəhərlərimizin, kəndlərin Baş planları hazırlanır. Bütün işlər məhz bu plan əsasında görülür. "Böyük Qayıdış"ı daha da sürətləndirmək, bütün işləri vaxtında, eyni zamanda, yüksək keyfiyyətlə görmək əsas hədəflər sırasındadır.
Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində görüləcək işlərin ictimaiyyətə təqdimatı məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində Konfrans Mərkəzində Şəhərsalma üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Tədbirdə Qarabağda, eləcə də Ağdamda bərpa ediləcək yaşayış məskənlərinin layihələri barədə, o cümlədən, daxili yolların, küçələrin, yaşayış məntəqələrinin enerji və su ilə təminatı üzrə işlərin vəziyyəti barədə layihələrdən danışılıb.
İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birinci müavini Namiq Hümmətov “Böyük Qayıdış” prosesinə bütün dövlət qurumlarının səfərbər olmasının vacibliyinə toxunub: "İşçi qruplarda təmsil olunan qurumlar daha fəal və səfərbər olmalıdırlar. İşğaldan azad edilən ərazilərdə bütün infrastruktur bərpa edilməlidir. Hazırda Ağdamda bir neçə layihənin icrasına başlanılıb. Amma 2023-cü ildən Ağdamdan başqa digər işğaldan azad olunmuş ərazilərdə bərpa tədbirləri daha sürətlənməlidir. Ümid edirəm qarşıya qoyulmuş vacib tapşırıqlar yerinə yetiriləcək”.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov isə düşmən tərəfindən 8 şəhərimizin yerlə-yeksan edildiyini və hazırda həmin şəhərlərin Baş planları üzrə yeni infrastruktur qurulduğunu deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə yenidən bərpa ediləcək şəhərlərdə əvvəlki küçələr daha olmayacaq: “Yeni küçələr və küçə adları olacaq. Ağdamda bu məsələ ilə bağlı layihə dövlət başçısına təqdim olunub. Torpaq islahatı ilə bağlı işlər davam etməkdədir. İnsanlar köçdükcə vacib məsələ torpaq məsələsidir ki, bu yanaşmalarda beynəlxalq təcrübələr öyrənilir. Bu ayın sonunda İsrail və Türkiyəyə səfərlər olacaq. Məqsəd oradakı islahat təcrübəsinin öyrənilməsidir. Ailələrin məşğulluq məsələləri xüsusi olaraq nəzərə alınmalıdır. Digər məsələ də özəl investisiyaların cəlb olunmasına diqqət yetirilməlidir. Bu sahədə müəyyən suallar var. Etiraf edirəm. Sənədlərlə, xüsusən də çıxarışların verilməsi, icarə müqaviləsinin verilməsi, torpaq haqda sənədlərin verilməsi üzərində işləyirik. Əhalinin qayıdışında mina təhlükəsi hələ də qalmaqdadır”.
Ağdam şəhərində 5608 ev tikiləcəyini vurğulayan E.Hüseynov bildirib ki, qısa zamanda hər bir azərbaycanlıya işğaldan azad olunmuş ərazilərə səfər etmək qismət olacaq. Onun sözlərinə görə, Ermənistan fürsətləri əldən verməmək üçün qonşuları ilə səmimi münasibət qurmalıdır:
“Təbii ki, baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün bir neçə və yeni pilot layihələr burada tətbiq edilir. Bu gün dövlətimiz öz vəsaiti hesabına Cənab Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verib və hətta bəzi işlər sürətini artırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşınıza qoyulub. Həm Ağdam, Füzuli, Tərtər, Ağcabədi ərazilərində çoxsaylı infrastruktur layihələrinə başlanılıb. 20 ailənin köçürülməsi üzrə işlər sürətlənib. Ümumi olaraq cəmi 15999 ev tikilməsi nəzərdə tutulub. Ağdam şəhərində 5608 evin tikilməsi nəzərdə tutulur. Cənab Prezident tərəfindən təməli qoyulmuş layihələrin işçi qrupları hazırlanır”.
O qeyd edib ki, Ağdamda 2 yaşayış məhəlləsinin layihələndirilməsi başlanılıb:
“Daha 2 layihə də nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Əfsuslar olsun ki, bərpa prosesində işçi qruplarda müəyyən problemlər olur. Sifarişçi qurumlar bunu nəzərə almalıdırlar. Ağdamda bəzi layihələrin nəticələrini ümidlə gözləyirik”.
Emin Hüseynovun sözlərinə görə, vacib məsələ yol-kommunikasiya məsələlərinin qurulmasıdır:
"Aidiyyəti təsərrüfat qurumlar tərəfindən təsdiqlənməlidir. Biz artıq Ağdam nümunəsini layihələndirmişik. Yeni nəsil qazanxana tipli və istilik sistemlərinin quraşdırılması nəzərdə tutulub. Bu, bütün layihələrdə nəzərə alınmalıdır. Biz fərqli yanaşmaları tətbiq edirik".
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Əlyar Təmirov deyib ki, Füzuli və Ağdam ərazisində avtovağzalların qurulması işləri gedir: “203 ədəd baza stansiyası quraşdırılıb. Ağdam rayonu üzrə 12 ədəd baza stansiya hazırda istifadəyə verilib. Qarabağ üzrə 7 baza stansiyaları ümumi enerjiyə qoşulub. Ərazidə enerji ilə problemlər qalmaqdadır. Füzulidə MİDA-nın hazırlayacağı bina ilə bağlı layihələndirmə davam edir”.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında "Azərişıq" ASC-nin nümayəndəsi Vüsal Qəmbərov deyib ki, Ağdamda 35 kV-luq 4x2500 kVA gücündə 2 ədəd Transformator yarımstansiyasının tikintisi, 35 kV-luq kabel xətlərinin çəkilməsi nəzərdə tutulur. O bildirib ki, xətlərin çəkilməsi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Yarımstansiya binasında tikinti işləri yekunlaşdırılır. Avadanlıqlar və kabel sifariş olunub.
Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun Ağdamda keçirilən iclasında "Azərsu" ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli bildirib ki, Ağdam şəhərinin Baş Planına uyğun olaraq burada 190 kilometr uzunluğunda küçə şəbəkəsinin su təchizatı, tullantı və yağış suları şəbəkələri layihələndirilib, texniki ekspertizadan keçirilib: “Layihələndirməni bir neçə mərhələdə icra etmişik - bunlar şəhər şəbəkələri, daxili və şəhərdən kənar su təchizatı sistemi və tullantı sutəmizləyici qurğuları, kollektorlardır. Həmçinin bu gün sutəmizləyici qurğular ilə bağlı işlər layihələndirilir".
Sözügedən müzakirələri və ümumilikdə yenidənqurma prosesini dəyərləndirən politoloq İlyas Hüseynovun sözlərinə görə, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını təmin etmək hazırda Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Ölkə başçısı da öz çıxışlarında tez-tez bu məsələyə toxunur: ““Böyük Qayıdış” konsepsiyası çərçivəsində addımların atılması ictimai rəydə də çox pozitiv əhval-ruhiyyə formalaşdırır. Çünki biz uzun illər tarixi torpaqlarımıza qayıdışı arzulayan bir xalqıq. Artıq bu arzular reallaşıb və keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıtması böyük bir tarixi hadisəyə çevriləcək. Düşünürəm ki, biz bu çətin missiyanın öhdəsindən də uğurla gələ biləcəyik. İki ildən artıqdır ki, işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur.
Politoloqun fikrincə, otuz ilə yaxın müddət ərzində Azərbaycanın güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə "Böyük Qayıdış"ın təmin edilməsidir. Ərazilərin bərpası və dayanıqlı inkişafı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması və Dövlət Proqramının icrasının optimallaşdırılması məqsədilə 5 illik dövrü əhatə edən Tədbirlər Planı əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının müəyyənləşdirilməsini, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur. Ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırılıb, eyni zamanda yenilərinin təməli qoyulub.
Hazırda da işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir. Konkret olaraq Ağdam şəhərində həyata keçiriləcək bərpa işlərinin miqyasının kifayət qədər geniş olduğunu vurğulayan İ.Hüseynovun sözlərinə görə, güclü və məsuliyyətli dövlət olan Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən digər ərazilər kimi, Ağdamı da ayağa qaldırmaq, dirçəltmək əzmindədir:
“Postmüharibə dövründə xarabalıqlar üzərində yeni bir Ağdam ucaldılır. Dövlətimizin başçısına təqdim olunan Baş Plana istinadən deyə bilərik ki, yaxın perspektivdə ermənilərin miras qoyub getdikləri indiki dağıntıların, xarabalıqların yerində müasir infrastruktura, istirahət guşələrinə, turistyerləşdirmə obyektlərinə, rahat yaşayış evlərinə malik olan bir şəhər salınacaq”.