Qarabağ yenidən qurulur

Ağalı kəndində sakinlərin yüksək rifah içərisində yaşaması üçün bütün zəruri şərait yaradılıb

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” 



  İşğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırıldı, eyni zamanda yenilərinin təməli qoyulub. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir.
  Azərbaycan "Böyük Qayıdış"ı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, "Böyük Qayıdış" layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.
  44 günlük qələbədən sonra işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən "Böyük Qayıdış" planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub. 
  Ərazilərdə məskunlaşan vətəndaşlarımızın sosial təminatı isə əsas prioritetlərdəndir. Kənd  sakinləri yüksək keyfiyyətli, "ağıllı texnologiya"larla təchiz edilmiş evlərlə təmin edilir, onların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

  Qeyd edək ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə "Böyük Qayıdış"ın növbəti mərhələsi başlayıb. Bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülüb.
Onlardan 50 nəfərdən ibarət 10 ailə bu gün yola düşüb, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürüləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu günədək "Böyük Qayıdış" layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur. Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.

  “Ağalıya köçürülən sakinlərin hər biri işlə təmin olunur. Onlar dövlət qurumları və ayrı-ayrı təşkilatlarda çalışacaqlar. Köçürülmə prosesi isə yaxın aylarda da davam edəcək”. Bu sözləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov deyib.
  "Böyük Qayıdış" çərçivəsində Zəngilanın Ağalı kəndinə növbəti köç prosesinin həyata keçirildiyini vurğulayan Qurbanov deyib ki,  bu mərhələdə 94 nəfərdən ibarət 20 ailə köçürülür: “ İki gün davam edən köçdə  Ağalıya 50 nəfərdən ibarət 10 ailə gəlib. Martın 3-də ikinci mərhələdə isə 44 nəfərdən ibarət növbəti 10 ailə köçəcək. Köçürülən ailələr əsasən Bakıda yarımçıq tikililərdə, ağır şəraitdə yataqxanada yaşayan sakinlərimizdir. Onlar artıq yeni tikilmiş müasir evlərdə yaşayacaqlar”.
  Ağalıya köçürülən sakinlərin işlə təminatı barədə də danışan Aqil Qurbanov qeyd edib ki, bunun üçün bütün işlər görülüb: “Sakinlərimiz dövlət qurumlarında, ayrı-ayrı xidmət sahələrində, iaşə obyektlərində, kənd təsərrüfatı sahəsində, tekstil fabriki və başqa sahələrdə işləyəcəklər. Ümumilikdə indiyədək 420 nəfərdən ibarət 86 ailə köçürülüb. Sakinlər üçün bütün infrastruktur sahələri tam hazırdır. Məktəb, bağça, poçt xidməti, bank xidməti, eyni zamanda ictimai nəqliyyat istifadəyə verilib. Onu da bildirmək istərdim ki, köç prosesi mərhələli şəkildə növbəti aylarda da davam edəcək”.

  Millət vəkili Elman Məmmədovun sözlərinə görə, Ağalı kəndində sakinlərin yüksək rifah içərisində yaşaması üçün bütün zəruri şərait yaradılıb: "Doğma yurda qayıdışın sevincini yaşayan sakinlər Zəngilanın təmiz havasını udub, suyundan içiblər. Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtmaları ilə bağlı bizimlə fikirlərini də bölüşüblər. Onlar deyirlər ki, yüksək yaşayış standartları ilə təchiz edilmiş Ağalıda yeni həyata başlamaqla yanaşı, kəndin inkişafına da öz töhfələrini verməyə çalışacaqlar. Təbii ki, təkcə Zəngilanın Ağalı kəndinə deyil, işğaldan azad olunmuş bütün şəhər və rayonlara "Böyük Qayıdış" həyata keçiriləcək. Əlbəttə, kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq, yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər və o yerlərdə həyatın rəngi, ahəngi dəyişəcək".

  Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair Birinci Dövlət Proqramının əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevlə görüşü zamanı qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək bu prosesə dəstək verə bilər. O həmçinin deyib ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır. Antonio Vitorino ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd etdi, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib. Qonaq Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğulayıb.