“Yaranan ciddi boşluqlardan kibercinayətkarlar kifayət qədər ustalıqla, məharətlə istifadə edirlər”
“Hesab edirəm ki, sosial media platformaları - Yutüb, Feysbukdan istifadə edən şəxslər, təşkilatlar, onlayn media subyektləri mütləq şəkildə təhlükəsizlik parametrlərini mənimsəməlidir”
"Azərbaycanda son iki ildə müxtəlif media quruluşlarının sosial hesablarına, xüsusən də, Feysbuk və Yutüb platformalarında yerləşən sosial şəbəkələrinə hücum intensivliyi artıb".
Bu sözləri "Sherg.az"a media eksperti Səbuhi Abbasov “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanalların kənar müdaxiləyə məruz qalmasından danışarkən deyib. Onun sözlərinə görə, son 1 il ərzində təxminən 20-dən çox sıfırdan qurulmuş, bütün kateqoriyalara uyğun Yutüb səhifəsi, 30-a yaxın da Feysbuk hesabı kibercinayətkarlığa məruz qalıb:
"Həmin platformada olan materiallar silinib, əvəzində oğurlayan şəxslərin maraqlarına xidmət edən paylaşımlar olunub. Təbii ki, əsas səbəb informasiya və internet təhlükəsizliyinin lazımi səviyyədə təşkil edilməməsidir. Məsələyə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, ölkənin internet təhlükəsizliyinə birbaşa cavabdeh olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi var. Təəssüf ki, bununla bağlı şəxsən Cənab Prezident İlham Əliyevin bir neçə qərarı olsa da, sözügedən qurum heç bir iş görmür. Yaranan ciddi boşluqlardan kibercinayətkarlar kifayət qədər ustalıqla, məharətlə istifadə edirlər. Digər problem isə bu platformaların qeydiyyatdan keçirildiyi e-mail ünvanlarının təhlükəsizlik təminatının zəif olmasıdır. Feysbuk, Yutüb və digər sosial şəbəkələrin əksəriyyətində qeydiyyat zamanı e-mail tələb olunur. Doğrudur, bəzi sosial platformalarda mobil nömrə ilə də profil açmaq mümkündür. Amma təcrübə göstərir ki, 90 faizdən çox halda e-mail vasitəsilə qeydiyyat tamamlanır. Bu da o deməkdir ki, elektron poçt ünvanına giriş yüksək səviyyədə təmin olunmayıbsa, e-maili "sındırmaqla" müvafiq sosial media platformasını rahat şəkildə ələ keçirmək mümkündür. Çox təəssüf ki, problemlə bağlı redaksiyalar bəzən ciddi tədbirlər görürlər, bəzi hallarda isə laqeyd yanaşırlar. Bəzi vaxtlarda ciddi tədbirlər görsələr belə, yenə kibercinayətkarların hücumuna məruz qalırlar".
Mütəxəssis vurğulayıb ki, “Tv Musavat" yüksək səviyyədə qorunurdu, onların əməkdaşları da peşəkardır:
"Digər bir məsələ kibercinayətkarların hansı üsuldan, metoddan istifadə edərək, platformanı ələ keçirməyə nail olmağıdır. Burada artıq ən yüksək səviyyəli təlim görmüş kibercinayətkarlardan söhbət gedir. Belə olan təqdirdə həmin o cinayətə məruz qalmış media quruluşu aidiyyəti sosial platformanın kömək hissəsinə müraciət etməlidir. Birbaşa sosial platformanın mərkəzi orqanı ilə əlaqə saxlamalıdır. Bildiyimiz kimi, onların hər birinin regionlar üzrə xüsusi moderatorları var. Onlarla kontakta çıxmaq mümkündür. Məsələnin müəyyən hissəsini yazılı şəkildə bildirdikdən sonra tədbirlər görürlər. Təəssüf ki, bu, bir çox hallarda effektiv olmur. Təcrübə göstərir ki, bir neçə oğurlanmış profil geri qayıtmayıb. Baxmayaraq ki, həmin platformadan sübutlar təqdim olunub, amma həmin kanal bərpa edilmir. Səbəb ondan ibarətdir ki, sözügedən platformaların Azərbaycanda yerli nümayəndəliyi yoxdur.
Məsələn, Türkiyə və Avropa ölkələrində bu şəbəkələrin nümayəndəlikləri var. Onlar birbaşa saxta və real profillərin məsuliyyətini nəzarətə götürürlər. Analoji hallar baş verdikdə daha çevik və ədalətli yanaşma sərgiləyirlər. Təəssüf ki, ölkəmizdə nümayəndəlik olmadığına görə, bu problemlər birbaşa platformanın ofisinə ünvanlanır.
Məsələn, mərkəzi ofis Amerikadadırsa, Cənubi Qafqaz üzrə xüsusi moderatorlarla danışıqlar həyata keçirilir. Çox vaxt şikayətlərin mütləq əksəriyyəti həll edilməmiş qalır və platforma bərpa olunmur. Lakin ümidi kəsmək lazım deyil, yazışma davam etdirilməlidir. Prosesin digər hissəsi isə sosial platformalarda təhlükəsizlik məsələsidir. Onlayn media subyektindən istifadə edən istifadəçilərimizin böyük əksəriyyəti ümumiyyətlə, təhlükəsizlik parametrləri ilə tanış deyillər. Nəticədə peşəkar kibercinayətkarlar sosial hesabları sındıra bilirlər. Hesab edirəm ki, sosial media platformaları - Yutüb, Feysbukdan istifadə edən şəxslər, təşkilatlar, onlayn media subyektləri mütləq şəkildə təhlükəsizlik parametrlərini mənimsəməlidir. Lazım gəldikdə adekvat formada fəaliyyətlərini qurmalıdırlar. Çalışmaq lazımdır ki, platformanın adminliyi ilə barədə məlumat bəlli sayda, etibarlı insanlarda olsun. Eyni zamanda həmin şəxslərlə bağlı hüquqi öhdəlik, iltizam alınmalıdır. Həmçinin sosial hesabların ələ keçirildiyi təqdirdə bərpaetmə mexanizmi dəqiq şəkildə öyrənilməlidir".
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanalların kənar müdaxiləyə məruz qalması ilə bağlı bəyanat yayıb. Agentlikdən verilən bəyanatda deyilir:
“1 mart 2023-cü il tarixində Azərbaycanın “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalmış, onların arxivi silinib.
Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarının “Youtube” kanallarına haker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir və bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır”.