Rəqəmsallaşma təhlükələrin önlənməsinə kömək edir

Zəlzələ zamanı insanların xilasında lazer cihazlarından uğurla istifadə edildi

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi



  Ümumdünya Mülki Müdafiə Günü münasibətiylə “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Belə tədbirlərdən biri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində təşkil olunub. Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, QSC-nin Fövqəladə hallar komissiyasının sədri Oqtay Məmmədov, Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Daşkəsən rayon bölməsinin sədri Vasif Hüseynov və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak edib. Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini O.Məmmədov əhalinin və ərazinin, o cümlədən torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi üçün mülki müdafiə sahəsində müvafiq tədbirlərin görülməsi, məlumatlılığın artırılması, bu xüsusda idarə və müəssisələrdə vaxtaşırı tədbir və təlimlərin keçirilməsinin vacib və məqsədəuyğun olduğunu qeyd edib. Müvafiq dövlət strukturlarının dəstəyi ilə fövqəladə hallardan mühafizə sahəsində hazırlığın təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində Səhmdar Cəmiyyətin fəaliyyətinin təşkil edildiyi bütün obyekt və sahələrdə təhlükəsiz iş şəraitinin təmin olunduğu, işçilərinin sağlamlığının, ətraf mühitin mühafizəsinin uğurla təşkil edildiyi diqqətə çatdırılıb. Görülmüş işlərin müsbət nəticəsi olaraq “AzerGold” QSC-nin fəaliyyətə başladığı dövrdən bugünədək xəsarətsiz ötüşən iş saatlarının miqdarının 3.6 milyon saatı, onun törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-də isə bu göstəricinin 1 milyon saatı üstələdiyi bildirilib. Əlavə edilib ki, QSC mədənçilik sənayesində rəqəmsal həllər və innovasiya ekosistemlərinin inkişaf etdirilməsi ilə istehsalat prosesində səmərəliliyin artırılması, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və sağlamlıq tədbirlərinin gücləndirilməsində daim maraqlıdır. Bu məqsədlə QSC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyənin Metal Sənayeçiləri Birliyini təmsil edən MEXT Texnoloji Mərkəzi ilə fəal əməkdaşlıq münasibətləri mövcuddur. Daha sonra ÇİRES-də işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə edilən mülki müdafiə, yanğından mühafizə və digər texniki təhlükəsizlik vasitələri nümayiş etdirilib, yanğın və qəza-xilasetmə işlərinin aparılması sahəsində texniki təhlükəsizlik qaydalarına dair təlim keçirilib. Tədbirdə iştirak edən müvafiq qurum və təşkilatların nümayəndələri QSC tərəfindən mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulmasına diqqət yetirərək, əməkdaşların təhlükəsiz iş şəraiti ilə təmin edilməsi, fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər. Mingəçevir Dövlət Unuversitetində də informasiya texnologiyalarının mülki müdafiənin işini təşkilində əhəmiyyətinə həsr edilmiş maarifləndirici tədbir keçirilib. Universitetin Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov şıxışı zamanı bildirib ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyinin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltməkdir. Risk və təhlükə vəziyyətlərində informasiya texnologiyalarının əhəmiyyəti barədə məlumat verən M.İsmayılov təbii fəlakətlərin baş verməsinin proqnozlaşdırılması və ondan sonrakı dövrdə rəqəmsal texnologiyalardan istifadənin faydalarından bəhs edib. Qeyd edilib ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə hazırlığının təmin edilməsi ilə bağlı müvafiq maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.
  Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırda rəqəmsal texnologiyalar təbii fəlakətlərin öyrənilməsi və proqnozlaşdırılmasında ən mühüm vasitədir: 
- Mülki müdafiədən danışırıqsa, əhalinin təhlükəsizliyinin təminatı ilk sırada dayanır. Qardaş Türkiyədəki zəlzələ dəhşəti göstərdi ki, təbii fəlakətləri proqnozlaşdırmaq nə qədər mümkün və vacibdirsə, qabaqlayıcı tədbirlər görmək də bir o qədər vacib və mümkündür. Hazırda elə texnologiyalar mövcuddur ki, təbii fəlaskətlərin növünü, miqyasını müəyyənləşdirir. Peyk vasitəsilə kosmosdan görüntülər əldə edilir, yerin quruluşu, qatlarda baş verən proseslər, dəyişikliklər, hamısını qeydə almaq, görtüntülər əldə etmək mümkündür. Bu imkanlardan faydalanmaq lazımdır. Müasir texnologiyalar, rəqəmsallaşma təhlükələrin önlənməsinə kömək edir. Zəlzələ zamanı insanların xilasında lazer cihazlarından necə uğurla istifadə edildi. Bu cür vasitələr təkcə təbii fəlakətlər zamanı deyil, gündəlik həyatda da istifadə edilməlidir. Məsələn, şəhər infrastrukturunun qurulmasında, şəhər təsərrüfatının yeraltı şəbəkəsinin yoxlanması, onlara nəzarət məsələlərində müasir texnologiyalar tətbiq edilməlidir. Digər məsələ əlaqədar qurumların əlaqəli şəkildə çalışmasıdır. Bu məsələdə də rəqəmsal texnologiyaların istifadəsi və onlara üstünlük verilməsi işin təşkilində böyük əhəmiyyət daşıyacaq. İnformasiyaların ötürülməsində müasir kommunikativ üsullarla işləmək lazımdır. Təhlükəli vəziyyətlərdə informasiya texnologiyalarından istifadəyə önəm verilməlidir. Fiziki gücün yetmədiyi yerdə cihazlar önə keçməlidir. Biz bunu zəlzələ dağıntılarının aradan qaldırılmasında və insanların xilası zamanı gördük. Reallıq artıq bunu tələb edir ki, müdafiə və təhlükəsizliyin təminatında rəqəmsal texnologiyalardan istifadə vacibdir.