“Yüksəliş” ölkənin kadr bankını formalaşdırır 

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Müsabiqənin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır

“Bu layihə ali təhsilli gənclərin qarşısında yeni imkanlar açır. Onlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə bilmək imkanı əldə edirlər”

  İkinci “Yüksəliş” müsabiqəsi başa çatıb və qaliblərlə görüş keçirilib. Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib. Görüş öncəsi Fərəh Əliyeva Məleykə Abbaszadə başda olmaqla, ikinci “Yüksəliş” müsabiqəsinin 5 qadın qalibini Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara uğurlar və davamlı nailiyyətlər arzuladığını bildirdi. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, qaliblərə idarəçilik sahəsində məsləhətlər verib, təcrübələrini onlarla paylaşıb. Bundan əlavə, Məleykə Abbaszadə tələbə qəbulu və dövlət qulluğu məsələləri ilə bağlı qaliblərə məlumat verib və onların suallarını cavablandırıb. DİM-in Direktorlar Şurasının sədri qeyd edib ki, fərdlərin gələcək karyeralarında yüksəliş əldə etməklərində ixtisas seçiminin rolu inkar olunmazdır. İxtisas seçimi zamanı onların şəxsi düşüncələri, özlərini hansı ixtisasın sahibi kimi görmək istədikləri, bacarıq və imkanları, xarakteri və s. amillər mütləq nəzərə alınmalıdır. Qaliblərə özünüinkişaf istiqamətində kitab tövsiyəsi edən Məleykə Abbaszadə, onlara daim araşdırmağın vacib bacarıq olduğunu bildirib. “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Məleykə Abbaszadəyə iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib. 
  Qeyd edk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis olunub.  Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər. 2023-cü ildə isə növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı da Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixli Sərəncam imzalanıb artıq. Qaliblərlə görüşdə çıxış edən M.Abbaszadə bildirib ki, əlbəttə, bu, yeni bir sahədir. Ona görə də bu prosesdə ən müasir alətlərdən istifadə edilir. Dövlət İmtahan Mərkəzinin 20 il ərzində topladığı təcrübə bu işdə onlara böyük dəstəkdir.  DİM bütün potensialını bu işə cəlb edir, eləcə də ekspertlərin prosesdə iştirakını təmin edir. Müsabiqədə imtahanların tam şəffaf keçirilməsi məqsədilə imtahanlar onlayn şəkildə təşkil edilir. M.Abbaszadənin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların şəffaflığı onunla təmin olunur ki, bu imtahanlar insan faktorundan uzaqdır. M.Abbaszadə əlavə edib ki, müsabiqədə iştirak edənlər üçün sınaq imtahanında iştirak etmək imkanı da yaradılacaq. Hər bir sual üçün vaxt müəyyən ediləcək. Həmin vaxt sualın asanlığına və ya çətinliyinə görə müəyyən olunur.  Əgər qoyulan zaman ərzində sual cavablandırılmasa, sual təkrarlanmır. 
  Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd edib ki, “Yüksəliş" müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır:
- Məlum məsələdir ki, bu layihə ali təhsilli gənclərin qarşısında yeni imkanlar açır. Onlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə bilmək imkanı əldə edirlər.  "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edir. Bu cür müsabiqələr dünyanın bir çox ölkələrində var. Dünya təcrübəsi öyrənilməli, işlək mexanizmlər yaradılmalıdır. Müsabiqənin əyani mərhələlərində rəqiblərlə, eləcə də ölkənin böyük təcrübəyə malik peşəkarları, şirkətlərin top-menecerləri ilə görüşmək, əvəzsiz əlaqələr qurmaq imkanı əldə edilir. Meyarlar - strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi və sair. Bu bacarıqlar müasir dünyanın tələbləridir. İstənilən sahədə çalışan şəxs bu keyfiyyətlərə malik olarsa, vəzifəsini daha da uğurla icra edə bilər. Göründüyü kimi, “Yüksəliş” istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Karyera pilləsində yüksəlmək istəyənlərə imkan yaradılır ki, kadr ehtiyatının inkişafı proqramında iştirak etsinlər, öz bacarıqları, intellektləri sayəsində qalib olsunlar, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanı qazansınlar. Müsabiqə şərtlərinə əsasən, qaliblər 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı qazanırlar. Finalçılara 20.000 AZN - 10 min birbaşa, 10 min təhsil üçün, məbləğində təhsil qrantı təqdim olunur.  Xatırladım ki, müsabiqə ümumilikdə 5 mərhələdən ibarət olur. Bu mərhələləri uğurla keçən 100 nəfər şəxs xüsusi təlimlərdən keçir və müxtəlif karyera imkanları əldə edir. Ən yüksək nəticə göstərmiş 20 nəfər qalibin hər biri 20 000  AZN həcmində qrant qazanır ki, bu məbləğlə həmin şəxs istədiyi formada təhsil ala və ya təhsilini daha yüksək səviyyədə davam etdirə bilir və həmçinin müxtəlif layihələri həyata keçirmək şansı qazanır. Qabiliyyət üzrə əsas imtahanlarsa 3 sahə üzrə aparılır: abstrakt və məntiqi düşüncə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması, verbal məlumatlarla işləmək bacarığının yoxlanılması. Qeyd edim ki, “Yüksəliş” müsabiqəsi gələcək karyerasını qurmaq və ölkənin gələcək taleyində mühüm rol oynamaq istəyən şəxslər üçün çox böyük bir imkandır. Bu imkandan yararlanıb imtahanlarda iştirak edən hər bir şəxsə uğurlar arzulayıram. Ümid edirəm ki, müsabiqə qaliblərini ölkəmiz üçün vacib, əhəmiyyətli sahələrdə məsuliyyətli vəzifələrdə görəcəyik, onlar ölkəmizin inkişafına, dövlət strukturlarında şəffaflığın təmin edilməsinə öz töhfələrini verəcəklər. Əsas odur ki, ölkədə kadr bankı formalaşır. Sadəcə, kadr ehtiyatlarından da düzgün istifadə edilməlidir. Seçim düzgün olarsa, hər bir sahədə məhz həmin sahəni bilən mütəxəssislər çalışar, nəticədə müsbət irəliləyiş əldə olunar.