8 Marta yaraşan 8 fakt

Azərbaycanda zərif cinsin nümayəndələrinə incə münasibət var

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;


  Dünyanın sevgi və şərəflə qeyd etdiyi 8 Mart Qadınlar Gününün tarixi alman siyasətçisi, hüquq müdafiəçisi, jurnalist Klara Setkinin (1857–1933) təklifi ilə 1910-cu ildə Kopenhagendə keçirilən iclasda qəbul olunub. Bu təqvim 1857-ci ilin 8 martında qadınların Nyu-Yorkda baş tutan 12 saatlıq iş rejiminə etiraz aksiyasından qaynaqlanıb. Qadın hüquq və azadlıqları uğrunda mübarizələr dolu illərdən sonra bu tarix 1977-ci ildə BMT tərəfindən Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirilib. 8Martın qayəsi qadın hüquqlarına diqqət çəkməkdir.

  8 Mart – Qadınlar Günü hər il Azərbaycanda da rəsmi bayram kimi qeyd edilir.
Qeyd edək ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi. Cümhuriyyət hakimiyyəti hələ fəaliyyətinin ilk illərindən qadın azadlığı və qadın hüquqlarının təmini ilə bağlı problemlərin həllinə çalışıb. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. 1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq etməyə başlayıb.
  Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev hər zaman ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmaqla onların fəaliyyətinə geniş meydan yaradıb. 
  Ümummilli Lider Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.
  Məhz Ümummilli Liderin uzaqgörənliyi və qətiyyəti sayəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
  Dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qadınların ictimai nüfuzunun artırılması, cəmiyyətdə rolunun yüksəldilməsi, gender siyasətinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan qadınları dövlət qurumlarında, Parlamentdə, bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir və ölkənin inkişafına hər sahədə böyük töhfələr verirlər.
  Azərbaycanda qadınlar ölkənin ictimai-siyasi həyatında daim mühüm yer tutub. Azərbaycanda həyata keçirilən uğurlu gender siyasəti nəticəsində bu gün də qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında fəal mövqe tutaraq müstəqil, demokratik dövlət quruculuğunda yaxından iştirak edərək ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində çalışaraq əldə olunan uğurlarımızda mühüm rol oynayırlar. 

  Platonun da dediyi kimi, “əllərimiz eyni işi görməklə mükəlləfdir. Yalnız birini artıq işlətmək vərdişi onu digərindən bacarıqlı etmişdi”.
Hazırda ölkədə təhsil sahəsində çalışanların 73,3 faizini, əhaliyə səhiyyə və sosial xidmət göstərənlərin 77,0 faizini, əyləncə və incəsənət sahəsində çalışanların 62,5 faizini qadınlar təşkil edir. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki illərə nisbətən 6 dəfə artaraq 5236 nəfərə çatıb. Bu da ümumi bələdiyyə üzvlərinin 35 faizini təşkil edir. Milli Məclisdə təmsil olunan qadınların sayı da artır. Əgər 1990-cı ildə deputatların 4,3 faizi, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırda bu rəqəm 18,2 faizi təşkil edir. Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cü ildə bu rəqəm 35 idisə, hazırda bu rəqəm 76 nəfərdir. Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb.
Son 20 ildə isə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. Xanımların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi Azərbaycanda bu sahədə atılan addımlardan sadəcə bir neçəsidir. Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir.

  Hüquqşünas Gülnar Qasımlının sözlərinə görə, Azərbaycanda qadına münasibət tarixən müəyyən hörmətə və diqqətə əsaslanıb. Bununla yanaşı Azərbaycan tarixində qadın hüquqlarının və azadlıqlarının qanunvericilikdə təsbit olunması dünyada baş verən proseslərə uyğun həyata keçirilib:

"Azərbaycanda qadın hüquqlarının müdafiəsi və təşviqi, dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbulunda qadınların iştirakının genişləndirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli ilə bağlı bir çox qanunların, fərman və sərəncamların qəbulu, beynəlxalq təşkilatların üzvü kimi ölkəmizdə mühüm sənədlərin tətbiqi qadın hüquqlarının həyata keçirilməsi və təminatının inkişafına təkan verib.

  Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. 8 Mart bütün dünyada  qadınların hüquqlarının tanınması günüdür. Azərbaycanda isə qadına dünyanın irəli sırada olan ölkələrinin verdiyi hüquqların hamısı verilib.  Bu baxımdan zənnimcə, uğurlu Azərbaycan qadını öz vəzifə borcu ilə hüquq və azadlıqlarının tarazlığını saxlayanlardır. Əslində, 8 Mart öz hüquqlarını tanıyan, öz hüquq və azadlıqlarının tapdanmasına imkan verməyən qadınların bayramıdır".