Kür çayı quruyur, təhlükə yaxındadır

Su qıtlığının qarşısını almaq üçün ölkəmizdə su resurslarına uyğun kənd təsərrüfatı modeli qurulmalıdır

Ekologiya və ətraf mühitin mühafizəsi

  Kür çayında suyun səviyyəsi aşağı düşüb. Suyun miqdarı o qədər azalıb ki, ərazidə olan geomüxtəliflik məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın  səviyyəsinin azalması müşahidə edilir. Bu proses saha çox Neftçala və Salyanda özünü qabarıq göstərir. Bu ərazidə demək olar ki, Kür tamamilə quruyub.
  Vaxt var idi Kür çoşub-daşar, çayın səviyyəsinin artması  ətraf kəndlərdə yaşayan insanları təşvişə salardı. Şəninə əsərlər yazılan, mahnılar bəstələnən əzəmətli “Ana Kür”ümüz indi ekoloji fəlakətlə qarşı-qarşıyadır. Görünür, öz məcrasından xeyli geri çəkilən çay  bir neçə ilə Dəli Kür yox, quru Kür olacaq...

  Çayın quruması nəticəsində Kürün aşağı axınında, o cümlədən çayətrafı kəndlərdə təsərrüfatların suvarılmasında problemlər yaranıb. Xüsusən də,  yaz mövsümü suvarmasını çətinləşdirib. Bu da əhalinin ciddi narahatlığına səbəb olub.
  Mütəxəssislərin fikrincə, iqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekosistemlərə ciddi təsir göstərir. Belə ki, hava temperaturunun ölkə ərazisində artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb.
  Məlumat üçün bildirək ki, Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissədə Kür çayında suyun azalması nəticəsində yatağın sol sahilindən qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun məlumatına görə, maddi mədəniyyət nümunələri ilə tanış olmaq və əraziyə baxış üçün İnstitutun əməkdaşları Neftçala rayonuna ezam olunub. Kəndin ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı müəyyən olunub ki, Kür çayının çəkilməsi nəticəsində, çayın birbaşa yataq hissəsindən məişət qabları (əksəriyyəti dağılmış vəziyyətdə) aşkar olunub. Ərazidən bir ədəd iri həcmli təsərrüfat qabının lülək hissəsi aşkar olunub. 10 mart tarixindən suyun səviyyəsi yenidən qalxmağa başlayıb və maddi-mədəniyyət nümunələri tapılan ərazinin çox hissəsi su altında qalıb. Arxeoloji materialların təhlilindən görünür ki, bu ərazidə orta əsrlərdən bu günədək yaşayış yeri mövcud olub.

  Maraqlıdır, ölkə ərazisinə yağıntı düşməsinə baxmayaraq, Kürdə suyun səviyyəsi  niyə azalır? Çayın quruması kimi böyük bir ekoloji fəlakətin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

  Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Ənvər Əliyev AZƏRTAC-a açıqlamasında deyib ki, çaylar yağıntıdan və yeraltı sulardan qidalanır. Çoxillik iqlim göstəricilərinə əsasən qış ayları yağıntıların az olduğu dövrdür. Yağıntıların böyük qismi yazın sonu, yayın əvvəlində olacaq.
Kür çayının qurumasından danışan mütəxəssis buna əsas səbəblərdən biri kimi su anbarlarını göstərib: “Ölkəmizdəki çayların böyük əksəriyyəti tranzit çaylardır. Kür çayı bizim əsas su mənbəyimizdir. Kürün bir çox qolları Türkiyə, Ermənistan və Gürcüstandan qidalanır. Bu qidalanmada da bəzi hissələrdə su anbarları var. Bu çay ümumilikdə respublikamız daxil olmaqla 1515 kilometr ərazini keçir. Həmin ərazilər də maksimum dərəcədə gələcək üçün bu çaydan istifadə etməyə çalışır. Bu problem ucbatından da Kür çayı Azərbaycan ərazisinə çatanadək suyu azalır. Ölkəmizdə ümumi su həcmi 21,9 milyard kubmetr olmaqla irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan ən böyüyü 16 milyardkubmetr su həcmi olan Mingəçevir su anbarıdır. Bu anbarlar suyu gələcəkdə daha “səmərəli” istifadə üçün yığmağa çalışır. Nəticədə çaya bir hücum başlayır”.
  Ə.Əliyev bildirib ki, Kürün quruması təhlükəsi həm də Araza aiddir. Mütəxəssisin fikrincə, çayın qurumasının qarşısının alınması üçün başlıca olaraq suvarma sisteminə diqqət edilməlidir: “Ən çox suvarılan ərazi taxıl sahələridir. Təəssüf ki, Azərbaycanda müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Kürün şəklinə baxanda utanırıq. Bu çay Zaqafqaziyanın ən böyük çaylarından biridir. Kür daima bizi daşqınları ilə qorxudub. Amma indi Kür-Araz ovalığını çöküntülərlə təmin edən çay qurumaqdadır.
  Suvarma sistemlərinin artırılması vacibdir. Suyun hər qramını diqqətlə istifadə etməliyik. Günəş parıltısının illik miqdarı 2500-2800 saatdır. Hər kvadratsantimetrə düşən günəş radiasiyasının illik miqdarı 130-145 kkal/sm2 arasında dəyişir. Suvarma çox aparılan ərazilərdə günəş radiasiyası yüksəkdir. Təklif edirəm ki, həmin ərazilərdən günəş enerjisinin toplanılması üçün istifadə edilsin. Bu enerjidən məişətdə, ictimai yerlərdə istifadə edə bilərik. O ərazilərdə əhalinin 25-30 faizi yaşayır. Həmin əhaliyə həm istilik enerjisi verilsin, həm də anbarlara toplanan suyun bir qismi paylanılsın. Bəlkə, bu qaydada Kürün qurumasının qarşısı alınar”.
  Ekspert Kür çayının qurumasının su qıtlığı yaratmaqla yanaşı, həm də torpaqları şoranlaşdırdığını qeyd edib: “Təəssüf ki, həmin ərazilərdə nəhəng şoranlıq yaranıb. Kürün qurumasının səbəbləri ciddi araşdırılmalıdır. Kompleks iş ortaya qoyulduqdan sonra həll tapmaq olar. Ermənistan Gürcüstandan fərqli olaraq ölkələrarası su müqavilələrini imzalamır, bu da problem yaradır. Ermənistan çayı çirkləndirir, su israfına yol verir. Azərbaycana 8 hava kütləsi daxil olur, onlar bir-birindən olduqca fərqlidir. Suyun azalmasında insan faktoru əsas rol oynayır. Müəyyən dövr quraqlıq keçəcək. 2050-ci ildən başlayaraq planetdə ənənəvi soyuqlaşma başlayacaq. Buzlaşma dövründən yarımbuzlaşma dövrünə keçid olacaq. Bəlkə də, bu hazırlıq ona gedir. Adətən quraqlıq gəlir, ardınca da qəfil soyuq olur”.

  Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı  isə “Şərq”ə açıqlamasında deyib ki, Kürdə suyun  azalmasına  səbəb yağıntıların azalması, Kürə gələn çayları formalaşdıran bulaqların quruması, çayın keçdiyi ölkələrin suyu anbarlara toplaması və sairdir. Yəni burada həm təbii, həm antropogen faktorların təsiri var:

“Bu həm də  qlobal və lokal ekoloji problemlərlə bağlıdır. Kür ölkəmizin ana arteriyasıdır, həm suvarma, həm içməli su ilə bağlı böyük su təchizatı mənbəyidir. Əgər çayda suyun azalması davam etsə, bu təkcə ekoloji yox, həm də çox ciddi sosial və iqtisadi problemlərə səbəb olacaq. Bu problemin qarşısının alınması ilə bağlı dəfələrlə fikirlərimizi bildirmişik. Məsələ əsasən su mənbələrinin effektiv idarə olunmaması və ekoloji böhrana yol verilməsindədir.
  Burada, əlbəttə, Kürün mənbə ölkəsi Türkiyənin və tranzit ölkə olan Gürcüstanın da ciddi təsiri var. Belə ki, onların Kür suyundan normadan artıq istifadəsi və suyun çox hissəsinin anbarlara toplandığı ilə bağlı məlumatlar yer alır.
  Oxşar hallar təkcə bizim regionlarda deyil, dünyanın başqa zonalarında da müşahidə olunur. Hətta bəzi yerlərdə ölkələr arasında qarşıdurmalar yaranmasınadək gətirib çıxarır. Belə çıxır ki, ölkələr qlobal su müharibələrinə hazırlaşırlar. Çünki yaxın müddətdə dünya üzrə çox ciddi quraqlığın baş verəcəyini və çox ciddi su probleminin yaranacağını həm qlobal elmi mərkəzlər, həm də beynəlxalq təşkilatlar etiraf ediblər. Müxtəlif ölkələr buna hazırlıq işləri görür. Bizim vəziyyətimiz isə çox təhlükəlidir. Çünki su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır. Qafqazın ümumi su ehtiyatının çox cüzi hissəsi bizim payımıza düşür. Gürcüstan və Ermənistan əhali və ərazicə bizdən 2-3 dəfə az olmalarına baxmayaraq, su ehtiyatlarına görə bizdən 2-3 dəfə çox imkanlara malikdirlər”.
  Ekspertin fikrincə, lazımi addımlar atılmasa, durum daha da pisləşəcək: “Əgər quraqlıq və qlobal su çatışmazlığı baş versə, biz çox ağır vəziyyətdə qalacağıq. Ona görə də müvafiq təşkilatlar suyun qiymətini heç bir əsas olmadan bahalaşdırmaqdansa, yaxşı olardı ki, su ehtiyatlarından effektiv istifadəni təmin etmək üçün ciddi tədbirlər görsünlər. Təcili olaraq mümkün yerlərdə su anbarları tikilməli, dəniz kənarında suşirinləşdirici zavodlar qurulmalı, yağış suyundan səmərəli istifadə olunması üçün müvafiq texnologiya tətbiq edilməli, mümkün olan yerlərdə çoxlu sayda yeni artezian quyuları qazılmalı, “naməlum səbəbdən” 40-50 faizə çatan ifrat “su itkiləri”nin qarşısı alınmalıdır. Bulaqların qurumasına səbəb olan ekoloji problemlər həll edilməlidir. Müvafiq tədbirlər görülməsə, qarşıdakı illərdə ciddi probemlərlə qarşılaşacağıq”.
  E.Bayramlının fikrincə, azad edilən torpaqlarımız - Qarabağ su ehtiyatı ilə zəngindir. Azərbaycanın 30 faiz su ehtiyatı həmin bölgədə yerləşir. Həmin su ehtiyatlarından səmərəli istifadə etsək, ətraf regionları da vəziyyətdən çıxara bilərik. Amma sistemli, elmi şəkildə əsaslandırılmış işlər görülməlidir: “Suyun düzgün paylaşdırılması, bölüşdürülməsi, su mənbələrinə normal təzyiq verilməsi kimi məsələlər nəzərə alınmalıdır. Yəni bir tərəfdə daha çox su istismar edib, digər tərəfdə qıtlıq yaratmamaq üçün düzgün kanalların çəkilməsi, alternativ mənbələrdən istifadə etmək lazımdır.  Proqnozlara görə, 2030-cu ilə qədər Azərbaycanı səhralaşma, quraqlıq gözləyir. Bizi gözləyən təhlükənin fəsadlarını minimuma endirmək üçün təcili tədbirlər görülməlidir. Çox təəssüf ki, aidiyyəti orqanlar sadəcə oturub gözləməklə məşğuldurlar” .

  Ekofəal Cavid Qara da sosial media hesabında Kürün quruması təhlükəsi ilə bağlı öz fikirlərini paylaşıb. Onun sözlərinə görə, Kür çayının qurumasının əsas səbəbi qlobal iqlim dəyişikliyi deyil, su sərfiyyatının artması və düzgün idarə edilməməsidir:
“Su sərfiyyatının kəskin şəkildə artmasının əsas səbəbi isə daha öncə suvarılmayan isti iqlim şəraiti olan qış otlaqlarının intensiv suvarılmaya cəlb olunmasıdır. Yəni Kürdə suyun səviyyəsinin azalmasının günahı nə qardaş Türkiyə, nə də qonşu Gürcüstandır. Kürün dərdi Azərbaycandır. Məmurlar, onların bağları, əkin sahələri əjdaha kimi suyun qabağını kəsib. 100 min hektarla yayda ilan mələyən quraq qış otlağının intensiv suvarma əkinə cəlb edilməsidir. Biz heç iqlim böhranının qarşısını almaq üçün də bir iş görmürük, nə də ona uyğunlaşmaq üçün. Halbuki qış otlaqlarını bərpa etməkdən başqa çıxış yolu yoxdur”.

  Ekoaktivistin sözlərinə görə,  Kür çayının suyunun formalaşmağında Türkiyənin rolu 5-10 faizarası olar, ya olmaz: “ Su hövzəsinin 2-3 faizi Türkiyənin payına düşür. Bu yerləri ortalamadan 2-3 dəfə artıq aktiv su toplama ərzisi götürsək, yenə də 10 faizi keçmir. Yəni Türkiyə Kürün suyunu tam kəssə də, vəziyyət bu qədər acınacaqlı olmamalıdır, amma heç kəsmir də. Çünki həmin yerlər ciddi ölçüdə suvarma əkinçilik edilməyəcək qədər dağlıq ərazilərdir. Buzlaqlar filan da yoxdur. 1400-2700 metr arası bizim Gədəbəy və Tovuz rayonları qədər yerlərdir. Mingəçevir Su Anbarından dəfələrlə kiçik ölçüdə, 2-3 xırda su anbarları, daha doğrusu, Su Elektrik Stansiyaları tikilib. Suvarma əhəmiyyətli olmadığı üçün sudan enerji əldə edirlər, su da  öz axarı ilə davam edir. Su anbarlarının dolma müddətində Kürün axını azala bilər, o da ki su anbarları balaca olduğundan bu kəsinti ciddi bir əhəmiyyət daşımır. 
  Gördüyünüz kimi, Kür çayının qurumasında Türkiyənin rolu ən sonuncudur. Kür mənbəyini Türkiyədən götürür deyə adı hallanır. Halbuki Kür Türkiyədən Gürcüstana keçəndə Tərtərçayı kimi bir çaydır. Sərsəng su anbarı belə onların tikdikləri su anbarlarından qat-qat böyükdür. Gürcüstandan, Ermənistandan, Azərbaycandan Kürə onlarla Tərtərçayı kimi və daha güclü çaylar qovuşur. 
  Ermənistanda Kürün su toplama hövzəsi Türkiyədən daha geniş və daha yüksək dağlıq ərazilərə düşür və o ərazilərdə də nə ciddi bir suvarma var, nə SES-lər. Qazaxla sərhəddə çayın üzərində kiçik bir anbar var. O da ancaq yerli kənd əhəmiyyətli problem yaradır. Gürcüstan Kürün suyunun formalaşmasının ağırlığını görür. 4000metr+  yüksək dağlardan buzlaqlardan başlayan çaylar bol yağıntılı ərazilərdən keçir. Gürcüstanda Kürün hövzəsində suvarılan ərazilər də çox deyil. Onlarda bizdəki qədər suvarmaya ehtiyac yoxdur, çünki yağıntı çox düşür. Bizə yaxın quraq yerlərdə isə əksəri qış oltaqları kimi istifadə edilir”.

  Ekofəal hesab edir ki, bizi gözləyən su qıtlığının qarşısını almaq üçün ölkəmizdə su resurslarına uyğun kənd təsərrüfatı modeli qurulmalıdır. Xüsusilə pambıqçılıq, taxılçılıq və birillik bitkilərdən imtina edərək tərəvəzçilik, intensiv bağçılıq və istixanalar kimi gəlirli sahələrə yönəlmək lazımdır:

 “Bundan başqa, torpaq örtüklü kanallar beton örtüklərlə əvəz olunmalı, suvarılmada müasir və qənaətli texnologiyalar tətbiq edilməlidir. Həmçinin ödənişli suvarılma sisteminə keçid də tətbiq oluna bilər”.