Məşğulluq imkanları və şəraiti genişlənəcək

İşğaldan azad olunmuş ərazilərimiz, mövcud iqtisadi gücümüzə az qala 50 faizədək bərabər həcmdə əlavə güc qatacaq

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 


  Ölkənin ümumi iqtisadi inkişafında regionların sosial-iqtisadi həyatında görülən işlər böyük rol oynayır. İqtisadi inkişafda regional disbalansı aradan qaldırmaq Azərbaycan iqtisadiyyatının əsas problemlərindən biridir.
  Uzun illərdir ölkədə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları icra olunur. Regionların inkişafı sahəsində qəbul edilən, həyata keçirilən proqramlarda, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun genişlənməsinə, yoxsulluq səviyyəsinin azalmasına gətirib çıxarıb.
  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilməsinə başlanan təmir-bərpa prosesinin həm Qarabağ, həm də ona bitişik ərazilərdə sosial-iqtisadi inkişafa təkan verəcəyi gözlənilir. 
Yeri gəlmişkən, regionların inkişafı işğal altındakı torpaqlarımızın azad edilməsiylə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran, dağlıq hissəsi də daxil, Ağdam, Füzuli, həmçinin Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarının daxil olduğu Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır.
  Bu gün hökumətin üzərinə düşən vəzifə ikiqat artıb. Çünki Qarabağın dirçəldilməsi və 30 ilə yaxın müddətdə doğma yurda qayıdış həsrətilə yaşayan əhalinin el-obasına dönüşü həyata keçməlidir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı”nın Tədbirlər Planını təsdiqləyib. Tədbirlər Planı çoxşaxəlidir və sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edir.
  Eyni zamanda sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq. Əsas məsələlərdən biri əhalinin doğma yurda qayıdışının sürətləndirilməsi olduğundan, 2022-2025-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 10 270, 2022-2026-cı illərdə isə 34 500 ailənin köçürülməsini təmin etməlidir.

  Aradan az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Bu günlərdə qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə növbəti qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsinə 90-a yaxın ailə  köçürülüb. Yaxın vaxtlarda yeni belə layihələrin icrası da nəzərdə tutulub. Kəndlərlə yanaşı, böyük şəhərlərin də bərpasına start verilib və yaxın gələcəkdə bu ərazilərin inkişafının iqtisadi artımda ciddi paya malik olacağı proqnozlaşdırılır.
Yeri gəlmişkən, iki gün əvvəl də Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə "Böyük Qayıdış" proqramı çərçivəsində ilk mərhələdə 20 ailə  köçürülüb. 
  Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 90 nəfər Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına qayıdıblar.
Qeyd edək ki, Azərbaycan hökuməti Talış kəndində ilk mərhələ üzrə bərpa və quruculuq işlərini yekunlaşdırıb. “Azəriqaz” İstehsalat Birliyi kəndə 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkib. Həmçinin Talış kəndinə köçəcək sakinlərlə görüşdə evlərin püşkatma mərasimi keçirilib. Görüşdə həmçinin əhalinin məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr bağlanılıb.
Azərbaycanda regionların inkişafının  hər zaman prioritet olduğunu xatırladan millət vəkili Vüqar Bayramov  deyib ki, dövlət başçısının mütəmadi olaraq bölgələrə səfəri rayonlarımızın inkişafı və bütövlükdə ölkədə balanslı iqtisadi inkişafın formalaşması məqsədi daşıyır: “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı infrastruktur layihələri bu il də  davam etdirilir. Mərhələli şəkildə, iqtisadiyyatın balanslı şəkildə inkişafı və regionlarla paytaxt arasındakı fərqin minimumlaşması müşahidə olunur. Regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları infrastrukturun formalaşmasına ciddi təkan verir. Artıq regionların inkişafı ilə bağlı yeni mərhələyə qədəm qoyulub. Bu, əvvəlki illərdə formalaşan infrastrukturun dəyərə çevrilməsi mərhələsidir. Təbii ki, bu da yeni iş yerlərinin yaradılması, eləcə də tək yerli yox, həm də xarici sərmayələrin cəlb edilməsi imkanları deməkdir. Ona görə də regionların sosial və iqtisadi inkişafla bağlı həyata keçirilən layihələr rayonlarımızda infrastrukturun daha da təkmilləşməsinə təkan verir”.
  Millət vəkilinin sözlərinə görə, regionların inkişafında, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin daha qısa zamanda bərpası, yenidənqurması və reinteqrasiyası prioritet olaraq güclənməkdədir: “ İki ildən artıqdır ki, regionların inkişafı ilə bağlı, həm də işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurmasını müşahidə edirik. İşğaldan azad olunan ərazilərimizdə gün-gündən geniş vüsət alan bərpa işləri  elə fikir yaradıb ki, guya, indiyədək böyük işlər görülmüş digər rayon və bölgələrimiz bundan sonra diqqətdən bir müddət kənarda qalacaq, yeni layihələrin icrası təxirə düşərək, işlər zəifləyəcək.
Əksinə, Qarabağın dirçəldilməsi digər regionların inkişafını nə arxa plana salacaq, nə də ki, gələcəkdə hər hansı disbalans yaradacaq. Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurması heç də digər bölgələrimizin diqqətdən kənar qalması anlamına gəlmir. 2023-ci il ərzində də digər bölgələrimizdə  infrastruktur layihələri davam etdiriləcək. O cümlədən, yolların inkişafı, bərpası, yeni infrastruktur, nəqliyyat və kommunikasiya, logistik infrastrukturun genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Cari ildə Şərqi Zəngəzurun qurulmasına 3 milyard manat vəsait ayrılıb. Digər bölgələrdə də infrastruktur layihələri 2023-cü ildə davam etdiriləcək”.
  İşğaldan azad olunan ərazilərimiz ilk növbədə qeyri-neft sektorumuz üçün böyük töhfələr əldə etməyə imkan yaradacaq. Söhbət, kənd təsərrüfatından, onun heyvandarlıq və bitkiçiliyindən, tikinti materialları əldə etmək üçün zəruri xammal bazasından, turizmdən, şərab və araq istehsalından və sairdən gedir. Həmin zona həmçinin faydalı qazıntılarla və mineral sularla zəngindir.
  İşğaldan azad olunmuş ərazilərimiz, mövcud iqtisadi gücümüzə az qala 50 faizədək bərabər həcmdə əlavə güc qatacaq. Yeni ticari və iqtisadi imkanlar yaranacaq. Məşğulluq imkanları və şəraiti genişlənəcək. Sadəcə, bunu hərəkətə gətirmək lazımdır. İlk növbədə infrastruktur yaradılmalı, azad edilmiş ərazilərin potensialının realizəsi məqsədilə tələb olunan ilkin şərtlər həllini tapmalıdır”.