Azərbaycanda layiqli gənc nəsil yetişir

Gələcəyimizi quranlar istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; 

  Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir. Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaşlıdır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır. Bu gün Azərbaycanın gələcəyi məhz bu yaş qrupunda olan insanların necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən asılıdır. 

Milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını da yaradır. Bu cür gənclər dövlətimizin gücünü də artırırlar. Azərbaycanın bu gün məhz həmin prinsiplərə söykənən dövlət gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldiyi gündən başlayaraq müstəqil dövlətdə yeni gənc nəslin formalaşması istiqamətində ciddi addımlar atılıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclər sahəsində Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. 2018-ci ildə gənclər siyasətinin inkişafına xidmət edən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ötən il üçün nəzərdə tutulan müddəaları icra edilib, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Gənclərin hərtərəfli inkişafına şərait yaradılması, eyni zamanda onların vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsi daim dövlətin diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında etdiyi çıxışı zamanı da bu məqamlara diqqət çəkib. Dövlət başçısı qeyd edib ki. biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirməlidir: "Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”. 

Gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvər hissləri ilə bağlı ötən gün Sosial Tədqiqatlar Mərkəzinin maraqlı sorğusu da yayılıb. Qeyd olunub ki, qloballaşmanın müxtəlif dövrlərdə xalqların yaşam fəlsəfəsinə təsiri gənc nəslin nümayəndələri qarşısında milli-mədəni dəyərlərə sahiblik missiyasını zərurətə çevirir.

 Yeni nəslin milli-mənəvi dəyərlərin qorunmasına ümumbəşəri baxışı milli dəyərlər sistemini qloballaşmanın zərərli təsirlərindən qorumaqla yanaşı, eləcə də qalibiyyət dövrünün reallığı ilə şərtlənir. Sosial Tədqiqatlar Mərkəzi milli ideologiyanın inkişafında siyasi-ideoloji əhəmiyyətə malik olan milli-mənəvi dəyərlərə sahiblik kultunun qorunub saxlanılmasına müxtəlif dövrlərin nəsilləri arasında ictimai baxışın öyrənilməsi məqsədilə rəy sorğusu keçirib. Bu məqsədlə, respondentlərə “Sizcə, əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissi qorunub saxlanılıb, yoxsa itirilib? sualı ünvanlanıb. Ümumi nəticələrə əsasən, sorğuda iştirak edən və müxtəlif nəsilləri təmsil edən respondentlərin təqribən yarısı və ya 48,8 faizi əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin qorunub saxlanıldığı qənaətindədir. Kişi respondentlər (55,3 faizi) əks cinsin nümayəndələri (44,7 faizi) ilə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin qorunub saxlanıldığı düşüncəsinə daha çox hakimdirlər. Suala mövqeyini ifadə edənlərin rəyləri respondentlərin yaşayış məntəqəsi üzrə fərqlənir. Şəhərdə yaşayanların təqribən yarısı, kənddə yaşayan hər üç nəfərdən biri və qəsəbə sakinlərinin 19 faizi əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin qorunduğunu bildirib. 45-54 yaş qrupunu təmsil edənlər 18-24 yaş qrupuna məxsus olan respondentlərlə müqayisədə sözügedən mövzuda daha optimist yanaşma sərgiləyiblər. Lakin sorğuda əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin itirildiyini düşünənlər də olub. Qeyd edək ki, 2023-cü il ərzində sorğuda 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 

  Gənc ictimai fəal, siyasi şərhçi Fuad Heydər "Şərq"ə açıqlamasında bildirib ki, Ulu Öndərin və cənab Prezidentin dövründə Azərbaycan gəncliyi vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə sadiq olaraq yetişdirilib. Ekspert deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi də məhz vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı olan gənclər idi: 

"Vətən müharibəsindəki Qələbə həm də gənclərlə bağlı 27 illik dövrün məntiqi yekunu idi. Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissi əməldə sübut olundu. Ancaq Qələbəmizdə gənclərlə bağlı dövlət siyasətinin rolu təkcə fiziki və mənəvi hazırlıq və vətənpərvərlik işi ilə məhdudlaşmır. Əlbəttə ki, Şuşanın işğaldan azad edilməsi onların vətənpərvərliyinin, yüksək mənəvi və fiziki hazırlığının parlaq nümayişi oldu. Həmçinin burada 21-ci əsrin müharibəsi kimi yüksək texnologiyalar və süni intellektə əsaslanan döyüş vasitələri mühüm rol oynayır. Həmin texnologiya və döyüş vasitələrinin düzgün idarə edilməsi yüksək peşəkarlıq və təhsil tələb edir. Digər tərəfdən isə yüksək təhsilli gənc nəslin yetişməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ müharibəsi ilə bağlı mövqeyimizin dünyaya çatdırılması, habelə ölkəmizin beynəlxalq səviyyədə yumşaq gücünün formalaşması üçün zəruridir. Bu isə gənclərimizin yüksək intellektual və təhsil səviyyəsinə dəlalət edir".
Gənc fəal bəyan edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır: "Bu gün ölkə gəncliyinin inkişaf səviyyəsi yüksək həddə çatıb. Gənclər artıq Azərbaycanın hüdudlarından xeyli kənarda da ölkəmizi bütün sahələrdə - ictimai, elm, mədəni və s. - yüksəksəviyyəli kürsülərdə təmsil edirlər. Əlbəttə, gənclərin milli ruhda tərbiyə alması çox vacib amildir. Prezident İlham Əliyevin haqlı olaraq söylədiyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə və layiqli yerlərini tutmasına səbəb olub. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan dövləti tərəfindən kompleks tədbirlər həyata keçirilib. Bu istiqamətdə müvafiq qanunvericilik bazası formalaşdırılıb. Həmçinin dövlət proqramları, strategiyalar qəbul olunub və uğurla icra olumaqdadır".