Dahi şəxsiyyətlərin tarixi xidmətlərini saymaqla bitməz 

Ümummilli Liderin rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atılıb

Azərbaycançılıq ideyasının təbliği


  Müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi bütün ölkədə təntənə ilə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin  “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamından irəli gələrək ictimai-siyasi  təşkilatlar, vətəndaş cəmiyyəti təmsilçiləri silsilə tədbirlər keçirir. Əslində imzalanmış sərəncam rəsmi xarakter daşıyır və Azərbaycan dövlətinin Ulu Öndər ideyalarına sadiqliyinin nümunəsidir. Azərbaycan xalqı isə Ümummilli Liderin xatirəsini daim əziz tutur, onu unutmur, bu böyük şəxsiyyəti daim qürurla, vüqarla xatırlayır. Heydər Əliyevi unutmaq mümkün deyil. 

Çünki Ümummilli Lider xalqımıza Azərbaycan boyda miras qoyub. Və onu əmin əllərə tapşırıb. Heydər Əliyevlə bağlı hər tədbirdə söz açılır, xatirəsi hörmətlə yad edilir, gördüyü işlər, Azərbaycanı güclü dövlətlər sırasına çıxarmasından danışılır. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirlər, konfranslar Ulu Öndərin dövlətçiliyin möhkəmlənməsi yolunda gərgin fəaliyyətinin bir daha xatırlanması üçün daha bir imkandır. Belə tədbirlərdən biri bu günlərdə Xətai rayonunda keçirilib. Tədbirin “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” kontekstində təşkil edilməsinin özü də diqqətə layiqdir. Azərbaycançılıq ideologiyasının anladılmasında Ümummilli Liderin həyat və fəaliyyətindən daha bariz nümunə axtarmağa dəyməz. Qeyd edək ki, tədbir Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirlib. 

  Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində silsilə tədbirlər davam edir.

 Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi, eyni zamanda 18 müddəanı özündə əks etdirən Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqamətinin daha dərindən təhlilinə, indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Zaman keçdikcə, Ulu Öndər Heydər Əliyevin yaratdığı irsin, ideyalarının bəhrəsini daha yaxından görür, tarixi paralellər fonunda dahi şəxsiyyətin müstəqil Azərbaycan naminə etdiklərinin miqyasının ölçüyəgəlməzliyini böyük qürurla qeyd edirik. Dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqaməti uğurlarla o qədər zəngindir ki, bütün bunları bir tədbirdə əhatə etmək qeyri-mümkündür. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı bu baxımdan "Heydər Əliyev İli" çərçivəsində keçirdiyi silsilə tədbirlərdə Ümummilli Liderin ayrı-ayrı sahələr üzrə titanik fəaliyyətinin təhlilinə xüsusi diqqət göstərir. Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası da dahi şəxsiyyətin fəaliyyətində mühüm istiqamətlərdən biridir. Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilir: “Dahi şəxsiyyət hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Bu çağırışı etdi ki, Vətən birdir və hamımız bu Vətən üçün çalışmalıyıq”. YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycanın ən çətin günlərində xalqının səsinə səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını vahid ideologiya - azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə çağırdı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım oldu. Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini daha da möhkəmləndirdi. Vüqar Rəhimzadə onu da qeyd edib ki, son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsi istiqamətində atılan addımlarda, qəbul edilən qərarlarda öz aydın ifadəsini tapır. Dünyaya səs salan tarixi Zəfərimizdə bu birliyimiz öz sözünü dedi. Tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən Azərbaycan xalqının torpaq, Vətən sevgisi beynəlxalq səviyyədə də etiraf edildi.

  Tədbirdə çıxış edənlər azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən, bu ideologiyanın müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, tarixinin, ədəbiyyatının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlardan geniş bəhs ediblər. 

Bu mühüm məqam xüsusi vurğulandı ki, hakimiyyətinin birinci dövründə Ulu Öndərin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri azərbaycanlı gəncləri gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnmək üçün keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması olub. Bu yolla Azərbaycanın elm və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi. Həmin illərdə ölkəmizdəki intibahı şərtləndirən amillərdən biri gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olub. Milli hərbi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev üçün böyük əhəmiyyətli məsələ idi. Azərbaycançılıq ideologiyasının inkişafı hər bir vətəndaşın torpaq, Vətən sevgisindən, milli-mənəvi dəyərlərə, tarixinə, dilinə bağlılığından irəli gəlir. Hər birimiz öz ana dilimizi sevməli, inkişaf etdirməliyik. Hər bir xalqı dünyada tanıdan onun dilidir. Əbəs yerə deyilmir ki, bir xalqı, milləti məhv etmək istəyirsənsə, onun dilini əlindən al. Ulu Öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinin diqqətdə olması üçün göstərdiyi səylərə diqqət yetirsək görərik ki, məhz onun qətiyyəti sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi və mühüm qərarların qəbulunda əhəmiyyətli rol oynadı. 

  “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”ndan danışan millət vəkili Aydın Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı: 


- Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşıb. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən bir məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir və dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir. Xalqımız bu ideologiya və onun milli şüurumuzda möhkəmlənməsini Ulu Öndərə borcludur.