İndiyədək təsdiqlənməyib

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı Milli strategiya ciddi məsələdir

  “Proqram təminatı xarici ola bilər, amma onu işlədən mütləq yerli olmalıdır”. Bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, bu məsələ Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb: “Kritik qurumların təhlükəsizliyini qoruyan şirkət - kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, rəhbər heyəti, bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar. Əslində, doğru yanaşmadır. 

  Əgər söhbət strateji dövlət və özəl sektorun datasının və şəbəkəsinin real vaxtda monitorinqindən, izlənilməsindən gedirsə, bunun yerli qurumlar tərəfindən gerçəkləşməsi doğru yanaşmadır. Amma addım-addım bu sahədə istifadə olunan proqram məhsullarının da daha çox yerli məhsul olmasına diqqət yetirmək doğru olardı. Kritik qurumların siyahısı isə DTX və XRİTDX-nin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən  təsdiq ediləcək. Xeyli müddətdir ki, hazır olduğu bildirilsə də, bu siyahılar təsdiqlənməyib. Yeri gəlmişkən, İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı Milli strategiya da uzun müddətdir ki, hökumətə təqdim edilməsinə baxmayaraq indiyədək təsdiqlənməyib”.