İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" 


Mayda Laçın şəhərinə ilk köç olacaq

Şəhər mərkəzində təxminən 600-ə yaxın evin bərpası ilə əlaqədar təmir işləri yekunlaşmaq üzrədir

Yurda qayıdacaq insanların təhlükəsizliyi ilə bağlı bütün zəruri addımlar atılır


  Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir. Bu baxımdan mart ayının 28-də Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi də yeni idarəetmə üsulunun növbəti təzahürüdür. Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq layihələri haqqında ölkə başçısının xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin güclü iqtisadi potensialı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qısa zamanda qayıtmalarını təmin edəcək. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

  Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək  bildirib ki, sahibinə qovuşan torpaqlarımızda yeni idarəetmə üsulu tətbiq edilir. “Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”

  Laçın şəhərinin abadlaşdırılmasından bəhs edən ölkə başçısı yaxın gələcəkdə sakinlərin öz yurdlarına qayıdacaqlarını, su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yollarının yenidən qurulduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ermənilərin təbiətə vurduğu ziyana diqqəti yönəldərək xüsusi nümayəndə Məsim Məmmədova tapşırıq verərək qeyd etdi: “Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq”.

  Laçın şəhərinə ilk köç bu ilin may ayında planlaşdırılır. Ötən ilin sentyabr ayında şəhərin Baş Planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir. Hazırda Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya qovşaqlarının, magistral xətlərinin salınması işləri yekunlaşıb. 

Şəhərin mərkəzində bərpaya yararlı evlər təmir edilir, dam örtükləri təzələnir. Əlbəttə, yeni tikilən inzibati binaların hər biri müasir standartlara cavab verəcək.

  Laçından  olan millət vəkili Mahir Abbaszadə “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri işğaldan azad edilən əraziləri bərpa etmək, dağılmış iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatına çevirməkdir. Eyni zamanda bu ərazilərdən məcburi köçkün düşmüş insanları yenidən öz ata-baba yurdlarına qaytarmaq, xüsusilə də, daimi qaytarmaq kimi ciddi işlər də qarşıya qoyulan əsas məqsədlərdən biridir: 

“Bu hədəfləri həyata keçirmək üçün Azərbaycanın dövlət büdcəsindən hər il kifayət qədər vəsait ayrılıb. Builki dövlət büdcəsində də məhz işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"ı təmin etməklə bağlı təxminən 3 milyard vəsait ayrılıb. Bundan əvvəlki illərdə də təxminən 4.2 milyard vəsaitin ayrılması bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş əraziləri bərpa etmək, qurmaq və yaratmaqla bağlı ciddi işlər görməkdədir. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin göstərişlərinə və tapşırıqlarına uyğun olaraq 2022-26-cı illəri əhatə edən "Böyük Qayıdış"ı təmin etməklə bağlı Dövlət Proqramı qəbul olunub. Həmin proqramın müxtəlif müddəalarında müxtəlif nazirliklərə konkret tapşırıqlar verilərək həm tapşırıqların yerinə yetirilməsi ilə bağlı maliyyə mənbələri göstərilib, həm də qarşıya qoyulan məqsədlərin, işlərin nə qədər vacib olduğu bir daha ortaya qoyulub”.

  İşğaldan azad olunan və bərpa edilən rayonlar içərisində Laçının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan millət vəkilinin sözlərinə görə, Laçın rayonu Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında olan sərhədə ən yaxın məsafədə yerləşir. 10 noyabr bəyanatının müddəalarına uyğun olaraq, Laçın rayonunun şəhər mərkəzindən, Zabux və Susdan keçməklə Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişlərini asanlaşdırmaq məqsədilə belə bir dəhliz verilib: “Həm də bəyanatın müddəalarına uyğun olaraq, yeni yol çəkilib. Beləliklə, ötən il avqustun 26-da Laçının şəhər mərkəzi, Zabux və Sus kəndləri erməni işğalçılarından tamamilə azad olunub. Bundan sonra möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin Laçın şəhərinə səfəri oldu. Laçının şəhər mərkəzində bayrağımız qaldırılıb. Ölkə başçısı oradan həm Ermənistana, həm də xalqımıza öz mesajlarını verib. Eyni zamanda Laçın şəhərinin və azad edilmiş kəndlərin coğrafi nöqteyi-nəzərdən nə qədər vacib olduğu, tarixi nöqteyi-nəzərdən bu ərazilərin nə qədər azərbaycanlılara məxsus olması barədə öz fikirlərini bölüşüb. Rayonun bərpa olunması ilə bağlı müvafiq qurumlara dövlət başçımız öz tapşırıqlarını verib. Beləliklə, Laçın rayonunun şəhər mərkəzində, Zabux və Susda yeni qəsəbələrin tikintisi, bərpa oluna biləcək evlərin bərpa olunması ilə bağlı ciddi işlər görülür. Hazırda Laçının şəhər mərkəzində təxminən 600-ə yaxın evin bərpası ilə əlaqədar təmir işləri yekunlaşmaq üzrədir. Şəhərdə infrastrukturun qurulması, keçmişdə 2 nömrəli tam orta məktəb adlanan təhsil ocağının çox sürətlə təmir olunması xüsusi diqqət çəkir. Möhtərəm Prezidentin Zabuxda 223 ailədən ibarət yeni qəsəbənin tikintisi, eyni zamanda Susda yaşayış qəsəbəsinin tikintisi ilə əlaqədar konkret tapşırıqları var. Məndə olan məlumatlara görə, işlər çox sürətlə həyata keçirilir. Orada daha müasir qəsəbələrin tikintisi nəzərdə tutulur. İlin sonuna qədər Laçın rayonunun Güləbird, Şəlvə, Qorçu kəndlərinin baş planlarının hazırlanması nəzərdə tutulub. Bunlarla bağlı artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlər seçilib və o şirkətlərin səyləri nəticəsində biz baş müfəssəl planların hazırlanmasını gözləyirik. Digər tərəfdən, Laçın Hava Limanının tikilməsi də çox sürətlə davam etdirilir. Olduqca çətin bir relyefdə olmasına rəğmən dövlətimizin iqtisadi gücü sayəsində, ölkə başçısının siyasi iradəsi nəticəsində biz hava limanının tikintisinin sürətlə getdiyinin şahidi oluruq”.

  Laçınlı deputat 2025-ci ilin sonlarına qədər hava limanının istifadəyə veriləcəyini də açıqlayıb. Onun sözlərinə görə, bu da orada xidmət edən zabit və əsgərlərimizin ora gediş-gəlişlərinin asanlaşmasına səbəb olacaq: 

“Kəlbəcər, Laçın və Şuşanın turizm imkanlarından istifadə etmək nöqteyi-nəzərindən hava limanının istifadəyə verilməsi o yerlərdə turizm imkanlarının artmasına öz müsbət təsirlərini göstərəcək. Bütövlükdə, siyasi və turizm nöqteyi-nəzərindən hava limanının ərsəyə çatması çox böyük bir hadisə olacaq. Eyni zamanda, köçürüləcək əhali ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi siyahıyaalınmalar həyata keçirilir. Xüsusilə köçürüləcək insanların peşə fəaliyyəti, ixtisasları, öz dədə-baba yurdlarına qayıdarkən hansı işləri davam etdirəcəkləri barədə ciddi araşdırmalar aparılır. Yeni iş yerlərinin açılması ilə bağlı da ciddi işlər görülməkdədir. Hesab edirəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin iqtisadi gücü sayəsində cari ildə Laçının şəhər mərkəzinə və Zabuxa, Susa nəzərdə tutulan təxminən minə yaxın insanın köçürülməsi təmin ediləcək ki, bu da Azərbaycan tarixində çox mühüm bir hadisə olacaq. Çünki Laçın şəhəri uzun müddət Qarabağ ətrafında gedən müzakirələrdə, proseslərdə mübahisə predimeti olub. Laçına insanların qayıdışı, orada yaşayışın təmin olunması bir daha göstərəcək ki, bu torpaqların tarixi sahibləri məhz azərbaycanlılardır və bunlar da köçüb öz ata-baba yurdlarında daimi yaşayırlar”.

  Təhlükəsizliklə bağlı narahatlıqlara gəldikdə isə  millət vəkili qeyd edib ki, ərazi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yüksək səviyyədə qorunmaqdadır.

 Bu da təbii ki, köçürüləcək insanların təhlükəsi ilə bağlı olan narahatlıqları aradan qaldırır. Digər bir tərəfdən köçürüləcək insanlarla bağlı dövlət tərəfindən proqram qəbul edilib. Həmin proqrama əsasən iqtisadiyyatın müxtəlif sektorları Laçın rayonunda inkişaf etdiriləcək. Bununla bağlı artıq yeni, ilkin mərhələdə olan işlər görülüb. Yəni rayonda həm kənd təsərrüfatının, həm sənayenin, həm turizmin inkişafı, eyni zamanda, aqroparkların salınması ilə bağlı ciddi işlər görülür. Bütün bunlar isə buraya köçürüləcək insanların həm həyat şəraitini yaxşılaşdıracaq, məşğuliyyət problemini həll edəcək, həm də  dayanıqlı və sosial müdafiəni təmin edəcək. Ölkə rəhbərinin qeyd etdiyi kimi, biz laçınlılar, ata-baba yurdlarımıza daimi qayıdacağıq" .