Tələbələri təhsildən sonrakı mərhələyə hazırlamaq vacibdir

Ali təhsil müəssisələrinin müxtəlif  qurumlarla əməkdaşlığa meyilli olması müsbət addımdır

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

  Ali təhsil müəssisələri ilə dövlət qurumları, müxtəlif  şirkət, holdinq və korporasiyalar arasında əməkdaşlıq memorandumu imzalanması son zamanlar müsbət tendensiyaya çevrilib. Bu, ali təhsil müəssisəsi tələbələrinin nəzəri biliklərlə yanaşı, təcrübə də keçməsi, müasir peşə və ixtisaslar barədə məlumatlı olub, bu sahələrdə bilik və bacarıqlara yiyələnməsi, təhsildən sonrakı mərhələdə isə ixtisasa uyğun iş tapmaları və karyera pilləsində irəliləmələrinə imkan yaradır. Belə əməkdaşlıq memorandumlarından biri bu günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası arasında imzalanıb. 

ADNSU-nin rektoru, professor Mustafa Babanlı Assosiasiyanın sədri Elvin Abbasov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə həmçinin ADNSU-nun professor müəllim heyəti və tələbələr iştirak ediblər. Qonaqları salamlayan rektor, professor Mustafa Babanlı universitetdə mövcud olan təhsil və tədris prosesindən danışaraq müasir texnologiyanın tədrisdə geniş tətbiqindən söz açıb. Mühəndis kadrlar hazırlayan bir təhsil müəssisəsi üçün İT biliklərin vacibliyini qeyd edən rektor, professor Mustafa Babanlı universitetdə bu istiqamətdə fəaliyyət göstərən xüsusi kursların olduğunu deyib. Qonaqların diqqətinə çatdırılıb ki, bu gün ADNSU-da tələbələrə təkcə təhsil aldığı ixtisas üzrə bilik verilmir. Onlar müasir çağırışlara uyğun hərtərəfli mütəxəssis kimi yetişdirilirlər. Tədrisin və təhsilin yüksəldilməsi, peşəkar mühəndis kadrların formalaşması üçün müasir texnologiya və metodologiyanın tədris prosesinə tətbiq edilməsi, həmçinin xarici dil bilgilərinin inkişafı diqqətdə saxlanılır. İT sahəsində kifayət qədər peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyi Assosiasiya ilə əməkdaşlıqdan danışan rektor, professor Mustafa Babanlı bu əməkdaşlığın yüksək səmərə verəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib və qeyd edib ki, bu əməkdaşlıq tələbələr üçün təcrübə imkanlarının genişlənməsində və işlə təminolunmada da özünü göstərəcək. O əlavə edib ki, bu gün müsbət nəticə üçün İT biliklərinin olması zərurətə çevrilsə də, elmi baza biliyinin olması vacibdir və biz ADNSU tələbələrində bu fundamental bazanı bilib uğurlu nəticə əldə olacağına inanırıq. Assosiasiyanın mütəxəssisləri çıxışlarında istehsalat müəssisələrində, o cümlədən elmin müxtəlif sahələrində çevik inkişaf və rəqabət aparmaq üçün müasir informasiya texnologiyalarından düzgün istifadənin vacibliyini bildiriblər. Qeyd ediblər ki, rəqəmsal idarəetmə, İT ilə bağlı yeniliklərin tədris prosesində ixtisasla paralel mənimsənilməsi gələcəyin peşəkar mütəxəssislərinin əsas baza biliklərinin formalaşmasında xüsusi rol oynayacaq.  Ali təhsil müəssisəsi ilə şirkət əməkdaşlığının daha bir nümunəsi "Code Academy" şirkəti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinə aiddir. “Code Academy”nin direktoru Ülvi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyətinin AzMİU rəhbərliyi ilə görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova innovasiya sahəsində qabaqcıl şirkətlərlə universitet arasındakı əməkdaşlıqdan danışıb və bunun tələbələr üçün önəminə toxunub. "Code Academy"in rəhbəri Ülvi Aslanov şirkət haqqında məlumat verib və kadr hazırlığı sahəsində universitetlərlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. O, “Code For Future” və növbəti illərdə gerçəkləşməsi nəzərdə tutulan layihələr haqqında danışıb.   Görüşdə AzMİU ilə "Code Academy" arasında əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin gücləndirilməsi qərara alınıb. Qeyd edək ki, “Code Academy” dərslərin Zəmanətli Təhsil Sistemi ilə Beynəlxalq Sertifikasiya imtahanlarının kurrikulumu əsasında keçirməsi ilə tanınır.  Akademiya tələbələrə “Talant Mərkəzi”, “Mentor Sistemi” kimi özəlliklər və müasir tədris metodları ilə praktiki məşğələlər təklif edir. Memarlıq və inşaat üzrə təhsil alan tələbələr Akademiyanın təklif etdiyi tədris proqramlarından yararlanmaqla  hazırda daha çox tələbat duyulan sahələr – dizayn, dijital marketinq, proqramlaşdırma, İT və kiber təhlükəsizlik üzrə qabaqcıl təcrübəyə yiyələnmək imkanı əldə edə bilər. Niyə bu sahələrə maraq var? Dizayn brend və hədəf auditoriyası arasındakı vizual ünsiyyət əhatə edən bir sahədir. İndividuallığa ehtiyacın bu qədər artdığı bir dövrdə memarlıq və inşaatda  qrafika, interior, exterior dizayn və hərəkətli qrafika kimi sahələrə böyük tələbat var. Tələbələr “Code Academy”də dizayn sahəsində arzuladıqları istiqamətdə özünü inkişaf etdirə və gələcəyin sahələrindən birinə yiyələnə bilər. Tələbələr qrafik və veb, digital memarlıq, UX/Uİ dizayn və hərəkətli qrafika kimi innovativ və tələb görən sahələri əhatə edən proqramlara qoşula bilər və dizayn sahəsində seçdiyi istiqamətdə ixtisaslaşa bilər. Burada dizayn bacarıqları korporativ proqramlara müraciət edilməklə təkmilləşdirilir. Bu isə qrafik dizayn, UX/UI kimi sahələrdə yaranmış mütəxəssis boşluğunun doldurulmasına kömək edəcək. 
  Fəlsəfə doktoru Rafiq İsmayılov hesab edir ki, ali təhsil müəssisələrinin müxtəlif  qurumlarla əməkdaşlığa meyilli olması müsbətdir: 
- Belə əməkdaşlıqlar ali təhsilimizin müasir standartlara daha çox yaxınlaşmasını, tədris prosesinin qabaqcıl dünya tədris metodlarıyla aparılmasını təmin edə bilər. Ən əsası, bu cür əməkdaşlıqlar sayəsində tələbələr təhsildən sonrakı mərhələyə hazırlıqlı olurlar. Onlar üçün belə imkan yaranır. Qloballaşan dünyada təkcə ali təhsil yetərli sayılmır. Peşəkar kadr hesab edilmək üçün iş təcrübəsinə malik olmalısan, kommunikativ olmağı bacarmalısan. Kommunikativ bacarıqlar odur ki, müxtəlif şəxslərlə işgüzar əlaqələr yarada bilirsən, peşə münasibətlərini müəyyənləşdirmək, fərdi yanaşma bacarığı, dinləmək, özünü təqdim etmək bacarığı, çalışdığın yerdə xeyirxah mühit yaratmaq... Hazırda kadrlardan tələb olunan bunlardır. Ali təhsil, ixtisasa yiyələnmək, peşə bacarıqları da öz yerində. Ali təhsil müəssisələri ilə müxtəlif qurumların əməkdaşlıqlarından tələbələrin ixtisas artımında və tələbat olan peşələrə və bacarıqlara yiyələnmələri üçün istifadə edilməlidir.