Təşəbbüslər artır

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Son illərdə ölkəmizdə süni intellekt sahəsində oyanış müşahidə olunur


  Hazırda informasiya cəmiyyətinin, IV sənaye inqilabının əsas trendlərindən biri süni intellekt texnologiyalarıdır. Hətta süni intellekt yeni sənaye dövrünün zərurətidir. Bu istiqamətdə uğurlu fəaliyyəti təmin edə bilən dövlətlər gələcək dünyanın əsas yeni güc mərkəzlərini formalaşdıracaq. Müasir süni intellekt metodları yeni biznes imkanlarının yaranması, dövlət və özəl qurumların effektiv idarə edilməsi istiqamətində geniş imkanlar vəd edir. Süni intellekt iş əmsalının artırılmasında, istehsalatda vaxta, enerji resurslarına və büdcə vəsaitlərinə qənaət etmə, qəzaların profilaktikası və sair baxımdan əvəzolunmaz texnologiyadır. Dünya Sİ sahəsində yarışa, daha dəqiq deyilsə, amansız rəqabətə şahidlik edir. ABŞ və Çin bu sahədə liderlik edir. Bununla yanaşı, Çin həm də dünyanın “Süni İntellekt influenseri” statusunu qazanıb.

  Son illərdə ölkəmizdə süni intellekt sahəsində oyanış və inkişaf müşahidə edilir. Hər keçən gün data elmi və süni intellekt elminin dövlət və özəl qurumların diqqətini daha çox çəkdiyinin və süni intellekt istiqamətində təşəbbüslərin artan surətdə çoxaldığının şahidi oluruq.
Qlobal iqtisadiyyata sıx inteqrasiya olunan və dünyadakı müasir trendlərdən kənar qalmayan Azərbaycan üçün bu texnologiyaların inkişaf etdirilməsi vacibdir. 

  Ölkələrin Sİ hazırlığının müxtəlif aspektlərini araşdıran "Oxford Insights" indeksi kimi ümumi indekslər Azərbaycanı 2022-ci ildə 181 ölkə arasında 74-cü yerdə qərarlaşdırıb. Azərbaycan öz regionunda lider mövqeyini əyani şəkildə nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycanda milli süni intellekt strategiyasının hazırlanması üçün yol xəritəsi tərtib  olunub.

  Bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı-direktoru Tamerlan Tağıyev İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusundakı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, yaxın zamanlarda süni intellekt satınalmaları layihəsinin təqdimatı keçiriləcək: 

"Rəqəmsal ticarət sahəsində ilk əməkdaşlığımız qardaş Türkiyə ilə baş vermişdi. Hazırda digər ölkələrlə də rəqəmsal ticarət sahəsində əməkdaşlığın qurulması istiqamətində tədbirlər görülür. Əşyaların interneti sahəsinin inkişafı üzrə kiçik və orta sahibkarlarımız Dünya İqtisadi Forumun müvafiq sorğularında iştirak edib. Bu sahənin inkişafı ilə bağlı keçiriləcək tədbirlərin siyahısı müəyyənləşdirilib və gələcəkdə bu istiqamətdə işlər planlaşdırılır".

  T.Tağıyev vurğulayıb ki, ölkə üçün rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanması və təsdiq olunması ilə bağlı hökumət çərçivəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrupu yaradılıb: "Beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə strategiyanın hazırlanmasına başlanılıb. Həmin strategiya rəqəmsallaşma prosesinin tənzimlənməsi üçün faydalı olacaq. Burada həm rəqəmsal infrastrukturun təmin olunması istiqamətində tədbirlərin müəyyənləşdirilməsi, yüksək internetin həm əhatəsinin genişləndirilməsi, həm də dayanıqlı və əlçatan olması nəzərdə tutulub".
  Məlumat üçün deyək ki, Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzi – Dünya İqtisadi Forumu şəbəkəsinin bir hissəsidir. Mərkəz öz fəaliyyətini dövlət və özəl sektordan olan tərəfdaşlarla, eləcə də akademik dairələrlə əlaqələndirməyə çalışır. Bakı Dördüncü Sənaye İnqilabının Sİ kimi əsas texnologiyalarının yaratdığı imkanlardan faydalanmaq üçün siyasət və tənzimləyici çərçivələri hazırlamaq və sınaqdan keçirmək istiqamətində bu addımları atır.

  İKT ekspertlərinin fikrincə, ölkənin Sİ üzrə milli strategiya hazırlamaq səyləri onun regional liderliyini gücləndirmək, eləcə də özünə qlobal səhnədə yer tutmaq üçün yaxşı başlanğıcdır. Nəhayət, milli Sİ strategiyası Sİ-nin faydalarından istifadə etməyə, davamlı Sİ ekosistemi yaratmağa kömək edəcək, əlaqəli riskləri minimuma endirəcək.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Şərq”ə açıqlamasında deyib ki, dünyada süni intellektin inkişafı çox sürətlənib. Cəmiyyətin bütün sahələrində, dövlət və özəl sektorlarda hamı süni intellektin tətbiqi ilə məşğuldur: “Strateji yanaşma nəticəsində süni intellekt milli məqsədlərə, eləcə də siyasət və sənaye proqramlarına nail olmağı sürətləndirməyə kömək edə və ən əsası, vətəndaşları daha yaxşı dövlət xidmətləri ilə təmin edə bilər. Hazırda  ABŞ və Çin qlobal Sİ yarışında bir çox cəhətdən üstün mövqedədir. Bununla belə, hesab edirəm ki, hər bir ölkənin və regionun müəyyən sahələrdə sıçrayış etmək, eləcə də qlobal Sİ ekosistemini təkmilləşdirmək üçün ümumi təyinatlı texnologiyadan istifadə etməkdə özünəməxsus imkanları var. Qlobal güclərin ortaq qərarına görə, süni intellekt tətbiqlərindən istifadə etməyən dövlətlər “oyun”dan kənar qalacaqlar.
  Hətta bir çox ölkələrdə süni intellektlə bağlı oturuşmuş layihələr həyata keçirilir. Tanınmış dünya şirkətlərinin hamısı daha da irəli getmək üçün süni intellekt həllərinə qoşulurlar.

  Azərbaycanda da Sİ-nin inkişafı istiqamətində müəyyən addımlar atılıb. Dövlətimizin başçısının 2021-ci il 6 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

  Lakin çox təəssüflə qeyd etməliyəm ki, Azərbaycana elektronlaşma, rəqəmsal transformasiya ləngiyir. Nə adıkeçən “Dördüncü Sənaye İnqilabının Təhlili  Mərkəzi”, nə də digər müvafiq qurumlar süni intellektlə bağlı ortaya real işlər çıxara biliblər. Nə konseptual sənəd, nə də dövlət və özəl sektorda süni intellekt həllərinin tətbiqi ilə bağlı  real nümunələr var. Bu isə sözügedən Mərkəzin fəaliyyətinin günün tələbləri səviyyəsində olmadığını göstərir.  DSİTM-nin fəaliyyəti kosmetik açıqlamalar və gələcəyə yönəlik vədlərdən  o tərəfə keçmir. Ötən iki il ərzində bu qurum ciddi bir sənəd hazırlayıb qəbul etməli idi. Milli Süni İntellekt Strategiyasının qəbulu da çox ləng gedir. 

  Hətta maraqlısı odur ki, ayrı-ayrı nazirliklərə rəqəmsal transformasiya konseptini hazırlandığına dair açıqlamar verilir. Buna rəğmən indiyədək ölkə üzrə rəqəmsal transformasiya konsepsiyası təsdiqlənməyib. Hər bir nazirlik və ya dövlət qurumu deyir ki, onun datasının sahibi elə özüdür. Qəribə səslənsə də, reallıqda vəziyyət belədir. 

Məhz bunun nəticəsidir ki, hələ də bir çox dövlət qurumları rəqəmsala keçə bilmir, vətəndaşlardan kağız formada, pdf formada sənədlər tələb edir.  Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi süni intellekt həllərinin tətbiqində marağı olan tərəfləri bir yerə  cəmləşdirib, çoxdan vahid sənəd qəbul etməli idi. Ümid edirəm ki, ən azı bundan sonra qurum fəaliyyətini canlandırıb, ortaya real nəticələr qoyacaq”.