Dünya azərbaycanlılarının həmrəyliyi alqışlanmalıdır

Soydaşlarımız Ermənistanın alçaq hərəkətlərini dünyaya yayır

“Əminik ki, hərbçilərimiz azad ediləcək, amma ermənilərin alçaq xislətini üzə çıxaran bu hadisə də tarixdə qalacaq”

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

  Vətənimizin şad günündə də, tarixi əhəmiyyət daşıyan gərgin, kədərli günlərində də birlik, həmrəylik nümayiş etdirən dünya azərbaycanlıları Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülməsi və Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsinə görə də yumruq kimi birləşiblər. Təbii ki, soydaşlarımızın birliyini möhkəmləndirən, onları Vətənin səsinə səs verməyə daha da ruhlandıran  Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevin çağırışları, iradəsi və qətiyyətidir.    
  Dünyanın müxtəlif ölkələrində təşkilatlanmış azərbaycanlılar bəyanat qəbul edərək Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, eləcə də digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirir, müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktını araşdırmalarını, lazımi hüquqi qiymət vermələrini tələb edir, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün çağırış edirlər. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının bəyanatının mətnini təqdim edib. Bəyanatda deyilir: “Biz, xaricdə yaşayan azərbaycanlılar təəssüf hissi ilə bəyan edirik ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azmış Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Nəzərinizə çatdıraq ki, Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı foto və videolar Azərbaycan hərbçilərinə beynəlxalq hüquqi sənədlərə zidd olaraq işgəncə verildiyini və onlarla qeyri-insani rəftar edildiyini əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda azərbaycanlı hərbçilərin əli bağlı şəkildə döyülməsi və təhqir olunması aydın görünür. “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməli və hərbi əsirlərə qarşı zorakılıq hallarına və hədə-qorxuya yol verilməməlidir. Bu fakt Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirməməsinin, bu ölkədə azərbaycanlılara qarşı geniş vüsət almış etnik nifrət və irqi ayrı-seçkiliyin əyani sübutudur. Müvafiq beynəlxalq təşkilatlar yuxarıda qeyd olunan zorakılıq faktını, həmçinin son 30 ildə Ermənistanın azərbaycanlı hərbi və mülki əsirlərə, itkin düşmüş 3890 şəxsə qarşı törədilmiş zorakılığı araşdırmalı və lazımi hüquqi qiymət verməlidir. Biz, xaricdə yaşayan azərbaycanlılar, bu cinayəti bir daha qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistanın nəzarətində olan ərazilərə keçmiş Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq. Biz, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq azərbaycanlı hərbçilərə baş çəkməyi və onların vəziyyəti ilə bağlı məlumat verməyi tələb edirik. Biz, xaricdə yaşayan azərbaycanlılar, dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə təsir göstərməyə çağırırıq”.
  Bəyanatdan da göründüyü kimi Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı dünya azərbaycanlılarında haqlı hiddət doğurub. ABŞ-də yaşayan Azərbaycan icması Nyu-Yorkdakı Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi, Yuta-Azərbaycan Dostluq Təşkilatı, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Mərkəzi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, Floridanın Azərbaycan-Amerika Cəmiyyəti, Azərbaycan-Amerika Gənclər Təşkilatı adından beynəlxalq qurumlara bəyanat ünvanlayıb, Ermənistanda Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı qeyri-insani rəftara diqqət cəlb edib. Nəzərə çatdırılıb ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyaları üzrə öhdəliklərini yerinə yetirmir. Soydaşlarımız müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası da məlum faktı qətiyyətlə pisləyib. Amerika Azərbaycanlıları Koordinasiya Şurasının adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bu zorakılıq aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və lazımi qiymət verməsinin vacib olduğu nəzərə çatdırılıb. Amerika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçularının dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıblar. Həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması da Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktını qətiyyətlə pisləyib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Britaniya Azərbaycanlıları Assosiasiyası, Şimali İrlandiyanın Azərbaycan icması adından Birləşmiş Krallıq ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusu əsgərlərinin hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib, onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Bu vandalizm aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı İsveçrədə yaşayan soydaşlarımızın da böyük etirazına səbəb olub. İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda azərbaycanlı hərbçilərə qarşı edilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb olunub, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə çağırıb.

  Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında dünya azərbaycanlılarının həmrəyliyini alqışladığını dedi: 

- Xarici ölkələrdə yaşayan, müxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın həmrəylik nümayiş etdirməsi, əlbəttə, qürurvericidir. Vətənimiz üçün həssas zamanlarda biz həmişə bunun şahidi olmuşuq. İki hərbçimizin Ermənistan tərəfindən əsir götürülməsi və onlara qarşı qeyri-insani, qəddar münasibət, biz azərbaycanlılar üçün gözlənilməz bir hadisə də deyil. Çünki erməni xislətinə bələdik. Qarabağ müharibəsindən əvvəl də bu bəlli idi, Qarabağ müharibəsində isə lap açıq şəkildə özünü büruzə verdi. Məlum məsələdir, erməni separatçıları məğlubiyyətlərini həzm edə bilmir, əllərinə iyrənc bir fürsət düşən kimi qisas almağa çalışırlar. 

Əsirlərlə bu cür qəddar davranış da, erməni separatçılarının hansı xislətə malik olduqlarını göstərən növbəti hadisədir. Dünya azərbaycanlılarının beynəlxalq təşkilatlara, yaşadıqları ölkələrin rəsmi qurumlarına, insan haqları təşkilatlarına müraciət etmələri, bəyanatla çıxış edərək həqiqətləri diqqətə çatdırmaları müsbət haldır. Həmin bəyanatlarda tamamilə doğru olaraq vurğulanır ki, müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırması və hüquqi qiymət verməsi vacibdir. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirməsi tələb olunmalıdır. 

Soydaşlarımız yerli ictimaiyyəti və beynəlxalq təşkilatları həmin zorakılıq faktının araşdırılmasına, lazımi hüquqi qiymət verilməsinə çağırır və Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. Əminik ki, hərbçilərimiz azad ediləcək, amma ermənilərin alçaq xislətini üzə çıxaran bu hadisə də tarixdə qalacaq.