Heydər Əliyevin təhsil strategiyası və reallıqlar

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği:



İramin İsayev, 
Professor,
ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri

  Çağdaş dünyada, sosial-iqtisadi, mədəni-maarif sistemlərinin bütün spektrlərini əhatə edən genişmiqyaslı qloballaşma və modernizasiya prosesinə uyğun, müxtəlif dövlətlər arasında yeni inteqrativ münasibətlərin reallaşdırılması intensiv surətdə davam etdirilir. Davam edən dünyamiqyaslı bu prosesin mühüm istiqamətləri kimi elm, təhsil və mədəniyyətin inkişafı naminə həyata keçirilən islahatlar Azərbaycan sosial mühitinin də vacib tələbi kimi özünü göstərir. Azərbaycan sosial mühitinin mühüm tərkib hissələrindən biri olan təhsil sistemində baş verən islahatlar, onun ümumdünya praktikasına inteqrasiyası dünya miqyasında təzahür edən qloballaşma tendensiyasına uyğun olmaqla müasir təhsilin prioritet istiqamətlərindən doğan fasiləsiz modernləşdirmə aspektlərinin zəruriliyini özündə ehtiva edir. Çünki qloballaşma müasir cəmiyyətin inkişaf dinamikasına stimul verən çoxkomponentli, çoxparametrli və mürəkkəb olan təhsil prosesinin səmərəli qurulması, hər bir dövlətin intellektual potensialını müəyyənləşdirməklə, onun dayanıqlığını təmin edən, inkişafı şərtləndirən vacib amillərdəndir. Elə bu səbəbdəndir ki, “Təhsil millətin gələcəyidir...” - deyən Ulu Öndər Heydər Əliyev özünəməxsus uzaqgörənliklə çağdaş təhsilin qarşısında duran ümdə vəzifələri; ümumi dəyərlər sistemində milli-bəşəri dəyərlərə sahib olaraq demokratik təsisatların mənimsədilməsi və inkişafında iştirak etmək bacarığına malik,  müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq strategiyasının həyata keçirilməsi konsepsiyasını müəyyənləşdirib. Məhz Heydər Əliyevin təhsil strategiyasının düzgün dərkinin nəticəsidir ki, son illər Azərbaycan təhsilinin dünya təhsil məkanına birbaşa qoşulması prosesi müvəffəqiyyətlə  davam etdirilir və cəmiyyətin inkişafına xidmət göstərən konseptual istiqamətlər müəyyən edilərək uğurlu nəticələr qazanılır. Bu istiqamətlərə müvafiq ölkəmizdə bütün elm və təhsil sahələri üzrə inkişaf strategiyası hazırlanaraq, gənc nəslin elmlərə sahib olması və ölkənin intellektual səviyyəsinin yüksəldilməsi məramına Heydər Əliyev konsepsiyasına rəğmən xüsusi önəm verilməsi təsadüfi deyil. Elmi-texniki nailiyyətlərin təkcə iqtisadi istehsal sahələrinə deyil, təhsildə, təlim-tədris prosesində geniş yer tutması, cəmiyyətdə yüksək  intellektuallığın bərqərar olması, milli və ümumbəşəri dəyərlərin vətəndaş hazırlığında rolunun dəyərləndirilməsi, təhsil işinin məzmunun, təlim-tərbiyə prinsipləri, metod və vasitələrinin təkmilləşdirilməsi yüksək intellekt və təfəkkür sahibi Ulu Öndər Heydər Əliyevin uğurlu təhsil siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Keçən əsrin 70-ci illərindən ölkədə başlayan ictimai-siyasi dəyişikliklər milli mənlik şüurunun formalaşması, milli təhsilin inkişafı, sosial-ictimai mühitdə özünü göstərən deformasiyaların aradan qaldırılması, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə özünü reallaşdırmağa başladı. Milli, müstəqil dövlətçilik naminə daima çırpınan ürək sahibi  Heydər Əliyev  milli şüur, əqidə, mənəviyyat kimi müqəddəs hisslərin insanlarda formalaşmasının  təhsil siyasətinin düzgün qurulmasında görürdü. Təhsili dövlətçiliyin müqəddəm şərti hesab edən dahi şəxsiyyət bütöv həyatı və fəaliyyəti ərzində həmin amala sadiq olub. İnsanlarda intellektual səviyyənin yüksəlməsini daima diqqət mərkəzində saxlayıb,  bu işdə xalqımıza məxsus tarixən formalaşdırılan, milli təhsil ənənələrinə istinad olunmasını da vacib şərt sayıb. 
  Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqda da milli müstəqillik qazanmış ölkəmizdə yeni quruculuq işlərinə rəğmən cəmiyyətdə özünü göstərən neqativ hallara, mənəviyyətsizliyə qarşı daima mübarizə aparır, insanları milli-mənəvi dəyərlərimizə ehtiramla yanaşmağa çağıraraq, prinsipiallığı, mənəvi dəyərlərə sadiqliyi, milli şüuru, əqidəsi, ləyaqəti, şəxsi xarakter bütövlüyü, vətənpərvərliyi, həyata nikbin baxışı ilə, vəzifəli şəxslərə, bütövlükdə xalqına nümunə göstərirdi. 
  Heydər Əliyevin mənəvi keyfiyyətlərinin  məntiqinin həyatiliyini biz Azərbaycanda təhsil ənənələrinə ehtiramında, onu təhlil edərək müsbət cəhətləri üzə çıxarıb, bugünkü təhsil siyasətində tətbiq etmək bacarığında aydın görürük. Heydər Əliyev hələ XIX əsrdən başlayaraq XX əsrin əvvəllərində Azərbaycanda milli təhsil uğrunda mübarizənin mahiyyətini, inkişaf tendensiyalarını aydınlaşdıraraq 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin indiki təhsil sisteminin inkişafında rolunu yüksək qiymətləndirir. “Xalq Cümhuriyyətinin böyük xidməti ondan ibarətdir ki, Azərbaycanda ilk ali təhsil müəssisəsi yaradıbdır. Ancaq bu ali təhsil müəssisəsinin yaranması ondan əvvəl Azərbaycanda gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi olub. Azərbaycanda indi mövcud olan təhsil sistemi 1920-ci ildən sonrakı dövrdə yaranıb”. Diqqəti cəlb edən cəhətlərindən biri, göründüyü kimi, Heydər Əliyev haqlı olaraq keçmiş sovet təhsil sistemini kənara atılmalı, yararsız, lazımsız, nəzəriyyələr, prinsiplər sistemi kimi qəbul etməyib, onu bugünkü təhsilimizin mühüm tərkib hissəsi hesab edib və  yüksək qiymətləndirib. “Mən açıq demək istəyirəm, bu təhsil sistemi (sovet – I.I.) çox yaxşı bir sistemdir. ...Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz onda Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərdə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.” Lakin 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkənin ictimai-sosial, iqtisadi həyatında zamanın tələbinə uyğun yenidənqurma işlərinin aparılması pərdəsi altında hakimiyyətdə təmsil olunanların səriştəsizliyi üzündən tarixən xalqımız tərəfindən formalaşdırılımış mənəvi dəyərləri kənara ataraq bütün sahələrdə olduğu kimi təhsil sistemində də üzdəniraq “yenidənqurma” işlərinə başlandı. Ulu Öndər belə yanaşmaları rədd edərək, bu kimi zərərli tendensiyalarla razılaşmağın mümkünsüzlüyünü bildirdi. Bu mənada 1992-ci ildə qəbul edilmiş "Təhsil haqqında" qanunu tənqidi düşüncələrini belə ifadə etdi: “...Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, on illərlə yaranmış şeyi bir gündə vurub dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir şey yaradasan... Təəssüflər olsun ki, Azərbaycanda bu mühüm sahəyə 1992-ci ildə qəbul olunmuş təhsil qanunu ilə böyük zərbə vurulub. Təəssüf edirəm ki, təhsil sahəsində çalışan məsul şəxslər və təhsil işçiləri Azərbaycanın təhsil sisteminə vurulan bu zərbəni indiyədək təhlil etməyiblər, araşdırmayıblar və buna lazımi qiymət verməyiblər”. Elə bu səbəbdən də Heydər Əliyev qətiyyətlə təhsil islahatlarını günün tələbləri səviyyəsində müvəffəqiyyətlə aparmaq üçün yeni təhsil qanununun qəbul edilməsi vacibliyini irəli sürür. Qəbul olunacaq təhsil qanununun elmi-pedaqoji əsasları ilə əlaqədar strateji düşüncələrini konseptual formada  ümumiləşdirməsi əlçatmaz siyasi xadim Heydər Əliyevin yüksək pedaqoji təfəkkürə malik şəxsiyyət olduğunu sübut edir: “Təhsil sahəsində qəbul edəcəyimiz qanunda və islahat proqramında da məsələyə çox dəqiq, həssas münasibət göstərməliyik. Mənim fikrimcə, bu ondan ibarət olmalıdır ki, Azərbaycanda təhsil sistemində indiyə qədər əldə edilmiş müsbət təcrübə və özünü doğrultmuş, müsbət nəticələr vermiş sistem saxlanılmalı, inkişaf etdirilməli və müasirləşdirilməlidir. Nöqsanlar, yaxud mənfi təcrübə aradan götürülməlidir. Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemində tətbiq edilməlidir”. Məhz Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyası; milli ənənələrə, ümumbəşəri dəyərlərə istinadən dünya təhsil standartlarına cavab verən, həm məzmun, həm də formaca daha mükəmməl təhsil sisteminin yaradılması strategiyası öz əksini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il 15 iyun tarixdə imzaladığı “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda öz əksini tapıb.
Heydər Əliyev təfəkkürü və düşüncəsinin nəticəsi kimi gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi kimi konseptual problemlərin həlli və  reallaşdırılması kontekstində elm və təhsili diqqət mərkəzinə çəkməsi təsadüfi deyil. Bu məram Heydər Əliyevin dövlətiçiliyimizin inkişaf edib möhkəmləndirilməsi, dünya dövlətləri içində özünəməxsus yer və mövqe qazanması üçün vacib şərt hesab etməsi ilə bağlıdır. Çünki ölkədə yeni təfəkkürlü insan, vətəndaş və mütəxəssis formalaşdırılmasının məqsədyönlü həyata keçirilməsi təhsil quruculuğunun müasir dövrün təhsil strategiyasına uyğun aparılmasından çox asılıdır. Ölkəmizin çoxəsrlik tarixini, çoxşaxəli iqtisadiyyatının inkişaf problemlərini Azərbaycan xalqının maddi və mənəvi həyatının, onun dilinin, ədəbiyyatının və ictimai fikir tarixinin mühüm aspektlərinin dərindən bilicisi olan Heydər Əliyev ölkənin sosial-siyasi, iqtisadi vəziyyətinin yüksəldilməsində əsas kriteriya kimi təhsilin aktuallığını filosoflara məxsus müdrikliklə söyləyir. Çünki cəmiyyətin inkişafının bütün sahələrində yeniliklərin aşkarlanıb mənimsənilməsi, ölkədə elm və təhsilin səviyyəsi ilə bağlıdır. Həm də yüksək elmi təfəkkürə malik insanlar demokratik dövlət quruculuğunun mahiyyətini daha aydın dərk etmək imkanına malik olurlar. Elə bu səbəbdən də təhsildə yüksək göstəricilərə nail olmaq üçün elm və təhsil sistemində innovasiya və  texnologiyalardan səmərəli istifadə etməyi tövsiyə edən yüksək əqidə və idrak sahibi Heydər Əliyev yazırdı: “İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlat çox aqıllı, düşünülmüş şəkildə həyata keçirilməlidir..., dəb naminə yox, yalnız və yalnız əldə etdiyimiz səviyyədən daha yuxarı qalxmaq üçün təhsilin səmərəliliyini, elmin səmərəliliyini artırmaq üçün aparılmalıdır.” Buna görə də təhsil bütün ictimayyətin və xüsusən də  ziyalıların, pedaqoji peşə sahiblərinin fəaliyyətinin prioriteti, dövlətçiliyimizin müdafiəsi üçün də əsas sayır; “Biz bütün qüvvəmizi toplasaq,  ziyalılardan, din xadimlərindən istifadə etsək, onlar bu işi mütəşəkkil apara bilsələr, hərbi hissələrdə lazımi iş görərək, tərbiyə, əxlaq, mənəviyyət məsələlərini döyüşçülərə aşılaya bilsələr, onların mənəviyyatını, iradəsini möhkəmləndirə bilsələr, bu bizim həm siyasi, həm də ideoloji işimiz olacaqdır. Lakin bu iş nəzəri şəkildə deyil, mütəşəkkil aparılmalıdır”- deyə bu işdə özü kimi inamlı, cəsarətli, ləyaqətli və dözümlü olmağı tövsiyə edir: “Ancaq eyni zamanda belə düşünürəm ki, xalqımız dözümlü olduğu kimi ziyalılarımız da, alimlərimiz də ən dözümlülərdəndir, ən mətanətlilərdəndir. Mən bütün bu çətinlikləri bilərək ziyalılarımıza, müəllimlərimizə müraciət edirəm. Gənclərimizin təlim-tərbiyəsi işinə, təhsil-tədris işinə diqqətinizi azaltmayın... Mən əminəm ki, müəllimlərimizin, ziyalılarımızın, alimlərimizin əksəriyyəti belə düşünür, belə yaşayır və bütün bu çətinliklərə baxmayaraq, öz vəzifələrini şərəflə yerinə yetirir və bundan sonra da yetirəcəklər” – tövsiyələri ilə xalqına öz inamını ifadə edən Ulu Öndər bu strateji konsepsiyanın həyata keçirilməsini təhsil müəssisələrinin qarşısında qoyulan təxirəsalınmaz vəzifə hesab edir: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
  Göründüyü kimi, Heydər Əliyev fenomeninin apardığı məqsədyönlü təhsil siyasətinin mühüm tərkib hissələrindən biri də müstəqil dövlətçiliyimizi möhkəmləndirəcək, inkişaf etdirəcək, qoruyub saxlaya biləcək yeni insan tərbiyəsidir. Heydər Əliyev yazır: “Heç kəs yerində donub dura bilməz. Kim ki, donur, o artıq cəmiyyət üçün o qədər də lazım deyildir. Hər kəs inkişafda olmalıdır. Hesab edirəm, elə nəsil yetişdirməliyik ki, təkcə bizim vaxtımızda yox, bizdən sonra da onlar Azərbaycanın xətalara düşməsinə imkan verməsinlər. Onlar doğru yolla, milli hissiyyatlar yolu ilə getməlidirlər”. Dövlətin milli-ideoloji konsepsiyasını işləyib hazırlayan Ulu Öndər milli təfəkkür tərzinə malik yeni insanın formalaşmasında milli tərbiyəyə daha çox üstünlük verir. Çünki Heydər Əliyev mənəviyyatı xalqın, millətin varlığı hesab edir. Bunun məzmununa vətənpərvərliyi, milli mənlik şüurunu, ləyaqəti və xalqın dilinə, dininə, adət-ənənələrinə, ədəbiyyatına, tarixinə ehtiram və s. keyfiyyətləri daxil edir. 
  Məhz bu kimi keyfiyyətlərin gənc nəslə aşılanması Heydər Əliyevin milli tərbiyə konsepsiyasının əsasını təşkil edir. Və bunun üçün xalqımız tərəfindən yaradılmış, nəsildən-nəslə ötürərək,  qorunub saxlanılan milli-mənəvi dəyərləri əsas vasitə hesab edir. Çünki bir xalqın milli özünüdərki üçün onun mənəvi dəyərləri böyük dəyişdirici qüvvəyə malikdir. Elə bu səbəbdən idi ki, milli-mənəvi dəyərləri özündə təcəssüm etdirərək, milli dövlətçiliyimizin möhkəm təməlini qoyub, onu yüksək zirvəyə qaldıran, özü də xalqımızın mənəvi dəyərlərinə çevrilmiş Heydər Əliyev 13 avqust 2001-ci il tarixində milli-mənəvi dəyərlərin qorunması ilə bağlı bəyanatda deyir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli dəyərləri var. Biz öz milli-mənəvi və dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir... Biz öz mənəvi dəyərlərimizi bütün istiqamətlərdə qorumuşuq, saxlamışıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu milli, mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Bununla milli şüuru, zəngin mənəviyyatı ilə ümumbəşərliyi özündə ehtiva edərək dünya miqyasında millətini ləyaqətlə təmsil edib onu tanıtmış Heydər Əliyev mənəvi dəyərlərimizə ehtiramını bildirməklə vətən balalarının tərbiyəsinin bu metodologiya əsasında qurulmasını pedaqoji ictimaiyyət qarşısında təxirəsalınmaz bir vəzifə kimi qoyur. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən Böyük Öndərimiz millətinə məxsusluğunu onun zəngin mənəvi dəyərlərini özündə əks etdirən müdrik bir filosof kimi xalqına tükənməz ehtiramını iftixar hissi ilə söyləyərkən, millətinin mənəvi dəyərlərinin digər millətdən fərqini, özünəməxsusluğunu diqqətə çatdırır. Həm də Ulu Öndər inkişafımızın müasir mərhələsində Avroatlantik məkana qovuşma prosesində, Avropadan dəyərlənməyi, Avropa ailəsinin üzvü kimi qarşıda duran vəzifələrdən danışarkən, ölkəmizin hər bir üzvünün, uşaqdan böyüyə qədər, milli mənsubiyyətini, şüurunu, mənliyini, ailəyə, torpağa bağlılığını vicdan, borc və ləyaqətini itirməmək şərti ilə inteqrasiyanın vacibliyini irəli sürür: “Mən ölkəni dünyəvi, amma öz mili köklərinə bağlı olan bir dövlət kimi görmək istəyirəm. Hər bir ölkənin öz xüsusiyyətləri var. Mən öz köklərimizlə fəxr edirəm”. 
  Bütün ömrünü vətəni və millətinin tərəqqisinə həsr etmiş Heydər Əliyev özünün saf  mənəviyyat dəryasının nemətlərini, xalqının rifahını, mənəvi və fiziki sağlamlığını təmin etmək üçün əsirgəməyib.
Xalqımızın böyük oğlu Heydər Əliyevin milli-mənəvi dəyərlər ruhunda tərbiyə konsepsiyasında aparıcı keyfiyyətlərindən biri vətənpərvərlikdir. “Hər bir insan ilk növbədə anasını, vətənini, torpağını, millətini sevməli, bu hisslərlə yaşamalıdır”. Ana dilinə məhəbbət hissinin aşılanmasını isə bunun mühüm komponenti hesab edən Heydər Əliyev xalqın inkişaf edib formalaşmasında, varlığını sübut edib, digər millətlər içərisində özünə mövqe qazanmasında dilin rolunu qiymətləndirməklə, ona böyük siyasi əhəmiyyət verir. Həm də dili mənəvi dəyərlərimizin yeganə daşıyıcısı hesab edir. Çünki hər bir xalqın  mənəvi dəyərlərini  yaşadan, onu nəsildən nəslə ötürən dildir. Dil müstəqil Azərbaycanın milli sərvətidir. Onu qoruyub inkişaf etdirmək  hər bir adi vətəndaşın, siyasətçinin, alimin, müəllimin vətənə, millətə olan məhəbbətini-vətənpərvərliyini ifadə edir. Məhz Dahi Öndərin özü bu müqəddəs hissin daşıyıcısı və nümunəsidir. Onun zəngin təfəkküründən süzülüb gələn aşağıdakı düşüncələri bunu sübut edir: “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir”. Hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq dilinə münasibəti də dəyişməz qalmalı, ona daima ehtiramla yanaşmalıdır: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daima doğma Azərbaycanla bir vurmalıdır”. Müəyyən coğrafi məkan və zaman daxilində Heydər Əliyev Azərbaycan xalqının yaratdığı dili müxtəlif nöqteyi-nəzərlərə qarşı təkzibolunmaz  məntiqi düşüncə tərzi ilə müqavimət göstərərək tarixən formalaşmış millətinin dilini də onun öz adı ilə adlandırılmasında əsl əməli vətən¬pərvərlik nümunəsi göstərib. Mərhum Prezidentimiz Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” barədə tarixi fərmanı da məhz “qəlbi daima Azərbaycanla bir vuran” şəxsiyyət olduğunu bir daha sübut edir.
  İslami dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi hesab edən Heydər Əliyevin Azərbaycanda milli-dünyəvi dövlət quruculuğunun banisi olmaqla, islamın əxlaqi-fəlsəfi mahiyyətini dərindən dərk edərək yeni insan tərbiyəsində bu pak mənəviyyat çeşməsindən bəhrələnməyi tövsiyə etməsi təsadüfi deyil. Bu, bir tərəfdən onun dini dəyərlərə olan ehtiramını ifadə edir, digər tərəfdən böyük dəyişdirici, tərbiyəedici imkanlarla zənginliyini söyləyir və deyir ki, “Qurani-Şərif”in bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, səadətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Heydər Əliyevə görə, “İslam dini əsrlər böyu bizim mənəviyyatımızın əsasını təşkil edib, müsəlmanların dünyada layiqli yer tutmasını təmin edib... "Qurani-Kərim"in bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”. 
Milli-mənəvi dəyərlər ruhunda tərbiyəyə üstünlük verərək gəncliyimizin gələcəyinə nikbin baxış nümayiş etdirən Heydər Əliyev onlarla fəxr etdiyini söyləyir: “Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var, fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınınzı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz ,böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz”. Belə möhtəşəm “böyük binanı quran” və bu istəyə sadiq olan vətən balalarının tərbiyəsində mənəvi dəyərlərə istinadı vacib sayaraq: “Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər” – deyərək öz ülvi hisslərini bildirən Heydər Əliyev onlara aşılanacaq mənəvi keyfiyyətlərdən geniş bəhs edir. Çünki ölkənin, millətin gələcəyi apardığımız tərbiyə işindən asılıdır. “Uşaqlar bizim gələcəyimizdir. Gənclərimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. “Milli birlik”, “Mənəvi həmrəylik”, “Vətəndaşlıq həmrəyliyi”, “Milli mənlik şüuru” kimi keyfiyyətlərin vətən balalarına aşılanmasının vacibliyi daima Heydər Əliyev istəyi və idealı olmuşdur. Daha doğrusu “Müstəqilliyimizi daimi etmək, ərazilərimizi bütün təcavüzlərdən - bugünkü və gələcək təcavüzlərdən qorumaq, cəmiyyətimizə, xalqımıza, ölkəmizə milli birlik, mənəvi həmrəylik, vətəndaş həmrəyliyi lazımdır”. 
“Ədaləti”, “nəfsi”, əxlaqi saflığın, mənəvi təmizliyin aparıcı göstəricisi hesab edən millət tərbiyəçisi: “Kiməsə qarşı ədalətsizlik edilirsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır” – deyir. Ədalətli hökmdar kimi ölkədə ədalətin bərqərar olmasını dövlətçiliyimizin möhkəm təməl üzərində qurulmasının stimulu hesab edir. Azərbaycan xalqına məxsus qəhrəmanlığı, cəsurluğu, dəyanətliliyi mənəvi dəyər kimi vətən balalarında tərbiyə etməyin vacibliyini göstərən Heydər Əliyev xalqın tarixi, ənənələrinə sadiqliyi, özünün başqa xalqlar içərisində tanınması üçün əsas amil sayır. Çünki hər bir xalqın dövlətçiliyinin möhkəmliyi onun qəhrəman, döyüşkən, yenilməz, dəyanətli, saf iradəli, əxlaqlı vətəndaşları ilə tanınır. “Azərbaycan xalqı dünyaya nümayiş etdirdi ki, o yenilməzdir, qəhrəmandır, ona nə qədər güclü təcavüz, təzyiq olsa da, onun iradəsini sındırmaq mümkün deyil”.
  Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasından irəli gələn vəzifələrin mahiyyətinə müxtəlif istiqamətlərdə təxirəsalınmadan həyata keçirilməsi onun layiqli və ləyaqətli davamçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının  inkişaf tempinə uyğun hər bir şəxsə hərtərəfli bilik və bacarıq verən təhsil sisteminin elmi əsasları, infrastrukturu, daha da təkmilləşdirilib, yeniləşdirilir. Bu da təhsilin yüksək səviyyədə qurulması üçün əsas verir. Elə bu səbəbdəndir ki, ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü, davamlı dövlət siyasətinin nəticəsi olaraq təhsil sahəsində də islahatlar davam etdirilərək vahid konsepsiya əsasında konkret dövlət proqramı hazırlandı. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)” təsdiq edildi. Təhsilin normativ hüquqi bazası möhkəmləndirildi, infrastrukturun yeni tələblərə uyğun qurulması sahəsində əməli işlər görüldü və bu, ardıcıl olaraq davam etdirilir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolunu əsas götürməklə, insanlara yeni texnologiyaları çevik mənimsətmək, əmək bazarında layiqli yer tutmaq, ömür boyu təhsil prosesinə qoşulmaq, insanlarda yeni tələblərə uyğun bilik, bacarıq və vərdişlər formalaşdırmaq məqsədinin reallaşdırılması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edildi. Bu dövlət sənədində beş istiqaməti; şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılmasını, innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən nüfuzlu təhsil verənlərin formalaşdırılmasını, təhsildə yeni idarəetmə sisteminin formalaşdırılmasını, müasir tələblərə cavab verən infrastrukturun, yeni maliyələşdirmə mexanizminin yaradılması kimi qlobal problemləri özündə birləşdirir. 
  Heydər Əliyevin təhsil siyasətinin həyata keçirilməsinin reallaşdırılmasına yönələn bu strategiyada, görüləcək işlərlə əlaqədar gələcək hədəflər də müəyyənləşdirilir. Bütün bunlar  Heydər Əliyev siyasətinin təhsildə uğurlu davamı kimi qiymətləndirilməlidir.