Media sahəsində səliqə-səhman yaranacaq

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər sui-istifadə hallarına yol verilməsinin qarşısını alacaq

“KİV və cəmiyyət münasibətlərində məsuliyyət yükü artacaq”

  Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
  Dəyişikliyə əsasən, media azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə cərimələr müəyyənləşib. Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcəklər.
  Eyni zamanda jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcəklər. Qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə də üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

  Sözügedən dəyişikliyi “Şərq”ə şərh edən  Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, media fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin Prezident İlham Əliyev tərəfindən təsdiqlənməsi mühüm əhəmiyyət kəsb edir: “Bu dəyişikliklər media fəaliyyətinin tənzimlənməsi, jurnalistlərin işinin asanlaşdırılması və hüquqi çərçivələrinin  cızılması ilə bağlı son 4  ildə  aparılan islahatların məntiqi ardıcıllığıdır. Bu dəyişikliklər bir növ jurnalistlərin hüquqi səlahiyyətlərinin tanınması deməkdir.  Əslində biz jurnalistlərin Peşə Kodeksinə və media haqqında qanunvericiliyə baxsaq, orada təkzib və düzəlişlərin verilməsi, təqsirsizlik prezumpsiyasının qorunması, jurnalist fəaliyyətinə mane olmaq hallarının aradan qaldırılması və s. kimi hallarla bağlı müddəaların əks olunduğunu görə bilərik.  Sadəcə, hüquqi məsuliyyətdə qeyri-müəyyənlik vardı. Sözügedən qaydaları pozan şəxsləri konkret hansı cəzalar gözlədiyi bəlli deyildi.  Ona görə də biz bu və ya digər hallar üzrə qayda pozuntularının tez-tez şahidi oluruq. Bunun başlıca səbəblərindən biri həmin hallar və qayda pozuntuları üzrə konkret cərimə mexanizmlərinin və sanksiyaların olmamasıdır. Sanksiyaların, cərimələrin, cəzalandırma mexanizminin olmaması, yaxud da simvolik xarakter daşıması sadaladığımız halları intensivləşdirir. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinə edilən  dəyişiklikləri dəstəkləyirik. Hesab edirik ki, bu dəyişikliklər və əlavələr kütləvi informasiya vasitələrində qeyd edilən hallar üzrə xətaların, eyni zamanda jurnalistlərin peşə fəaliyyətinə mane olma hallarının aradan qaldırılması üçün yardım göstərmiş olacaq. Bu sahədə səliqə-səhman yaradacaq, sui-istifadə hallarına yol verilməsinin qarşısını alacaq, KİV və cəmiyyət münasibətlərində məsuliyyət yükünü artıracaq”.