Məqsəd aydındır

Övladlığaverilmə, himayədar ailə, qəyyumluq qaydalarının yenilənməsi ailə institutunun möhkəmlənməsinə xidmət edəcək

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

  Azərbaycan dövlətinin sosialyönümlü siyasətə üstünlük verməsi ölkə başçısının imzaladığı fərman və sərəncamlarda əksini tapır. Təsadüfi deyil ki, dövlət büdcəsindən ayırmalarda məhz sosialyönümlü layihələr əsas yer tutur, uşaqların sağlamlığının təminatı, tədris, təlim-tərbiyə məsələlərinin inkişafını nəzərdə tutan layihələrin icrası başlıca məqsəd daşıyır.  Bu mənada himayədar ailə modelinin daha da təkmilləşməsi, uşaqların ailələrdə böyüməsinin təşviqi üçün atılan addımları da xüsusi vurğulamalıyıq. Bu günlərdə “Sosial müavinətlər haqqında” qanuna təklif edilən düzəlişlər də dövlətimizin uşaq və gənclərin fiziki sağlamlığına necə böyük önəm verdiyini göstərir. 

Qeyd edək ki, təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunub. Dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək. Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləği dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək. Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir. Dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır. 
  Xatırladaq ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin miqdarı da hər il artırılır.  2020-ci ildən etibarən bu məbləğ təqaüd məbləği də əlavə olunmaqla artırılaraq 280 manata çatdırılıb. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə də ödənilən Prezidentin aylıq təqaüdünün artırılması nəzərdə tutulur. Ümumilikdə  son üç ildə aparılan sosial islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Qeyd edək ki, İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması məsələsi müzakirə olunub. Bununla bağlı Prezident İlham Əliyev hökumətə tapşırıqlar verib. Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yendən baxılmasına zəmin yaradıb.  2023-cü ildə dövlət büdcəsindən əməkhaqqı və pensiya ödənişləri daxil olmaqla 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bununla bağlı millət vəkili Vüqar Bayramov açıqlama verərək bildirib ki, bu, ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir. Büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir. Şübhə yoxdur ki, milli prioritetlər nəzərə alınacaq, sosial təminatın gücləndirilməsi əsas istiqamətlər olacaq. 
  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında bildirib ki, uşağın ailə ortamında böyüməsi onun hərtərəfli inkişafını təmin edəcək əsas amildir: 
- Övladlığaverilmə, himayədar ailə, qəyyumluq qaydalarının yenilənməsi, daha da təkmilləşdirilməsi ailə institutunun möhkəmlənməsinə xidmət edir. Məqsəd də aydındır. Uşaqların ailə ortamında böyüməsini, inkişafını təmin etmək. Fikir verirsinizsə, qanunlara təklif edilən dəyişikliklər bu məsələdə şəxslərin üzərinə böyük məsuliyyət qoymaqla yanaşı, onların himayədar və ya qəyyum olmalarını da asanlaşdırır. Bu baxımdan ki, vətəndaş dövlətin dəstəyini hiss edir. Görür ki, tək deyil və dövlət ona hərtərəfli dəstək verməyə hazırdır. Hamımız bilirik ki, dövlət müəssisələri var və uşaqlar orada da maddi cəhətdən təmin olunmuş halda yaşayırlar. Məsələ təkcə maddiyyatda deyil. Hər bir uşağın ailəyə, ana, ata məhəbbətinə, doğmalarının qayğısına ehtiyacı var. Təkcə uşaqların deyil, elə hamının.  Dövlət uşaq müəssisələrində böyüyənlər arasından istedadlı, savadlı, Vətənə layiqli övladlar, gənclər çıxır. Amma dövlətin ali məqsədi mümkün olduğu qədər hər bir uşağın ailəyə sahib olmasıdır. Çünki uşaqlar məhz ailə ortamında  hərtərəfli inkişaf etmək imkanıına malikdir. Biz istisnaları kənara qoyaq. Bəli, elə ailələr var, uşağa heç nə vermir. Uşağın nə maddi təminatı olur, nə də mənəvi. Cəmiyyətə baxsaq, hər cür ailə nümunəsi ilə qarşılaşa bilərik. Lakin biz istisnaları deyil, ümumi vəziyyəti əsas götürməliyik. Ümumilkdə isə sosioloqlar, psixoloqlar, pedaqoqlar uşaqların məhz ailə daxilində normal inkişafının mümkün olduğu fikrindədir. Və bu, doğru qərardır. Ona görə də dövlət himayədar ailə, qəyyumluq məsələləirndə vətəndaşların təşviq edilməsi prinsipini prioritet hesab edir. Və bu məqsədlə də müəyyən addımlar atılır. Himayədar ailələrə ödəniləcək müavinətlərin miqdarının artırılması da bu addımlardan biridir.
  M.Zeynalova qeyd etdi ki, müavinətlərin xərclənməsində şəffaflıq təmin olunmalı, aidiyyəti üzrə xərclənməsinə ciddi nəzarət mexanizmi tətbiq edilməlidir. Bu məsələylə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olmalı, nazirlik tərəfindən xüsusi şöbəyə, yaxud hər rayon üzrə icra hakimiyyətləri nəzdindəki şöbələrə bu iş tapşırılmalıdır. Ayrılan vəsaitin həqiqətənmi himayəyə götürülmüş uşağa xərcləndiyi yoxlanmalıdır. Ərazi tibbi bölmələri bu işə cəlb edilməli, sahə həkimləri himayədar ailəyə verilmiş uşağın səhhəti ilə mütəmadi maraqlanmalı, vaxtlı-vaxtında onlar tibbi müayinələrə cəlb edilməlidir. Eləcə də təhsil müəssisələri, əgər uşağın müəyyən əlilliyi varsa, ola bilsin ki, o, evdə təhsilə cəlb edilməli, yaxud da xüsusi tədris ocaqlarında təhsil alması təmin edilməlidir. Ümumiyyətlə, uşağın himayədar ailədə yaşamı necədir, onunla necə rəftar edilir, ailədəki başqa uşaqlarla münasibətlər necə qurulub, ayrı-seçkilik edilmir ki və sair bu kimi məsələlər ciddi nəzarət altında saxlanmalıdır. Himayədar ailənin maddi yükünü dövlət daha çox öz üzərinə götürməklə daha çox uşağın ailədə böyüməsini və beləliklə də uşaqların hərtərəfli inkişafını təmin etmiş olar. 
  Sosioloq Elçin Bayramlı isə bu fikirdədir ki, ödəniləcək müavinətin miqdarı minimum istehlak səbətindən aşağı olmamalıdır:  
- Hesab edirəm ki, müavinətlərin miqdarı yaşayış minimumundan aşağı olmamalı, hətta yüksək olmalıdır. Ölkədə yaşayış minimumu 246 manat təyin edilib. Hərçənd, bu, istehlak səbətini təşkil edən məhsulların hazırda müşahidə olunan qiymətləriylə tərs-mütənasibdir. Bütün hallarda himayədar ailələrə ayrılacaq müavinətlərin miqdarı, heç olmasa, bu civarda təyin edilməlidir. Himayədar ailələrin də tipi müəyyənləşməlidir. Bilinməlidir, himayəyə götürmə məcburidir, yoxsa könüllü. Məcburi deyiləndə belə anlaşılmasın ki, kimisə buna məcbur edirlər, uşaq himayəyə götürsün. Bəzən elə hallar olur ki, valideynlərini itirmiş uşaq yaxın qohumlar tərəfindən himayəyə alınır. Baba, nənə, digər yaxın qohumlar uşağa sahib çıxırlar, başqa ailəyə verilməsinə razı olmurlar. Bunu vəziyyət tələb edir. Bir də var, könüllü şəkildə kimlərsə uşaq övladlığa götürmək üçün müraciət edir. Hər iki halda ailələrin maddi durumu dəqiqləşməli və müavinətlər buna görə təyin edilməlidir. Hətta ola bilər, himayədar ailənin uşağı himayəyə götürdüyü zaman maddi vəziyyəti yaxşı olsun, lakin sonra pisləşsin. Dövlət orqanları belə fərqlilikləri də nəzərə almalı və mövcud vəziyyətə uyğun davranmalıdırlar. Himayədar ailəyə ayrılacaq müavinət uşağın ehtiyaclarını normal şəkildə qarşılamağa yetərli olmalıdır.