Daha bir tarixi qələbə

Laçın-Xankəndi yolunda keçirilən dinc aksiya hədəfinə çatıb

"Azərbaycanın Laçın-Xankəndi yolu üzərində post qoyması həm də ölkəmizin və regionun təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir"

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması


  Ötən il dekabrın 12-dən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya  başa çatıb. Aksiya iştirakçılarının bu addımına səbəb isə aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yaranması olub.
  Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin məntiqi  nəticəsi idi. Sözsüz ki, Azərbaycan dövlətinin öz ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir. Ermənistan ötən 3 il  müddət ərzində öz məkrli əməllərindən əl çəkmədi, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadı və nəticədə dövlətimiz  Sərhəd Xidmətimiz (DSX) Laçın-Xankəndi yolunu nəzarətə götürdü. Əlbəttə ki, bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyətdir. 
  Ekspertlərin fikrincə, Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmini istiqamətində atılan mühüm, tarixi addımlardan biridir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın və əmin-amanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır. Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər iradə sərgiləməyə qadir olduğunu göstərdi. Başlıcası, rəsmi Bakı Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla sübut etdi ki, Azərbaycan sadəcə öz təhlükəsizliyni deyil, həm də regional təhlükəsizliyi təkbaşına təmin etməyə qadirdir və bunun üçün kifayət qədər gücü var.
  Xatırlatmaq yerinə düşər ki, 44 günlük müharibənin yekununda - 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan başqa iddialarla çıxış edirdi. İrəvan Laçın dəhlizinin 20 km enində və Ermənistanın nəzarətində olmasını təkidlə istəyirdi. Lakin Ermənistanın bu yersiz tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Dövlət başçısı sərt və barışmaz mövqe ortaya qoyaraq, Laçın dəhlizinin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapmasına nail oldu.
  Millət vəkili Vüqar Bayramovun fikrincə, Dövlət Sərhəd Xidmətinin Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması Azərbaycan tarixinin ən vacib hadisələrindəndir. Bu, regionda dayanıqlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən idi. Onun sözlərinə görə, nəzarət məntəqəsinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə də uyğundur: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşması vacib idi. Laçın rayonunda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub. Nəzarət-keçid məntəqəsi həmçinin Azərbaycan sərvətlərinin qeyri-leqal daşınmasının qarşısını alacaq və Qarabağ iqtisadi rayonunda təbii ehtiyatların talanmasına son qoyacaq. 
Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu həmçinin iqtisadi bütövləşmə mərhələsidir”.
  Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov isə “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması tarixi və strateji əhəmiyyət kəsb edir. Çünki Azərbaycan ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı kontekstində bütün hüquqları öz əlində saxlayır, beynəlxalq hüquqdan irəli gələn vəzifələrini və öhdəliklərini yerinə yetirməkdə müstəqildir: “Azərbaycanın Laçın-Xankəndi yolu üzərində post qoyması həm də ölkəmizin və regionun təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yoldan sərvətlərimizin talanıb daşınması, əraziyə silah-sursatın, minaların, canlı qüvvənin gətirilməsi üçün istifadə edilirdi. Azərbaycanın uğurlu addımları sayəsində artıq bu cür hərəkətlər müşahidə olunmayacaq. Əgər Ermənistan tərəfindən yenidən qanunsuz davranışlara cəhd edilərsə, preventiv tədbirlərlə qarşısı alınacaq. Ölkəmizin bu addımı həm də böyük bir coğrafiyanın təhlükəsizliyi baxımından önəmlidir. Bundan əlavə, Ermənistan mina terrorunu, diversantları bölgəyə gətirməsini, eləcə də təminat yollarının minalanmasını davam etdirirdi. Bütün bu addımlar qəbuledilməz idi. Azərbaycanın gördüyü adekvat tədbirlərlə Laçın yolundan sui-istifadənin qarşısı alınacaq. Bu addım, həmçinin Vətən müharibəsindən sonra Azərbaycanın hərbi-diplomatik sahədə qazandığı ən böyük nailiyyət kimi dəyərləndirilir”.
  Millət vəkili Azər Badamov isə hesab edir ki, Laçın-Xankəndi yolunun Ermənistana birləşən yerində yaradılması Azərbaycanın suveren hüququdur: “Bu həm də  beynəlxalq normaların tələbidir. Həm də yolun başlanğıcında “Siz Azərbaycanın ərazisinə daxil olursunuz. Ölkənin qanunlarına riayət etməyiniz xahiş olunur!” yazısı da qoyulmalıdır. Laçın-Xankəndi yoluna daxil olan hər kəs Azərbaycanın suveren ərazisinə daxil olduğunu hiss etməlidir. Belə olmasa, ermənilərin özbaşınalıqları davam edəcək”.
  Deputatın sözlərinə görə, Laçın –Xankəndi yolunda aksiyalar başlayana qədər Ermənistan separatçılara minalar, silah-sursat və canlı qüvvə daşıyırdı: “Bu da 2021-ci ildə buraxılmış minaların yenidən basdırılaraq terror hadisələrinin davam etməsinə, hərbçilər və vətəndaşlarımızın xəsarət almasına yol açırdı. Həm də 10 noyabr Üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsi ilə paralel olaraq Ermənistan öz hərbçilərini Azərbaycanın ərazilərindən çıxarmalı olduğu halda, əksinə, kontingentin sayını çoxaldaraq 10 mindən çox nəfərə çatdırdılar. Bu da Azərbaycanın ərazisi daxilində yeni hərbi gücün formalaşmasına şərait yaratmış və hər zaman təhlükə mənbəyinə çevirmişdi. Həm də yolda nəzarət olmayanda Ermənistan Qarabağdan yeraltı sərvətləri talayıb aparırdı. Bu müddətdə sülhməramlılara, Ermənistana, Birgə Monitorinq Mərkəzinə dəfələrlə xəbərdarlıqlar olunmuşdu. Amma bütün narahatlıqlarımız cavabsız qalırdı. Təbii ki, Ermənistanın bu özbaşınalıqlarına son qoyulmalı idi”.